Bütün dialoqlarda da ayrıca monoloqçu təsiri bağışlamış Ağasadıq Gəraybəyli
Elə bəri başdan həmin saysız-hesabsız “monoloq”ları “eşidək”.
Əvvəlcə, “quru bəy”liyi öz mimika və jestlərilə bir az da qurutduğu epizod: “Uduzduğum pulları yarım saata gətirərəm! Bir bəy kimi namusuma and içirəm!”
Doğma qızı Gülnazı kürəkənindən qoparacağı “500 manat”lar tələsinə çəkişi: “Qızım, sənə yaylıq alım... Qızım, sənə başmaq alım... Qızım, səni... qızım, səni...”
Və bir də, pullu qastrollar vəd verən Bəxtiyarın çıxışından əvvəl konsert “avans”ı kimi çaldırdığı kontrabasçının üstünə yamsılama çığırtısı: “Pılımı veer, pılımı veeer!..”
Dedikcə sadə, həlim, halal bir ömür yaşamış, sənətkarlıq bəxtinə isə daha çox “qumarbaz”lıq (“O olmasın, bu olsun” - Rüstəm bəy), “kələkbaz”lıq (“Bəxtiyar” - Ağabala), “yekəxana”lıq (“Qızmar günəş altında” filmində kolxoz sədri Sərdarov), “Əliqulu”luq, “Mindilli”lik (“Əliqulu evlənir”, “Nişanlı qız”) və sair kimi mənfiliklər düşmüş bu insanın haçan və harada doğulması, oradakı zəlzələ-vəlvələ, yetim-yesirlik zərurətindən qaçıb, Bakıda təsadüfən döydüyü bir qapıda necə mərhəmətlə qarşılanması, həmişə təbii həyat səhnəsindən bir pillə yuxarı sayılan teatr səhnəsinə nə sayaq ilk addım atması haqda öz xatirələrindən baxəbər olacaqsız deyə, öncə bu azman aktyorun -
Teatr-Ekran aləmindən
Və süftəcə, səksən il fasiləli iki fakt:
“Məni teatra böyük qardaşım - tamaşalarda həvəskar kimi çıxış (və görkəmli faciə aktyoru H.Ərəblinski ilə dostluq) edən Ağalar gətirib. 1908-ci ildə H.Ərəblinski ilə səhnəyə çıxmağım məni həmişəlik teatra bağladı”.
Səhnədə iki yüzə, ekranda (ilki - 1923-cü ildə 26 yaşında “Qız qalası” filmində həkim rolu olmaqla) otuza qədər maraqlı obraz yaratmış (və səsləndirmiş) Ağasadıq Gəraybəylinin son ekran işi 88 yaşında çəkildiyi “Nəvəmin nəvəsinin nəvəsi” kinosüjetində (“Mozalan” kinojurnalı) Baba obrazıdır.
Təxminən 80 illik sənət həyatı!..
Bu bənzərsiz aktyor böyük səhnə gəlişində H.Ərəblinski, M.Kazımovski kimi sənətkarlardan dərs alıb. “Nicat”, “Səfa” kimi həvəskar teatr dərnəklərindən, qısa dövrlü Gəncə səhnəsindən keçərək, “Ölülər”də (1921) tamaşaçılarını sərməst edən Kefli İsgəndər rolu oynayıb. 1933-cü ildən ömrünün sonunadək “böyük Azdram həyatı” yaşayıb; “Nadir şah”, “Arşın mal alan”, “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Səyavuş”, “Qaçaqlar”, “Pəri cadu”, “Toy”, “Kəndçi qızı”, “Nazirin xanımı”, “Mənziliniz mübarək”, “Müfəttiş”, “Günahsız müqəssirlər”, “Qacaq Nəbi”, “Vaqif”, “Xurşudbanu Natəvan”, “Uzaq sahillərdə”, “Sevil” və başqa tamaşalarda bir-birindən maraqlı obrazlar yaradıb, Rüstəm bəy, Ağabala kimi şedevrlərilə kino tamaşaçıları yaddaşının silinməz-pozulmaz yaraşığına çevrilib, Xalq artisti adına (1940), “Lenin”, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb, 1988-ci ildə Bakıda vəfat edib.
Deyirlər, “O olmasın, bu olsun” filmindəki Rüstəm bəyindən sonra bu aktyorun günlərinin çox saatı “küçədə, bazarda onun-bunun salam-sualını cavablamaqda” keçirmiş. Bunlar keçmişin axarına gömülmüş olsa da, yazılarda qalanlar da az deyil.
Səməd Vurğun: “Hər dəfə Ağasadığı səhnədə görəndə, sanki gözlərim önündən həyatın özü keçir. Mən onun timsalında həyatla səhnə arasında çox sıx bir əlaqə görürəm”.
Görkəmli teatr xadimi Mehdi Məmmədov: “Aktyorluq onun alın yazısıydı. Bir kərə də olsun özündənrazı görmədiyim bu adam məşqlərə həmkarlarından tez gələr, hər jesti, mimikanı yüz sınayıb bir oynar, hamıyla can deyib, can eşidərdi”.
Əliabbas Qədirov: “Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verə bilməz. Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Biz gənclər onu qiymətləndirdikcə, qədrini bildikcə, özümüz də sənət zirvəsinə ucalırdıq”.
Rəşid Behbudov: “Bəxtiyar” filminin çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Bir neçə filmdə çəkilib məşhurlaşmış, kifayət qədər nüfuz qazanmış bu aktyor kifayət qədər gülünc vəziyyətlərə düşən Ağabalanı elə həvəslə oynayırdı ki, sonralar ona kamera qarşısındakı aktyor kimi deyil, real həyat hadisəsi təki baxırdıq”.
Adil İsgəndərov: “Əgər A.Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynamış olsaydı belə, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı”.
Mirzə İbrahimov: “...C.Məmmədquluzadənin “Ölülər” komediyasında İsgəndər, Qoqolun “Müfəttiş”ində bələdiyyə rəisini o, parlaq realist boyalarla canlandırmışdır. Gəraybəyli səhnəmiz tarixində yaratdığı, silinməz izlər buraxmış surətləri müxtəlif xasiyyətlidir, zəngindir. Bu gözəl artistin sənət eşqi, yaşamaq həvəsi daim közərən bir ocaqdır ki, böyük də, kiçik də orada eyni hərarətlə qızınır”.
Bu sənətkar haqda daha qlobal, kriter-aspektual səpkidə fikirlər də deyilib. Onlardan biri də bu ki, əgər A.Gəraybəyli o vaxt Avropanın inkişaf etmiş ölkələrinin birində doğulmuş olsaydı, bu gün biz ondan dünya teatr və kino sənətinin ən parlaq ulduzlarından biri kimi danışmış, yazmış, bəhs etmiş olardıq.
Artıq başlanğıcdakı vədimin - onun öz xatirələrinin vəqtidir (ovaxtların leksikonuyca). Ancaq bundan əqdəm kiçik bir haşiyə. Belə ki, bu xatirəni oxuda, daha çox “Məşdibad” kimi xatırladığımız (və altmış ildən artıqdır hər telenümayişinə artan ləzzətlə baxdığımız!) filmdə qulluqçu Sənəmə “Küçələrdə qalmışdın, gətirdim bura, çörəyə çatdırdım, qudurdun?!” - deyərkən onun gözlərindəki ayrıca-alayıca (digər kadrlardakından büsbütün fərqli) kədəri də xatırlayın...
Və buyurun...
“1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, çörək verən, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradan yetdi imdadıma. İndi də xatırlaya bilmirəm ki, Bakıya gəlişim necə olub. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”.
Sahibsiz bir uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl, gəl görüm, nə istəyirsən?” - dedi. Kimsəsiz olduğumu danışdım. Sözümü bitircək, qəfil üzünü otağa çevirib səsləndi: “Ay qız, Heyran, hardasan? Tanrı bizə züriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi məşhurlaşan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. Onun ilk oxucularından biri də mən olardım. Həmişə müqəddəs ruhuna dualar oxuduğum, adı çəkiləndə belə ayağa qalxdığım Üzeyir Hacıbəyovdan daha nə qayğılar görmədim! Peyğəmbər xislətli bu şəxsiyyətin, böyük düha sahibinin amalı bu idi ki, Azərbaycan öz ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə “Ölülər”də Kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Mənimlə əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla hamı fəxr etməlidir” - dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum...”
Azərbaycan teatrı və ekran sənətinin, ümumən incəsənətin milli sərvətinə çevrilmiş bu aktyor başqa cəhətlərilə də örnək olub. Böyük isimlərlə eyni binada (Xaqani 34) yaşayan və hər gün teatra piyada gedib-gələn bu sənətkara günlərin bir günü onlardan biri deyəndə ki, sürücümə tapşırmışam, səhərlər səni teatra aparıb, axşamlar gətirəcək, o, bu təklifi belə qarşılayır: “Çox sağ olun Süleyman (Rüstəm) müəllim. Mən hər gün teatra gedib-gələnəcən rastlaşdığım adamların üz-gözündəki təbəssümə bais ola bilmərəm...”
Tahir Abbaslı