İllər öncə “Yaşıl eynəkli adam” televiziya tamaşasında rusdilli Qarik obrazı ilə məşhurlaşan S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Xalq artisti Məbud Məhərrəmovun 60 yaşı tamam oldu. 40 (bu rəqəmin özü də bir yubileydir) ildən bəri bu teatrda çalışan aktyor seyrçilər üçün daha çox komik rolların mahir ifaçısı olsa da, televiziya tamaşalarında və bədii filmlərdə əsasən mürəkkəb taleli xarakterik obrazların yaradıcısı kimi yadda qalıb. 
   Martın 12-də Məbud müəllim bu ikiqat yubileyini ömrünü həsr etdiyi səhnədə, məhz onun şərəfinə hazırlanmış «Sinyor Todero-xuliqan» əsərinin ilk tamaşasında baş rolu oynamaqla qeyd etdi. 
   İki yüz ildən bəri bütün dünya teatrlarının repertuarını zənginləşdirən, minlərlə aktyora sənət uğuru gətirən Karlo Qoldoninin eyniadlı komediyasına teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski quruluş verib. Dell'arte komediyası olaraq hazırlanmış tamaşada yubilyar ilə yanaşı, əməkdar artistlər Natalya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə, aktyorlar Mariya Dubovitskaya, Yaqub Zeynalov, Olqa Arsentyeva, Oleq Əmirbəyov və başqaları çıxış edirlər. 
   Uğurla keçən, alqışlarla qarşılanan tamaşadan sonra Xalq artisti Aleksandr Şarovski Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını yubilyara təqdim etdi. Məbud Məhərrəmov ilə teatr səhnəsindən daha çox çəkiliş meydançasında qarşılaşmış Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Rafiq Əliyev isə təmsil etdiyi yaradıcılıq qurumunun «Sənətkar» medalını ona təqdim etdi. 
   Bakıda qonaq olan Gürcüstanın Əməkdar incəsənət xadimi, A.S.Qriboyedov adına Tbilisi Rus Dram Teatrının direktoru Nikolay Sventiski də səhnəyə qalxaraq, «xalqın sevimlisi olduğu üçün əsl Xalq artisti»ni təbrik edərək, dost teatrın adından ona xatirə hədiyyələri bağışladı. Aktyorun sənət dostu, uzun illər eyni səhnəni paylaşdığı Xalq artisti Lüdmila Duxovnaya isə yubilyarın şərəfinə şeir söylədi. 
   Bütün bu təltiflər nə qədər mühüm olsa da, yubilyar həmin axşam yenə də ən böyük mükafatı öz sadiq tamaşaçılarından aldı. Əsl aktyor üçün alqış və çiçək dəstəsindən qiymətli nə ola bilər ki?! Biz də Məbud Məhərrəmovu 60 illiyi münasibətilə təbrik edir, ona növbəti yubileylərini də səhnədə qarşılamağı arzu edirik. 
   
   Gülcahan Mirməmməd