Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşadan əvvəl 10 mart - Milli Teatr Günü münasibətilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətdir.
Baş rolları Xalq artisti Ramiz Novruz (Həsənzadə) və Əməkdar artist Məsmə Aslanqızı (Nargilə) oynayacaq. Tamaşada həmçinin əməkdar artistlər Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva rol alıb.