Məşhur rejissor, ssenarist və prodüser Stiven Soderberg kino aləmindən uzaqlaşmaq qərarına gəlib. Bu barədə Soderbergin rejissoru olduğu "Epidemiya" filmində baş rolu ifa edən aktyor Mett Deymon "Los-Anceles Times" qəzetinə müsahibəsinə bildirib: “O, kino aləmini tərk edərək ciddi şəkildə rəssamlıqla məşğul olmaq istəyir. Rejissorun fikrincə, o, kino aləmində artıq tükənib”.
   Əslində Soderberg rejissorluq karyerasını başa vurmağı bir neçə ildir ki, planlaşdırırdı. Hələ bir il yarım əvvəl mətbuata verdiyi müsahibələrindən birində rejissor daha filmlərə quruluş vermək arzusunda olmadığını demişdi. Lakin həmin bəyanatdan sonra o, kinodakı məşğuliyyətindən əl çəkmədi, hələ üstəlik “Xəbərçi" adlı komediya filmini çəkdi.
   Onu da qeyd edək ki, rejissorun 2011-2012-ci illər üzrə kino planları da hazırdır. Bu sırada aktyor Maykl Duglasın baş rolu ifa edəcəyi "Libereysi" filmi, "U.N.C.L.E.-dan olan adam" serialının tammetrajlı ekran variantı yer alır.

   Vəfa Zeynalova