Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, proqramın əsas mükafatı filmimizə Kanada, İslandiya, İtaliya, Qırğızıstan və Filippindən olan münsiflər heyətinin qərarı ilə təqdim olunub. Festivala 60 ölkədən 150 ekran əsəri qatılıb.
Qeyd edək ki, “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətinin birgə istehsalıdır.
Filmin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir. Baş rolları aktyorlar Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırır.