Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin Uşaqlara xidmət şöbəsində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin 300 illiyi münasibətilə “Poeziya kəhkəşanımızın parlaq ulduzu” adlı ədəbi-bədii gecə keçirilib.
Şöbənin müdiri Sevda Süleymanova, kitabxanaçı Səriyyə Məhərrəmova şairin həyat və yaradıcılığından ətraflı bəhs ediblər. Vurğulanıb ki, Vaqif öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir, ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan bir şairdir.
Şairlər Telman Hüseynov və Qabil Əsəd də Vaqif yaradıcılığından söz açıblar. Şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən Müzəffər Şükürov sazda şairin qoşmalarını, Qəni Quliyev isə qəzəllərindən ibarət musiqilər ifa edib.