Martın 11-də Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Argentina: elm və mənəviyyat müstəvisində” mövzusunda elmi seminar keçirilib.
“Elm çırağı” İctimai Birliyinin sədri, professor Naida Məmmədxanova seminarın mövzusu barədə danışıb. Bildirib ki, Azərbaycan kimi, Argentinanın da zəngin tarixi, mədəni irsi, ədəbiyyatı var. Argentina Cənubi Amerikanın Braziliyadan sonra ikinci böyük ölkəsidir. Argentina Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Azərbaycanın Cənubi Amerikada ilk səfirliyi 2010-cu ildə məhz Argentinada açılıb.
N.Məmmədxanova ölkəmizdə Argentina mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, kinosuna, futboluna böyük maraq göstərildiyini söyləyib. Vurğulanıb ki, Azərbaycan ziyalıları üçün Argentina bir çox tanınmış yazıçıların vətənidir.
BMA-nın prorektoru, professor Gülnaz Abdullayeva tədbirin Azərbaycan ilə Argentina arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini, hər iki ölkənin mədəniyyətində, məişətində və incəsənətində oxşar cəhətlərin olduğunu bildirib.
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva “Argentina və Azərbaycan: əməkdaşlığın tarixi və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Səfir ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni və idman sahələrində əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, 2013-cü ildə Argentinanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Hazırda Azərbaycan-Argentina münasibətləri müxtəlif sahələrdə güclənərək yeni mərhələyə qədəm qoyur.
Sonra “Azərbaycan-Argentina: dekorativ-tətbiqi incəsənət sahəsində qarşılıqlı əlaqələr”, “Borhes” Babilistan kitabxanası: oyun və həqiqət arasında” və “Argentina tanqosu” mövzularında məruzələr dinlənilib.
Tədbirdə BMA-nın tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Gənc rəssamlar Günel Hüseynova və Fərəh Əliyevanın əl işlərindən ibarət sərgi nümayiş olunub.