“Salnamə” kinostudiyasında “Belqraddan məktublar” qısametrajlı filminin çəkilişləri başlanıb. Kinostudiyadan bildiriblər ki, yeni ekran əsəri Böyük Vətən müharibəsi illərində (1941-1945) azərbaycanlılardan ibarət 223-cü milli diviziyaya həsr olunub. 
   
   Filmdə 223-cü diviziyanın keçdiyi döyüş yolu, xüsusən də 1944-cü ildə Buxarest və Belqradın faşist işğalından azad edilməsində göstərdiyi qəhrəmanlıq əksini tapacaq. Çəkilişlər Azərbaycanla yanaşı, Rumıniya və Serbiyada da aparılacaq. Ekran əsərində diviziyanın qəhrəmanlığının şahidlərinin xatirələri, hərbi tarixçilərlə görüşlər, müsahibələr yer alacaqdır. Bu məqsədlə filmin yaradıcı heyəti artıq həmin ölkələrə yola düşüb.
   “Belqraddan məktublar” filmində, həmçinin müharibə illərində diviziyanın tərkibində faşistlərə qarşı mərdliklə vuruşmuş azərbaycanlılardan biri - Sabirabad rayonunun sakini Zülfəli Əliyevin xatirələri də veriləcək.
   Filmdə arxiv materiallarından da istifadə olunacaq. Bu məqsədlə Rusiya Dövlət Kino və Foto Arxivindən lazımi materiallar artıq Bakıya gətirilib.
   “Belqraddan məktublar” filminin ssenari müəllifi Toğrul Vəli və Tahir Əliyev, prodüseri Böyükağa Məmmədov, operatoru Elxan Rüstəmovdur. Filmin təqdimatı 9 may - Qələbə Gününə nəzərdə tutulub.