“Azərbaycan” şeiri Mərakeşin paytaxtında səslənib
   
   Mərakeşin paytaxtı Rabatda Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutu və UNESCO-nun regional bürosunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
   Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən bildirilib ki, 14-cü dəfə təşkil edilən ənənəvi tədbir musiqi, teatr tamaşaları, rəqs və şeirlər vasitəsilə müxtəlif ölkələrə məxsus mədəniyyətlərin tanıdılması məqsədi daşıyır. Tədbir dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirakı ilə “Çoxdilli təhsil vasitəsilə davamlı gələcəyə doğru” devizi altında keçirilib.
   Tədbir iştirakçıları Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini doğma ana dilində səsləndirən Rabatda yaşayan azərbaycanlı məktəblilər Rəvan və Fərəhnazı alqışlarla qarşılayıblar. Azərbaycan nümayəndələrinin çıxışı ölkəmizin turizm potensialını əks etdirən videoçarxla müşayiət olunub.
   Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutunun rektoru Əhməd Bukus Azərbaycan təmsilçilərinin çıxışından zövq aldığını deyib, onlara minnətdarlığını bildirib.