Torpaq çərşənbəsi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edildi
Xalqımızın qədim tarixinin, mədəni irsinin, zəngin folklorunun təcəssümü olan Novruz bayramı əsrlərin o tayından müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 ilaxır çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan dörd ünsürün - su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.
Martın 14-də ölkəmizin şəhər, kənd və qəsəbələrində ilaxır çərşənbələrdən dördüncüsü - Torpaq çərşənbəsi böyük təntənə ilə qeyd edildi. Bu münasibətlə paytaxtda da şənliklər təşkil edilmişdi. İlaxır çərşənbənin əsas mərasimlərindən biri bayram tonqalının yandırılması üçün ənənəvi olaraq “Atəşgah” məbədindən odun gətirilməsi idi.
Səhər metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl, musiqi qrupları, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğuna yola düşüb. Qoruğun ərazisində bayram şənliyi təşkil olunub, rəqslər ifa edilib.
“Atəşgah”dan od götürərək şəhərə qayıdan bayram karvanı axşamüstü Gənclər meydanına gəlib. Axşam burada bayram tonqalı alovlandırılıb. Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının bayram konserti təşkil edilib.
Torpaq çərşənbəsi Novruz bayramının son müjdəsi, Baharın təravətinin, halal zəhmətə çağırış, torpağa məhəbbətin rəmzidir. Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz nemətinə çevrilir. Evlərdə açılan bayram süfrələri, bayram xonçası bolluq və bərəkət arzularımızı təcəssüm etdirir. Həyətlərdə qalanan bayram tonqalları sağlıq diləklərimizin, “ağırlığım-ağrım odlara tökülsün” niyyətlərimizin ünvanı olur.
Biz də bu ilaxır çərşənbənin bütün xalqımıza xoş və sağlıqlı günlər, bolluq-bərəkət, firavanlıq gətirməsini arzulayırıq.
Qeyd edək ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 14:29 radələrində baş verəcək.