Martın 7-də Böyük Britaniyanın “Candoco” ansamblı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Konsert proqramından öncə ansamblın qastrolunun təşəbbüskarı olan “British Council” təşkilatı mətbuat konfransı keçirib.
Mətbuat konfransında teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət “Candoco” ansamblının qastrolunun Mədəniyyət və Turizm Nazirliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Milli Dram Teatrının dəstəyi ilə reallaşdığını bildirib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt ansambl haqqında məlumat verib. Vurğulayıb ki, “Candoco” incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan, mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət rəqs ansamblıdır. Bakıda ilk dəfə çıxış edən ansambl iki hissədən ibarət tamaşa təqdim edəcək: “Beheld” və “Set and Reset”. Artistlər fiziki imkanları məhdud şəxslər üçün inklüziv mədəniyyət mövzusunda seminar da keçirəcəklər. Əsası 1991-ci ildə qoyulan ansamblın repertuarını müasir rəqs təşkil edir.
Ansamblın art-direktoru Pedro Maçado kollektiv haqqında məlumat verərək qeyd edib ki, əlil gəncləri rəqs sənətinə qoşmaq “Candoco” kollektivinin fəaliyyətinin ayrılmaz hissəsidir. “Fiziki imkanları məhdud rəqqas öz bədəninin dilini tapmalı, hiss və emosiyalarını ifadə etməyi öyrənməlidir”, - deyə o vurğulayıb.
Martın 8-də “Candoco” ansamblının Akademik Milli Dram Teatrının səhnəsində daha bir çıxışı nəzərdə tutulub.