Martın 10-da Gənc Tamaşaçılar Teatrında Azərbaycan milli teatrının yaranmasının 144 illiyi münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində quruluşçu rəssam Elşən Sərxanoğlunun tamaşalara çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi yaradıcılıq sərgisi ilə tanış oldular.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov Azərbaycan milli peşəkar teatrının yaranma tarixi haqqında ətraflı məlumat verdi, teatr sənətimizin inkişafından, bu sahədə çalışanlara diqqət və qayğıdan bəhs etdi.
Əməkdar incəsənət xadimləri - sənətşünas Ziyadxan Əliyev, dramaturq Əli Əmirli, teatrın baş rejissoru Bəhram Osmanov çıxış edərək əlamətdar gün münasibətilə bütün teatrsevərləri təbrik etdilər. Vurğulandı ki, tamaşaların sevilməsində rəssamların da üzərinə böyük məsuliyyət düşür. Bu mənada Elşən Sərxanoğlunun tərtibatları hər zaman tamaşaçıların zövqünü oxşayır, müxtəlif janrlarda yaratdığı əsərlər maraqla qarşılanır.
Rəssam sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov səhnəyə çıxaraq bildirdi ki, rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Vaqif Əsədov teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, teatrın gənc aktyoru Elnur Hüseynov “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib. Bundan əlavə, xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı və aktrisa Sona Babayeva uzun illər milli teatrın inkişafında əvəzsiz xidmətlərinə görə və yubileyləri münasibətilə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunublar. Teatrın aktrisası Dilarə Fərəcullayeva isə Teatr Xadimləri İttifaqının fəxri diplomuna layiq görülüb.
Çıxışlardan sonra Xalq artisti Cənnət Səlimovanın quruluşunda M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa məktəblilərə nümayiş etdirildi. Tamaşanın musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur. Rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov və başqaları ifa edirdi.
Tamaşadan sonra aktyorlar məktəblilərin suallarını cavablandırdılar.
Lalə Azəri