Martın 3-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “XX əsrin teatr tendensiyaları” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət “Yuğ” Teatrının birgə təşkilatçılığı ilə baş tutub.
Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. O deyib: “Konfransın hədəfi tələbələrdir. Formatı açıq dərs tipli olan konfransda tələbələr müəyyən biliklərini, o cümlədən XX əsr dünya teatr mədəniyyəti haqqında mövcud tendensiyaları bölüşəcəklər”.
Konfransda Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Elçin Cəfərovun “XX əsr. Teatrdan qeyri-teatra doğru” adlı məruzəsi dinlənilib. Universitetin III və IV kurs tələbələri Dilşad Əhmədzadə “Merholdun teatr metodunun konseptual mahiyyəti”, Yusif Dağlar “M.Çexov “Aktyor texnikası - nurlanmış aktyora doğru”, İlahə Quliyeva “B.Brextin epik teatr nəzəriyyəsi”, Nadir Əhmədov “Y.Quratovskinin yoxsul teatr poetikası”, Nisə İbadlı “A.Arto və qəddarlıq teatrı” və Emin Əliyev “T.Kantor və ölüm teatrı” adlı məruzələrlə çıxış ediblər.