Mədəniyyət, ədəbiyyat, incəsənət tariximizdə iz qoymuş, ilklərə imza atmış xanımlar
Deyirlər, dünyanı gözəllik xilas edəcək. Bu gözəllik isə ancaq qadınların sayəsində mümkün olacaq. Lakin Azərbaycan qadını tarixin bütün dövrlərində sübut edib ki, dünyanı öz gücü ilə də xilas etmək bacarığına malikdir. Rəssamlarımız, bəstəkar və müğənnilərimiz, kino və teatr aktyorlarımız arasında yüzlərlə qadın sənətçimiz var ki, ölkəmizin mədəniyyətinin zənginləşməsinə öz töhfələrini verirlər.
Bu yazıda isə Azərbaycanın mədəniyyət, ədəbiyyat, incəsənət tarixində rolu olan və ilklərə imza atan qadınlardan söz açacağıq.
Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış Məhsəti Gəncəvini ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz də adlandırmaq olar.
Parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli simalarından olan XIX əsrin görkəmli şairəsi Xurşudbanu Natəvan təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazda xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır.
XIX əsrin 50-ci illərində Zaqafqaziyada fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyətə başlamışdır. Burada 17 nəfər azərbaycanlı qadın var idi: Fatma Əsədbəy, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya və digərləri. 1850-ci ildə maarifpərvər qadın Dilbər xanım atası Mirmahmud ağanın köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açaraq on ildən artıq şəriət, ana dili, nəğmə və s. dərsləri tədris etmişdir. 1901-ci ildə H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında Bakıda Qız məktəbi fəaliyyətə başlamışdır.
* * *
Azərbaycanın ilk professional qadın müğənnisi Şövkət Məmmədova Milanda musiqi təhsili almışdı. Moskva, Kiyev, Sankt Peterburq, Paris və digər şəhərlərin səhnələrində çıxış edən müğənni pedaqoq kimi yeni ifaçılar nəsli yetişdirmişdir.
Reyhan Topçubaşovaya Azərbaycanın ilk qadın rəssamı olmaq şərəfi qismət olmuşdur. Əməkdar incəsənət xadimi adına layiq görülmüş rəssam 1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuş, 1941-1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur.
İlk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlı 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin Qrafika şöbəsində təhsil alıb. Onun ilk tərtibat verdiyi səhnə əsəri Rza Əfqanlının (həyat yoldaşı) quruluşçu rejissor olduğu “Qaçaq Kərəm” tamaşası olur. Onlar uzun illər birgə çalışır, bir çox tamaşalara uğurlu səhnə həyatı verirlər. Bədurə Əfqanlının eskizləri, bədii tərtibat verdiyi əsərlər özündən sonrakı rəssamlar üçün bir məktəb olmuşdur.
Azərbaycan rəssamlıq sənətinin inkişafında qadın rəssamların rolu danılmazdır. Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şaxtaxtinskaya və başqalarının müxtəlif janrlarda yaratdıqları əsərlər bu gün də muzeylərimizin ekspozisiyalarını bəzəməkdədir.
* * *
Azərbaycanın ilk qadın kinorejissoru və ölkəmizdə ilk uşaq filminin yaradıcısı, rejissor Qəmər Salamzadənin də adı hörmətlə yad olunur. Satirik şair Əliqulu Qəmküsarın qızı olan Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirmişdi. O, ötən əsrin əvvəllərində məşhur rejissorların emalatxanasında rejissorluq sənətini öyrənmişdi.
Milli kinomuzun yaradıcıları sırasında kinorejissor Zeynəb Kazımova, Gülbəniz Əzimzadənin xatirəsi bizim üçün əzizdir.
Azərbaycanın ilk balet rəqqasəsi Qəmər Almaszadə 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur, 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir və daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində ilk professional çıxışını edir.
Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. O, Ü.Hacıbəylinin təşəbbüsü ilə “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu ifa etmişdir. Ə.Hüseynzadə eyni zamanda bir çox janrlarda musiqi əsərlərinin də müəllifidir və vokal ustası kimi tanınmışdır.
* * *
Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı Kövkəb Səfərəliyeva 1926-cı ildə Bakıda Musiqi Texnikumunu bitirir və onu Türk Qadın Seminariyasına işləməyə dəvət edirlər. Burada Üzeyir bəylə tanışlığı və birgə fəaliyyətləri başlayır. K.Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir, bu tədris müəssisəsinin professoru olur. O, 1937-ci ildə konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) əsasını qoyur və ona rəhbərlik edir.
Pianoçu Xədicə Qayıbovanın adı isə təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan musiqiçi kimi tarixə düşmüşdür.
Xalq artisti Şəfiqə Axundova Şərqdə ilk opera ("Gəlin qayası") yazan qadın bəstəkar kimi xatırlanır. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların, simli kvartet üçün pyeslərin, tamaşalara musiqilərin müəllifidir.
Əməkdar incəsənət xadimi Xurşid Ağayeva ilk azərbaycanlı musiqişünas qadın hesab olunur. O, Üzeyir bəy haqqında ilk monoqrafiyanın müəllifidir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsini həyata keçirmişdir.
* * *
Tarzən, bəstəkar Hökümə Nəcəfova İ.Əbilov adına Mədəniyyət evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alıb. Hökümə Nəcəfova bir çox məşhur mahnıların ("Kaş ki gözəl olmayaydım", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Ceyran balası" və s.) müəllifidir.
Tarixçi, şərqşünas Sara Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. O, müəllimi Ü.Hacıbəylinin dəvəti ilə 15 il konservatoriyada xarici dildən dərs demişdir.
Mədəniyyətimizin müxtəlif sahələrində öz fəaliyyətləri ilə silinməz iz qoyan qadınlar bu gün də var və bundan sonra da olacaq. Yer üzünün zərif nümayəndələri olan qadınlar həyatın bütün gözəlliklərinə layiqdir.
Lalə Azəri