Həsən Seyidbəyli - 90
II yazı
“İçərişəhər” metro stansiyasının yaxınlığında bir küçə var, Həsən Seyidbəyli küçəsi. Bu küçədəki evlərdən birinin divarına vurulmuş xatirə lövhəsində yazılıb: “Görkəmli yazıçı və kinorejissor, Azərbaycanın Xalq artisti Həsən Seyidbəyli bu evdə yaşayıb-yaratmışdır”.
“Onun yeri həmişə görünür”
Həsən Seyidbəylinin sağlığında mən bu evə ilk dəfə gələndə ailədə həyat qaynayırdı. Həsən müəllimin həyat yoldaşı Süsən xanım necə də xoşbəxt idi. Onun hazırladığı pürrəngi çayın ətri, bişirdiyi mürəbbələrin dadı Həsən müəllimlə söhbətimizdə xoş ovqat yaradırdı. İkinci dəfə bu binanın qarşısında dayananda H.Seyidbəyli dünyasını dəyişmişdi. Bakıda ikinci dəfə ümumittifaq kinofestivalı keçirilirdi. Festivalın tədbirlər planı çərçivəsində Həsən müəllimin yaşadığı binanın divarında görkəmli sənətkarın xatirəsini əbədiləşdirən lövhə vurulmuşdu. Binanın qarşısına çoxlu adam toplaşmışdı. Yerli kino işçiləri də, festivalda iştirak edən qonaqlar da Həsən Seyidbəyli barəsində xoş sözlər deyir, xatirələrini söyləyirdilər...
İşlədiyim “Kino” qəzetinin H.Seyidbəyliyə həsr olunmuş xüsusi nömrəsini hazırlamaq üçün üçüncü dəfə Həsən müəllimin 4-cü mərtəbədə yerləşən mənzilinin qapısını döyəndə qapını cavan bir oğlan açdı. Bu, Həsən müəllimin kiçik oğlu Mehdi idi, vaxtilə “Bizim Cəbiş müəllim” (Cəbişin oğlu), “Xoşbəxtlik qayğıları” bədii filmlərində çəkilmiş qaraşın, qaynar təbiətli Mehdi.
Qonaq otağında H.Seyidbəylinin divarlara vurulmuş fotoşəkillərinə baxanda istər-istəməz ötən günlər, olub keçənlər düşür yada. “Anam bağçaya Ziyanın oğlu Həsəni gətirməyə gedib. Harada olsalar indicə gələrlər”, - deyə Mehdi sükutu pozur.
Ziya H.Seyidbəylinin böyük oğludur. O da “Telefonçu qız” və “Bizim Cəbiş müəllim” (Namiq) filmlərində çəkilib. Məryəm isə iki qardaşın bir bacısıdır. “Telefonçu qız” filminin baş qəhrəmanı Mehribanın uşaqlığını tamaşaçılar yəqin ki, xatırlayırlar. Filmdə həmin balaca qızı Məryəm oynayır. “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin qızı rolunda da Məryəm çəkilmişdi. İndi Ziyanın da, Məryəmin də öz ailəsi, ev-eşiyi, uşaqları var. Mehdi isə cavan ikən rəhmətə gedib.
* * *
Mehdi Həsən müəllimin mənzildəki kitabxanası ilə maraqlandığımı görüb, məni onun iş otağına dəvət etdi. Burada yazı masası, divan, kreslolar, kitab rəfləri, bir sözlə hər şey sənətkarın sağlığında olduğu kimi qalmışdı. Rəflərə səliqə ilə düzülmüş kitabları nəzərdən keçirirəm. Əksəriyyəti də müəlliflər tərəfindən ona bağışlanmış əsərlərdir. Çoxunda da avtoqraf var. Rəflərin birində isə yazıçının öz əsərləri saxlanılır: “Qiymətli damcılar”, “Cəbhədən-cəbhəyə”, “Uzaq sahillərdə”, “Çiçək”...
- Məşhur bir adamın övladı olmaq çətindirmi? - deyə Mehdidən soruşuram.
- Çətin sualdır, - deyə o, bir qədər fikirləşib cavab verir: - Atalar və oğullar problemi hər bir zaman hər bir ailədə olub və olacaq. O ki, qaldı məşhurluq məsələsinə biz atamızla fəxr edirdik, elə indi də fəxr edirik. Onun yeri həmişə görünür.
O, məni özü ilə ekspedisiyalara, çəkilişlərə tez-tez aparırdı. Çox istəyirdi ki, onun yolu ilə gedim, kinematoqrafçı olum. Hətta məni “Azərbaycanfilm” kinostudiyasına işə düzəltmişdi. Amma mən Bakı Dövlət Universitetinə daxil oldum, tarix fakültəsinə. Ziya isə Xalq Təsərrüfatı İnstitutunu bitirdi. Bacım Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almaq arzusunda idi. Atam isə onu anam kimi həkim görmək istəyirdi. İş elə gətirdi ki, Məryəm nə kino işçisi oldu, nə də həkim. O, şərqşünaslığı seçdi...
* * *
Bu vaxt qapının zəngi çalındı. Gələn Süsən xanım idi. O, nəvəsini mənə təqdim edib dedi:
- Nəvəm Həsən Seyidbəylidir. Ümid edirəm ki, xasiyyətdə babasına çəkəcək.
Sonra mənim xahişimlə Süsən xanım Həsən müəllimin arxivindən şəkil dolu qovluqları gətirib stolun üstünə yığdı. Kinomuzun tarixi ilə bağlı olan bu fotoşəkillərdə kimlər öz əksini tapmayıb: hind kinorejissoru və aktyoru Rac Kapur, məşhur rus rejissoru Sergey Yutkeviç, Azərbaycan kinorejissorları Həbib İsmayılov, Rasim Ocaqov, Muxtar Dadaşov, Hüseyn Seyidzadə, yazıçı İmran Qasımov, aktrisa Leyla Bədirbəyli, Barat Şəkinskaya...
Fotoşəkillərin bir qismində Həsən Seyidbəylini Süsən xanımla bir yerdə görürük: toyda, xarici ölkələrə səfər zamanı.
- Məşhur adamın həyat yoldaşı olmaq asandır, ya çətin? - deyə bayaq Mehdiyə verdiyim sualı bir də təkrar etdim.
O, fikirləşmədən cavab verdi:
- Onun məşhurluğunu biz evdə hiss etmirdik. Çünki o çox sadə insan idi. O, olduqca ailəcanlı idi. Məni uşaqların anası olmaqdan savayı, həm də özünə ən yaxın dost, sirdaş hesab edirdi.
Balaca Həsən nənəsinə yaxınlaşıb kağız-qələm istəyir.
- Babası kimi yazı-pozunu çox xoşlayır. Kim bilir, bəlkə böyüyəndə babasının yolu ilə gedəcək?
Elə bu ümidlə də biz Seyidbəylilər ailəsindən ayrılırıq. Bir daha bu sənət ocağına qayıtmaq ümidi ilə.
* * *
Amma bu evə bir daha qayıtmaq mümkün olmadı. Çünki Süsən xanım rəhmətə gedəndən sonra ailənin vəziyyəti ilə bağlı ev satıldı. İndi orada tamamilə başqa adamlar yaşayır. Həsən Seyidbəylidən yadigar qalan isə küçə qapısının yanında divara vurulmuş barelyef oldu. Barelyef bu günədək gəlib gedənlərin diqqətini özünə cəlb edir. Yoldan ötənlər ayaq saxlayıb, barelyefin üzərindəki yazını oxuyurlar.
O dünyanı görmüş adam
Həsən müəllim idmanı çox sevirdi. İdmançıların həyatından bəhs edən “Cazibə qüvvəsi” adlı qısametrajlı bədii film də çəkmişdi. Cavanlığında gimnastika ilə məşğul olmuşdu.
1961-ci ildə şəkər xəstəliyinə düçar olandan sonra heç cür bu xəstəliklə barışa bilmirdi. Deyirdi ki, fiziki cəhətdən mən çox möhkəm adamam. Mənim bədənim xəstəlik götürməz. Elə beləcə fikirləşdiyinə görə özünə fikir vermirdi, qeydinə qalmırdı. Gündə iki-üç saat yatırdı. Bunun əvəzinə yeni əsərlər üzərində işləyirdi, ssenarilər yazırdı, filmlər çəkirdi, aylarla kinoekspedisiyalarda olurdu. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin katibi, sonra da sədri , SSRİ Kinematoqrafçılar İttifaqı İdarə heyətinin katibi işləyərkən çox çalışırdı, bu işlərə çoxlu enerji, qüvvə sərf edirdi, əsəbləri tez-tez pozulurdu, həyəcan keçirirdi.
Yaxşı yadımdadır, 60-cı illərin ortalarında kinematoqrafçılar ittifaqında geniş iclas keçirilirdi. Həmin iclasa “Mosfilm” kinostudiyasının baş direktoru Sizov və SSRİ Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi L.Kulicanov da dəvət olunmuşdular.
İclasda bizim hörmətli kinorejissorlardan ikisi söz alıb H.Seyidbəylinin ünvanına tənqidi fikirlər söylədilər. Onların sözünün canı bu idi ki, Həsən Seyidbəyli yazıçıdır, dramaturqdur, ssenaristdir. Qoy o, bu işlərlə məşğul olsun. Niyə görə Həsən rejissorluq edir. Onun ssenarilərini başqaları da çəkə bilər.
Yerdən kimsə replika atdı ki, bizim söhbətlərimizi qonaqlarımızdan biri - L.Kulicanov başa düşür, çünki o, Qarabağ ermənisidir. Gedib Moskvada danışacaq ki, azərbaycanlılar bir-birini didib parçalayırlar. İkincisi, Həsən müəllim peşəkar kinorejissordur. O, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. İndi o, yazıçıdır deyə film çəkə bilməz?...
İllər keçəcək və kinorejissor H.Seyidbəyli Azərbaycan kino tarixində hadisəyə çevriləcək “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” kimi dəyərli filmlər yaradacaqdı.
“Nəsimi” filmindən sonra “Babək” filmini də Həsən müəllim çəkməli idi. Ssenari üzərində həvəslə işləyirdi. Bir dəfə onunla söhbət zamanı dedi ki, xalqımızın qəhrəman oğlu, azadlıq və istiqlaliyyət carçısı Babək çox böyük şəxsiyyət olub. Bizim onun barəsində orta səviyyəli kino əsəri yaratmağa ixtiyarımız yoxdur. Hətta baş rolun ifaçısını da fikirləşmişəm. Babəki Rasim Balayev oynayacaq. Rasim adını eşidən kimi Həsən müəllimdən soruşdum:
- Nəsimidən sonra Babək? Bunlar ki, tamamilə başqa-başqa xarakterlərdir.
O, bir qədər tutulan kimi oldu və baş barmağını yuxarı qaldıraraq dedi:
- Elə orada da mənə bunu sübut etmək istəyirlər ki, Rasim özünü təkrar edəcək. Mən onlara da demişəm, yenə də deyirəm. Babək rolunda bir rejissor kimi mən yalnız Rasim Balayevi görürəm. Onun yaradıcılıq imkanlarına bələdəm.
Sonralar “Babək” Həsən müəllimdən alınıb çəkilmək üçün başqasına verildi. Filmi başqa rejissor çəksə də yenə H.Seyidbəylinin dediyi kimi oldu. Yəni Babək rolunda biz aktyor Rasim Balayevi gördük. Rasim müəllim Babək obrazını yüksək səviyyədə yaratdı. Həsən Seyidbəyliyə isə əsəb, ürək ağrıları, qan-qaralıq qaldı.
Belə xoşagəlməz, insanı depressiya vəziyyətinə salan əhvalatlardan sonra Həsən müəllim necə normal həyat sürə bilərdi.
Şəkər xəstəliyi xırda-xırda öz işini görürdü. Bir tərəfdən də bronxial astma onu əldən salırdı. Bu qıvraq bədənli, gülərüz insan gözümüzün qabağında günü-gündən dəyişsə də, əli işdən soyumurdu, işləyirdi, yazıb yaradırdı.
1980-ci il mayın 1-də birdən-birə onun səhhəti tamam pisləşdi. Süsən xanım Həsən müəllimi özü həkim işlədiyi xəstəxanaya yerləşdirdi. Həsən Seyidbəyli komaya düşmüşdü. Süsən xanım gecə-gündüz həyat yoldaşının başının üstünü kəsdirmişdi. O, necə olursa-olsun sevimli insanı yenidən həyata qaytarmaq istəyirdi. Həsən müəllim həyata qayıtdı. Xəstəxanadan çıxandan sonra onunla sonuncu dəfə görüşdüm. Saçları pambıq kimi dümağ idi. Söhbət etməyə o qədər də həvəsi yox idi. Lakin mənim “Həsən müəllim, deyirlər ki, komaya düşənlər o dünyanı görə bilirlər?” - deməyim onu dilləndirdi: “Bu doğrudur. Özü də çox sürətlə gedib işıqlı bir aləmə düşəndən sonra özümü çox rahat hiss edirdim. Hətta mən həyat yoldaşımın necə için-için ağladığını da gördüm. Öz-özümə fikirləşirdim ki, niyə o, belə həyəcan keçirir. Axı, mən özümü burada çox rahat hiss edirəm. Günlərin bir günü gözlərimi açdım. Görünür ki, Allah mənə yaşamaq üçün möhlət veribmiş”.
Amma bu möhlət uzun çəkmədi. Görkəmli sənətkar yaradıcılığının çiçəklənən çağında, 1980-ci iyunun 25-də dünyasını dəyişdi. Bir insan və sənətkar kimi o, ləyaqətlə yaşadı və Vətən qarşısında, xalq qarşısında borcunu vicdanla yerinə yetirdi.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi