Elmi konfrans keçirilib
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz Azərbaycan şairidir. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib.
Bu fikirlər Naxçıvan Dövlət Universitetində keçirilən “Molla Pənah Vaqif - 300: Azərbaycançılıq məfkurəsi. Poetik ənənə” mövzusunda elmi konfransda səsləndirilib.
Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Molla Pənah Vaqifin ədəbi irsindən danışıb. Bildirib ki, Azərbaycan tarixinə həm də siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Vaqifin 300 illik yubileyi ilə bağlı 2017-ci il yanvarın 12-də imzaladığı sərəncam şairin yaradıcılığına göstərilən ehtiramın ifadəsidir.
Filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov “XIX əsr Ordubad ədəbi mühitində Molla Pənah Vaqif ənənələri” adlı məruzəsində XIX əsrin ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr olduğunu bildirib, həmin dövrdə Bakıda yaradılmış bir sıra ədəbi məclislərin, Ordubadda isə “Əncüməni-şüəra”nın fəaliyyətindən bəhs edib.
Bildirilib ki, Ordubadda yaradılmış ədəbi məclisin 25-ə yaxın üzvü olub və onların bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam və inkişaf etdirib, ikinci bir qismi isə Molla Pənah Vaqif, Heyran xanım, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanov, Qüdsi və başqa realist sənətkarların ədəbi irsindən bəhrələnərək zamanın tələbindən doğan aktual mövzulara müraciət ediblər.
Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Molla Pənah Vaqifin dil-üslub xüsusiyyətləri” adlı məruzəsində Vaqifin heca vəznində yazdığı şeirlərdə xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla istifadə etdiyini bildirib.
Konfransda həmçinin universitetin müəllimlərindən Mədət Səfərovun “Azərbaycan ədəbi dilinin zənginləşməsi və saflaşmasında Molla Pənah Vaqif lirikasının rolu”, Qənirə Əsgərovanın “Molla Pənah Vaqifin poetikasının bəzi linqvistik xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilib.
Bədii hissədə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbələri Molla Pənah Vaqifin “Görmədim”, “Hayıf ki, yoxdur”, “Bax”, “Qurban olduğum”, “Bəri bax”, “Düşərmi” şeirlərini qiraət ediblər.