Ağadadaş Qurbanov Soltan bəy rolunu oynadığı “Arşın mal alan”ın çəkilişləri tamamlanarkən faciəli şəkildə dünyasını dəyişib
   
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təməlçilərindən söz düşəndə ilk xatırlananlardan biri Xalq artisti Ağadadaş Qurbanovdur. Görkəmli aktyor teatr səhnəsi ilə bərabər kinoda da bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb.   
   Ağadadaş Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakının Saray kəndində dünyaya göz açıb. Erkən çağlarda valideynlərini itirib. Başsız qalan uşaqlar babalarının himayəsində böyüyürlər. Çox keçmir, babaları da dünyasını dəyişir, fiziki cəhətdən qüsurlu olan əmilərinin yanında qalmalı olurlar. Çətin həyat yaşasalar da oxumağa, təhsilə maraq göstərirlər. 
   Ağadadaş erkən yaşlarından teatra maraq göstərirdi. Məktəblilərin “Dənizçilər klubu”nda Lətif Kərimlinin “Fırtına” pyesi əsasında hazırladıqları tamaşada o da rol alır. Orta məktəbi başa vurduqdan sonra Bakı Fəhlə Uşaqlar Teatrında (sonra bu teatr Gənc Tamaşaçılar Teatrı adlanır) işə düzəlir. Beləliklə, gənc Ağadadaş həyatını teatra bağlayır. Qısa müddət ərzində istedadlı bir gənc kimi tanınır və kollektivin sevimlisinə çevrilir. Ona həvalə olunan bir-birindən maraqlı və ciddi obrazların öhdəsindən bacarıqla gəlir.
   Ağadadaş Qurbanov 1952-ci ildən səhnə fəaliyyətini Akademik Dram Teatrında davam etdirir. Burada Aydın, Mirzə Səməndər (“Aydın”, “Almaz”, C.Cabbarlı), Molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”, M.F.Axundzadə), Hacı Qəmbər (“Hacı Qəmbər”, N.Vəzirov), Karl Moor (“Qaçaqlar”, F.Şiller), Xlestakov (“Müfəttiş”, N.Qoqol), Kamillo (“Qış nağılı”, U.Şekspir), Sənan (“Şeyx Sənan”, H.Cavid), İbrahim xan (“Vaqif”, S.Vurğun) və başqa obrazlara uğurla həyat verib. Onun teatr üçün xarakterik cəhəti ondan ibarət olub ki, klassik ənənələrə söykənərək obrazın bütövlüyünü və tamlığını təmin edə bilib.
   Araşdırmalarda Şeyx Sənan obrazının aktyorun səhnə yaradıcılığının zirvəsi olduğu bildirilir. Bu rolun teatrda ilk ifaçısı Rza Əfqanlı olub. Ondan sonra həmin obrazı A.Qurbanov böyük sənətkarlıqla yaradıb. Görkəmli aktyor Ələsgər Ələkbərovdan sonra “Vaqif” pyesindəki Vaqif rolunu hər sənətkarın oynaması məqbul sayılmayıb. Ancaq A.Qurbanov bu çətin və məsuliyyətli rolu ustalıqla oynayıb, böyük şair və müdrik dövlət xadiminin əsl obrazını yaratmağa müvəffəq olub. Geniş və zəngin yaradıcılıq potensialına malik olan sənətkar bəzən bir tamaşada iki rolda çıxış edib.
   A.Qurbanov səhnədə qazandığı uğuru kinofilmlərdə də davam etdirib. Aktyor ilk olaraq “Səbuhi" filmində (1941) görkəmli tarixçi alim, mütəfəkkir ədib Abbasqulu ağa Bakıxanovun maraqlı obrazını yaradıb. Bundan sonra o, “Koroğlu”da Həsən xan, “Bir qalanın sirri”ində Usta, “Bizim küçə”də Bəhram, “Qızmar günəş altında”da professor, “Telefonçu qız”da Zakirin atası və s. rollarda çəkilib, tamaşaçıların rəğbətini qazanıb.
   Görkəmli sənətkarın uğurlu kino qəhrəmanlarından biri də rejissor Kamil Rüstəmbəyovun ekranlaşdırdığı “Zəncirlənmiş adam” filmindəki Alvardo obrazıdır. Aktyor bu filmdə hər cür çətinliklərə qatlaşaraq insan həyatının dözülməz anlarını canlandırıb. 
   Aktyorun teatr və kino sənətkarlığı yüksək qiymətləndirilib, 1943-cü ildə respublikanın Əməkdar artisti, 1954-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
   A.Qurbanov 1965-ci ildə ikinci dəfə ekranlaşdırılan “Arşın mal alan” filmində Soltan bəy roluna çəkilir. Bu, aktyorun kinoda son çəkilişi idi. Aktyor bu obrazı da özünəməxsus şəkildə yüksək sənətkarlıqla yaradır. Çəkilişlərin tamamlandığı ərəfədə o, Salyan rayonuna gedir. Mehmanxananın eyvanına çıxarkən qəfildən eyvan uçur və ağır xəsarət alan sənətkar 25 iyun 1965-ci ildə vəfat edir. 
   
   Savalan Fərəcov