Milli rəssamlıq sənətinin inkişafında qadın rəssamların rolu danılmazdır. Görkəmli fırça ustaları Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya və başqalarının müxtəlif janrlarında yaratdıqları əsərlər bu gün də muzeylərimizin ekspozisiyalarını bəzəməkdədir.
   Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə Azərbaycan təsviri sənətinin elə bir simasıdır ki, o hər zaman ətrafa işıq saçıb, hər kəsi öz cazibəsində saxlamağı bacarıb. Professional rəssamlıq təhsili almış M.Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirərək qrafika sahəsində xüsusilə məhsuldar çalışıb. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Qubanın qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və səmimiyyəti ilə seçilir. 
   Rəssam kitab qrafikası sahəsində də fəaliyyət göstərib. Klassik şairlərimizdən Nizami, Xətai və Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar, həmçinin portretlər yüksək sənətkarlıq nümunəsi sayılır. Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanına, Məhəmməd Füzulinin "Qəzəllər"inə və Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasına çəkdiyi illüstrasiyalar kitab qrafikasının gözəl örnəkləridir. 
   Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi M.Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı əksini tapmışdır. 
   Rəssam bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib, silsilə qravüralar yaradıb. Əsərləri London, Moskva, Nyu-York, Paris, Tokio və digər şəhərlərin muzeylərində, rəsm qalereyalarında və sərgi salonlarında nümayiş etdirilib. Xaricdə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan təsviri sənətinə şöhrət gətirib. 
   * * *
   Təsviri sənət tariximizdə Qeysər Kaşıyeva professional rəssamlıq təhsili alan ilk azərbaycanlı qadınlardandır. O, mədəni mühiti çox zəngin olan Tiflis kimi şəhərdə doğulmuş, müsəlman qızlarının təhsil almasının yasaq edildiyi bir dövrdə peşəkar rəssamlıq təhsili almış, istedadı və qabiliyyətinə görə Avropanın tanınmış məşhur rəssamlarının diqqətini çəkmiş, bir-birindən maraqlı əsərlər yaratmışdır. İlk dəfə Tiflisdə bu azərbaycanlı qızının əsərləri sərgidə nümayiş olunmuşdu. O dövrdə Qafqazda ayrıca rəssamlıq məktəbi olmasa da, gimnaziyada oxuyan Qeysərin sorağı Tiflisdə çıxan “Molla Nəsrəddin” jurnalının karikaturaçı-rəssamı Oskar Şmerlinqə də gəlib çatmışdı. O, Qeysərin əl işlərinə baxaraq ona təhsilini davam etdirməyi məsləhət görmüşdür. 
   Qeysər xanım rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir. Bu sırada “Azərbaycan ziyalısı”, “Göl sahili”, “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “İ.Qonçarovun portreti”, “Qoqolun portreti” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus sənətkarlığı ilə seçilir. 
   Rəssam sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkmişdir. Onun adı çoxlarına bəlli olmasa da, qiymətli əl işləri təsviri incəsənətimizi zənginləşdirən nümunələrdir. Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
   * * *
   Öz əsərləri ilə rəssamlıq tariximizdə iz qoyan qadın rəssamlarımızdan biri də Xalq rəssamı Elmira Şahtaxtinskayadır. Rəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. XX əsrin 60-70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada", "Bolqarıstanda", "Sosialist Bakısı" seriyası, "Novruz bayramı ərəfəsində", "Qutablar" və s. tablolarını yaradıb. Moskva, Kaunas və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilib. 
   Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb-yaratmış elm və mədəniyyət xadimlərinin - Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqalarının portretlərini yaradıb. 
   * * *
   Digər görkəmli azərbaycanlı qadın rəssamı Əməkdar incəsənət xadimi Vəcihə Səmədovadır. Onun yaradıcılığının bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göygöl", "Kəpəz" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranıb. 
   Rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərgisi açılıb. O, "Sofiyada bazar", "Türk qızı", "Tırnovo", "Bayram" və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanıb. Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri Bakıda, Moskvada, Sofiyada nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu Vəcihə Səmədovanın adını daşıyır.
   
   Səbinə Şıxəliyeva 
   Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı