Florian Henkel von Donnersmark: “Böyük büdcəli filmlərin istehsalı yalnız Hollivudda mümkündür”
   
   Alman rejissor Florian Henkel von Donnersmark (Henckel von Donnersmarck) dünya kinosunda qəfil parladı. Gənc rejissor ilk tammetrajlı ekran əsəri olan «Özgələrin həyatı» filmi ilə tanındı. Film 2007-ci ildə “Oskar” mükafatına («ən yaxşı xarici film» nominasiyası) layiq görüldü. «Özgələrin həyatı» dramı 1980-ci illərdə Almaniya Demokratik Respublikasında alternativ düşüncəli intellektualların təqib olunmasından bəhs edir. 
   
   Donnersmark bu filmlə qazandığı uğurdan sonra Hollivuda dəvət olundu. Rejissor artıq Ancelina Coli və Conni Deppin iştirakıyla «Turist» adlı ikinci tammetrajlı filmini lentə alıb. Bu yaxınlarda Amerikada «Turist»in premyerası baş tutub. Film turist kimi İtaliyaya gələn kişinin və onun Venesiyada rastlaşdığı qeyri-adi bir qadının hekayətini anladır.
   Bu yaxınlarda Almaniyanın «Frankfurter Allgemeine Zeitung» qəzetində rejissorla müsahibə dərc edilib.
   - İlk dəfə nə vaxt rejissor olmaq arzunuz yarandı?
   - Əslində bu mənim uşaqlıq arzum idi. Amma gəncliyimdə əmin idim ki, yazıçı olacağam.
   -Yazıçı olmağa cəhd göstərdinizmi?
   - Yox. Çoxlu yazılarım olsa da, heç vaxt onları harasa göndərməmişəm. Bir dəfə «Özgələrin həyatı»nın ssenarisini qarşıma qoyub ətraflı düşündüm: əgər film çəkmək üçün maliyyə işləri qaydasında olmasa o zaman sadəcə roman yazacağam.
   - İlk rejissor təcrübəniz necə olub?
   - 22 yaşımda bir məqalə müsabiqəsində qalib gəldim. Mükafatım isə rejissor Riçard Attenborqun filminin çəkilişlərində təcrübə keçmək oldu. “Müharibədə və sevgidə» adlı film Ernest Heminqueyin I Dünya müharibəsində iştirakından bəhs edirdi. İlk dəfə idi ki, çəkiliş meydançasında olurdum. Mən «Fil adam» və «Təhlükəli əlaqələr» filmində işləmiş Stüart Craiginin səhnə tərtibatını, operator Rocer Prattın iş prosesini görəndə heyrətləndim. İndi film çəkəndə heç zaman bundan aşağı standartı qəbul etmirəm.
   - Siz bir rejissor kimi həmişə çəkiliş prosesinin bütün detalları ilə maraqlanırsınız?
   - Mən hər şeyi dəqiq öyrənmək, hər şeyi dəqiq görmək istəyirəm. Hər bir xırda detal məni maraqlandırır. Aktyorlar təbii ki, son dərəcə vacibdir. Amma emosiyalar axı həmçinin başqa şeylər vasitəsilə də göstərilə bilər.
   - Siz ilk tammetrajlı filminizi çəkəndən sonra “Oskar” aldınız. Sonra isə Hollivudda peyda oldunuz. Bu necə baş verdi?
   - Bunun üçün Hollivudun xüsusi agentləri var. Hollivuda dəvət olunan rejissor haqda hər şey ətraflı öyrənilir. Sonra Hollivudun tanınmış aktyorlarından birinin sözügedən rejissor barədə, onunla mümkün əməkdaşlıq haqqında fikrini öyrənirlər. Məsələn, «Özgələrin həyatı»nın premyerasından öncə Bred Pitt bu filmi izləmişdi.
   -Yəni siz hələ “Oskar” almamış bu proses başlayıb?
   - Bəli.
   - Amma buna baxmayaraq, hər şeyi dəyişən yenə də “Oskar” oldu.
   - Bəlkə də. Amma mən də bu fürsəti qaçırmadım. “Oskar” alandan sonra layihə işləmək daha asandır. Bu mükafat məni daha müstəqil edib. “Oskar”dan sonra rejissorun artıq başqa mükafatda gözü olmur. Mən tez-tez heyrətamiz rejissorlar tərəfindən çəkilən və “Oskar”a namizəd olan filmləri izləyirəm. Düşünürəm ki, bu rejissorlar daha yaxşı çəkməyə borcludurlar.
   - Hollivud doğrudan da deyildiyi kimi mövcuddurmu? Avropa və Hollivud rejissorları arasında fərq nədir?
   - Hollivud Los-Ancelesin bir rayonudur. Bura daha çox kinostudiya müəssisələrinin yerləşdiyi mərkəz kimi tanınır, film istehsalı üçün fabrikdir. Orada insanlar gərgin işləyirlər, vaxtında yatırlar ki, səhər altıda iş başında olsunlar. Fərqə gəldikdə isə, Amerikada elə filmlər istehsal olunur ki, Avropada belə böyük büdcə ilə işləmirlər. «Turist» böyük büdcəsi olan filmlərin kateqoriyasına aiddir. Bu cür filmlərin istehsalı yalnız Hollivudda mümkündür. Çünki belə bir səviyyəni və mükəmməlliyi Avropada maliyyələşdirə bilmirlər.
   - Amma «Turist» Fransa istehsalı olan «Ələkeçməz»in rimeykidir.
 
  - Mən şüurlu şəkildə bu filmə baxmadım. Ancaq ssenarini oxumuşam. Və anladım ki, Ancelina Colini ssenaridə nə cəzb edib. Sirri olan bir qadın obrazı. Düşündüm ki, biz elə bir kişi tapmalıyıq ki, o da ilk baxışdan hansısa sirri olan insan kimi görünsün. Ona görə də Conni Depplə görüşdüm. Bu ideyanı təqdim etdim. O da bəyəndiyini dedi. Amma o yenidən «Karib dənizinin quldurları»nda çəkildiyi üçün biz dərhal çəkilişlərə başlamalı olduq və «Turist» 11 aya başa gəldi. Ssenarini yenidən yazdım, çəkiliş yeri axtardım, filmi çəkib montaj etdik.
   - Hollivudda ulduzlar çox qüdrətlidirlər...
   - Onların nəhəng fanat ordusu var. Amma son nəticədə ulduz həm də əsas və önəmli aktyordur. Ancelina Coli və Conni Depp birmənalı şəkildə bu cür aktyorlardandır. Amma böyük ulduz çəkilişə yalnız aktyor kimi gəlir və özünü digər aktyorlar kimi aparmaq istəyir.
   - Siz rejissor kimi nəyə nail olmaq istəyirsiniz?
   
- Təbii ki, hər filmdə məqsəd başqadır. Amma ümumilikdə mənim missiyam yəqin ki budur: həyatı onun mürəkkəbliyində və faciələrində göstərmək. Və sonra yəqin ki, bu faciədən bir çıxış yolu göstərmək. Həyat hər halda qiymətli və gözəlliklərlə doludur.
   
   Hazırladı:
   Sevda Əliəşrəfqızı