Oğul Ələsgər, ata Ələsgər, ər Ələsgər, aşıq Ələsgər və nəhayət, - əbədi-ədəbi Dədə Ələsgər!..
   
   Hər kəlməsi alovlu könül közü... 
   Hər bəndi eşq çeşnili xalı... 
   Hər qoşması dağ çeşməsi...
   Hicran nəşəsiylə kef, dərd alıb-qəm satıb nəf eyləyə-eyləyə, 
   “Hərcayıdan, müxənnəsdən, nadandan 
   Nə söz qaldı sənətkara dəyməmiş” söyləyə-söyləyə 
   Bənzərsiz eşq-irfan İmarəti yapmış canlı Saz-Söz Abidəsi - Dədə Ələsgər...
   
   Sözün hansına toxunursan, kəlmə-kəlamın harasını çevirirsən, görürsən, ona da nəfəsi dəyib bu Dədənin. Fikir-zikr, məntiq-məna çəmənzarında “xalı”-“xam” qalmayıb bu aqilin əlindən-dilindən. Yaranışımızdan-yaşanışımıza hər an təzələnən yar cütlükləri arasındakı söz, söhbət, hiss-işarət halətlərinə xəyal “naməhrəm”likləri edirsən, baxırsan ki, bay, bu aşiqlər-aşiqi Aşıq oralardan çoxdan qayıdıb ki!..
    
   Bəs belə isə... 
   
   bizim deyəcəyimizin yeli onun kimi ulu və əbədi olu Qayaya nə yapası?.. 
   Onun aşiq-oxucuları bu kimi “yaraşıq” yazılardan nə tapası?.. 
   Bu elə bir Dərya ki, hər “Araz aşığından, Kür topuğundan” qələm ona baş vura bilməz...
    
   Ala gözlüm, səndən ayrı düşəli,
   Hicranın qəmiylə kef eyləmişəm. 
   Günüm ahnan-vaynan keçib dünyada,
   Dərd alıb, qəm satıb - nəf eyləmişəm!
    
   Bu Dədənin misraları ovaxtdan-buvaxta dipdiri. Bu qoşmalar nəinki eşqə qoşan cavanları, həkdən düşmüş qocaları da coşdurur! Məktəb-mədrəsə üzü görməmiş bu canlı Aləmin hikmətləri sadə oxucuların da feyz kəkliyini azdırırsa, hesab-kitab et ki, alim-üləmalara necə “heyrət, ey büt!” etdirir! Onlardan biri - professor Yaşar Qarayev: “Növbəti “dövran”ın hesabı yeni yüzildə Ələsgər şeiri ilə açılır. Öz “yeni Füzulisini” ədəbiyyat bu dəfə artıq şifahi ənənədə, aşıq şeirində yaradır. Folklorda “Ələsgər divanı” (tilsimi, sehri!) artıq bu günü də əhatə edən iki əsrə çatır və kim bilir, bəlkə, bundan sonra da hələ neçə-neçə əsrə (lap sonsuza!) qədər çatacaq. Peyğəmbərlərin sonuncusu Məhəmməd, Peyğəmbər aşıqların sonuncusu isə Aşıq Ələsgərdir”.
   Bəs görək bu Peyğəmbər aşıqların sonuncusunun özü və öz dünyası haqda (lətifəsi “özündəndeyən”lərdən uzaq) nə deyib: 
   
   “Könül, sən ki düşdün eşqin bəhrinə,
   Narın çalxan, narın silkin, narın üz!”
   
   “Aşıq olub diyar-diyar gəzənin
   Əvvəl başdan pürkamalı gərəkdi...”
   
   Daha nələr?
   
   “Yazıq aşıq Ələsgəri 
   Çəkməyə dara xoş gəldin”!..
   “Bizim borcumuzdan sizinki çoxdu -
   İstəyirsən gedək, gecə yatmayaq...”
    
   “Həsrətin çəkənlər olubdur sayıl -
   Yığır qapılardan pay, sarıköynək!..”
   
   “Adını demirəm - eldən ayıbdır, 
   Filankəsin qızı filan oynasın”...
    
   Aşıqlar aləmində “deyişmə”lər (“didişmələr”, gediş-gəlişmələr) çox olub. Dədə Ələsgərdə isə hər şey özünün məxsusi zirvə-dərəcəsində! Hamımızın bildiyimiz kimi, o, “ilk məhəbbət” imtahanı odunda da az yanmayıb və bunların tüstüsü qohumu Zöhrə ilə deyişməsində də ərşə bülənd olub. Yəni, bu Gözəllik aşiqinin ürəyini illərlə “daha evlənməyəcəyəm” nidasıyla döyündürən məlum Səhnəbanı yarası! Atası ölmüş bu qızı əmisi Məhərrəmin zorla öz oğluna almasıyla, iki ürəyi ömürlük odlara atdığından yaranıb bu Ələsgər-Zöhrə deyişməsi:
    
   Ələsgər:
   
   Söylə, qasid, müxtəsəri-vəssalam,
   Ərzimi canana dedin, nə dedi?
   Bülbül tək asmana yetişib nalam,
   Səhni-gülüstana dedin, nə dedi?
    
   Zöhrə:
   
   Nakəs müxənnətin boynu vurulsun,
   Vay düşsün evinə, şivən qurulsun,
   Məhərrəmin oğlanları qırılsın,
   Qalmasın yurdunda nişana!- dedi.
    
   Bunları oxuduqca, Dədənin dünyanın özü ilə də xəyalən deyişdiyinin və hər kəsi bağladığı kimi, elə bu gidi dünyanı da öz istedad, fitri vergi açar-qıfılıyla bağladığının (elə qoşmalarının, gəraylılarının “tapşırma”larında olduğu kimi) fərqinə varırsan:
    
   Ələsgər isyanın, çıxıbdır sandan,
   Öldürsən zanburu əl çəkməz şandan.
   Hərcayıdan, müxənnəsdən, nadandan,
   Nə söz qaldı sənətkara dəyməmiş.
    
   Aqillər ərz edirlər ki, hər kəs hər kəsin yaxşı cəhətlərini görməyə çalışmalıdır. Bir əsrdən çox yaşamış bu aqil Aşiq isə heç kəsi belə bir seçim əziyyətinə məruz qoymayıb. Nə etik-əxlaqi insanlıq, nə poetik-irfani yaradıcılıq sarıdan. Bu adam müdam gözəlliyə tapınıb, yaxşılığa yürüyüb. 
   Bu tapınma, bu yürümə onu yaradıcılıq aləminin ən qaynar atəş nöqtələrinə atmaya bilərdimi? Belə bir qalib könül sahibi hansı məqamdasa məğlub söz deyərdimi? Məsələn, çoxlarının “Günüm ahnan-vaynan keçib dünyada” kimi bəyanlardan sonra, müqəyyəd “canan”ları qınayıb-şikayətləndiklərinin də oxucusu olmuşuq. Bu Ustadsa ədədi-irfani “tacirlik” edir: “Dərd alıb, qəm satıb nəf eyləmişəm”!..
   Şeirlərinin yox, məhz DƏRDinin “dillərdə əzbər” olduğunu söyləyib bu dahi. Elə bir “dərd” ki, çarəsi həkimlik yox, öncə Gözəllik, sonca arif oxucularlıq. Belə oxucular o müqəddəs DƏRDdin diaqnozunu da verə bilər. Məsələn, “suçiçəyi” xəstəliyi: “Axşam-sabah çeşmə, sənin başına, Bilirsənmi necə canlar dolanır?” Dərmanı: “Gələndə ustad kəlamı, Köhnə yaram qan verir. Şahi-mərdan nökəriyəm - Dərsimi pünhan verir”. 
   Ömrü uzunu ürəyinin hikmət yükünü diliylə üyüdə-üyüdə bütün Azərbaycanı, türkdilli xalqları təkrarsız şeiriyyətilə barındırmış, gəncliyində az məhrumiyyətlər dadmamış bu aşiq qocalığında da çox acılar yaşamalı olub. İnsanlıq tarixində yeri olmayan ermənilərin ötən əsrin əvvəllərində törətdiyi türk-müsəlman qırğınları zamanı bu böyük söz ustadı da el-obasından didərgin düşüb və bir müddət Kəlbəcərdə dəyirman işlədib. Üstünə telli saz basılmış o sinənin altındakı dərdləri, olsa-olsa, ayrı-ayrı fərdlər bilirdi. Amma bütün mahal bilirmiş ki, öz dövrünün “Leyli-Məcnun” oxşarı olan “Səhnəbanı-Ələsgər” sevgisinin hicr qanı dünya durduqca qurumaz. 
   Sənətkar adı, aşıq namı xətrinə yeyim-içimindən kəsib geyim-keçiminə verən bu “bəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Nər hərəkətilə bərəkət də becərib xırman tutan Ustad illərin birində, dolanışıq üçün əkdiyi taxıl zəmisinin ortasındakı “Qozqara” deyilən bir kötüklə də deyişməli olub.
    
   Kötük:
   
   Aşıq, nə meydanı yalqız alıbsan,
   Söz deyim - sözünə barabar olsun.
   Nahaq qandı ortalığa salıbsan,
   Elə iş tut, ondan xeyir, kar olsun!
    
   Ələsgər:
   
   Ələsgər, başına qəhətdi peşə?
   Darı əkib yeməyibsən həmişə?
   Sazı bas sinənə, təcnisdən döşə,
   Yığ urzunu, verən əllər var olsun!

   Ona verən əllər az olmasa da (Allah bu şanda bir sənətkara yardım edib, xəcillikdən qurtarmış babaların bugünkü balalarını var eləsin!), nəhəng cüssəli bu el aşığı əmək-zəhmətdə də ad çıxarıb. Yüz beş illik ömrünü torpaq ətrilə də süsləndirib. Ancaq bu azman aşığın öz ilhamıyla əkib, istedadıyla üyütdüyü sənət nümunələri dünyanın bütün torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının üyütdüyündən daha dadlı, şanlı, əbədidir. Məsələn, dünyada “dünya malı” deyilən bütün şeylər köhnəlir də, azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq” müxəmməsi isə mənəvi sənət qalasının təkrarsız ornamenti kimi əbədi qalasıdır:
    
   İnnən belə başımızda
   Namərdlərin töhmətidi.
   Hansı məclisə gedirsən -
   Arpa-buğda söhbətidi.
   Kartof ilə ayranaşı 
   Süfrəmizin zinətidi.
   Buraya bahalıq salan
   Qeyri yerin millətidi.
   Nə işə əl atırıqsa,
   Oluruq peşman, bahalıq!..
    
   Qələmlə yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi nəşriyyatlar”da çap edilə-edilə hələ sağlığında bütün Azərbaycanın ustad aşığı, türk dünyasının böyük sənətkarı kimi tanındı. Turan Ozanı, sənət Dədəsi oldu. “Aşıq Ələsgər bütöv bir xalq akademiyasıdır” (H.Araslı), “...Musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin möhtəşəm daşıyıcısı A.Ələsgərin adı önündə işlənə biləcək epitetlərin ən uğurlusu “Dədə”dir. Əgər orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin kitabı” adlandırardı: eynilə “Kitabi-Dədə Qorqud” kimi...” 
   Bunlar Dədəmiz haqda indiyə qədər deyilmişlərin, olsa-olsa, bir faizi...
   Ancaq, doxsan bir ildir daha heç nə deməyən bu ümumtürk Söz Abidəmiz haqda innən sonra da saysız say, qədərsiz qədərdə sözlər, epitetlər, postulatlar söylənəcək! Bizlər o intəhasız gələcəklərə gedə bilməsək də, bu reallığı yüzbir faiz təxmin edə bilərik...
    
   Tahir Abbaslı