Rusiyada yaşayan rəssam soydaşımızın Bakıda sərgisi açılıb
   
   Martın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Moskvada yaşayan həmyerlimiz, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Qadın xoşbəxtliyi” adlı fərdi sərgisi açıldı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş olunur.
   Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov müəllifin yaradıcılığından söz açdı. Bildirdi ki, gənc yaşlarından rəssamlıq fəaliyyəti ilə məşğul olan Əsgər Məmmədov Ağdam rayonunun Mərzili kəndində şəxsi qalereyasını yaradıb, lakin 1993-cü ildə kəndin separatçı erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 200-ə qədər rəsm əsəri orada erməni vandalları tərəfindən yandırılaraq məhv edilib. Sonradan Moskvada yenidən fəaliyyətə başlayan rəssamın dəfələrlə müxtəlif ölkələrdə fərdi yaradıcılıq sərgiləri keçirilib.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssamın zəngin yaradıcılığa malik sənət adamı kimi tanındığını dedi. O, nümayiş olunan 50-dən çox əsərin füsunkarlığından, məna və məzmun baxımından cəlbediciliyindən danışaraq qeyd etdi ki, rəssamın yaradıcılığında sülh, dostluq və sevgi motivləri əsas yer tutur. Onun boyakarlıq irsində portretlər, natürmortlar, mənzərələr və qrafik üslubda işlənmiş rəsmləri var. Rəssam müasir dünyanın aparıcı rəssamlıq məktəblərindən olan Rusiya akademik rəsm məktəbinin yetirməsidir. Azərbaycan folklorunun, çoxəsrlik miniatür sənətinin, al-əlvan xalçalarının və bənzərsiz təbiətinin təsiri onun yaradıcılıq üslubunda hiss olunur. Rəssamın bir çox əsərləri poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziyasının harmoniyasından yaranıb.
   Bildirildi ki, Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi milli musiqi alətlərində ifaçılıq bacarığı da var. O, poeziyanın və musiqinin vurğunudur. Rəssamlıq sənətinin portret, mənzərə və natürmort janrlarına yeniliklər gətirməyə səy göstərən Əsgər Məmmədovun ustalığı əsərlərində aşkar şəkildə görünür.
   Sonra Əsgər Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Bir gün yenidən doğma Qarabağa, Ağdama qayıdacağına və orada yeni sərgilərin açılacağına ümidvar olduğunu vurğuladı.
   Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. Sərgi martın 10-dək davam edəcək.
   Qeyd edək ki, 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açan rəssam Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb və cizgi filmləri üzrə rejissorluq sənətinə yiyələnib. 1976-1990-cı illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 
   
  Fariz Hüseynov