Paytaxt teatrlarının Novruz repertuarı
Sabahdan etibarən bütün Azərbaycan böyük bayram tətilindədir. Təbii ki, bugünlərdə növbə ilə işləyənlər də olacaq, hər günü işdə keçənlər də. Amma bütövlükdə bayram ovqatının bütün ölkə əhalisini bürüdüyü şəksizdir. Yəqin ki, çoxunuz bayram tətilini necə keçirəcəyi ilə bağlı plan tutub. Aranızda həm ziyarət, həm ticarət deyibən doğmalarının yanına, ya da baharın nəfəsinin artıq əməllicə duyulduğu bölgələrimizə istirahətə yollananlar da olacaq, yaxın-uzaq xarici ölkələrə üz tutanlar da. Təbii ki, bölgələrimizdən də paytaxtımıza gələnlər olacaq. Hər il olduğu kimi, xaricdən, xüsusilə də Şərq ölkələrindən Novruz eşqi ilə Azərbaycana gələn turistlər də.
Düzdür, ta qədimdən Novruz ailə daxilində qeyd edilən, qohum-əqrəba ilə birgə keçirilən bayram olub, amma hər halda. Əslində qohumlarla, yaxından-uzaqdan gələn dostlarla təkcə evdə yox, mənəvi qidanın təklif edildiyi mədəni istirahət məkanlarında da görüşüb mənalı vaxt keçirmək olar. Elə bu fikri əsas tutaraq Novruz süslü günlərdə Bakı teatrlarının öz tamaşaçılarına nə vəd etdiyi ilə maraqlandıq.
Uşaqlar üçün «Şelkunçik», böyüklər üçün «Leyli və Məcnun»
Klassik musiqi repertuarına bayram günlərində də sadiq qalan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Novruz günlərinin büsatını mümkün qədər «milliləşdirib».
Elə bu axşam (17 mart) teatrın səhnəsi Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Onlar P.Çaykovskinin «Şelkunçik» baletini oynayacaqlar. Balacaların cizgi filmindən tanıdıqları nağıl qəhrəmanlarını səhnədə də görməsi fürsətini qaçırmayın.
Martın 19-da milli operamızın ilk nümunəsi - Üzeyir Hacıbəylinin «Leyli və Məcnun»u nümayiş olunacaq. Teatrsevərlər aktyor heyəti demək olar ki, tamamilə təzələnmiş tamaşada gənc ifaçılar Arzu Əliyeva (Leyli), Cahangir Qurbanov (Nofəl), Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yəhyayev (Leylinin atası), Elnur Zeynalov (Məcnunun atası) və Afaq Ağayevanı (Məcnunun anası) dinləyə biləcəklər. Leylinin vüsalına çata bilməyən iki aşiq - Məcnun və İbn-Səlam partiyalarını isə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov ifa edəcəklər.
Martın 23-24-də teatrda Əməkdar artist Elnarə Abdullayevanın solo konserti olacaq. Elnarə xanımın ifa tərzini sevənlərin, onun ötən Novruzdakı konsertlərini unutmayanların öz təəssüratını təzələmək şansı var.
Ayın sonu isə daha iki əsərin tamaşası ilə yaddaqalan olacaq. Martın 26-da A.Adanın «Jizel» baleti, 29-da Üzeyir bəyin «Əsli və Kərəm» operası nümayiş olunacaq. Balet tamaşasında əsas partiyaları beynəlxalq müsabiqə laureatı Cəmilə Kərimova, qraf Albert partiyasını isə yenicə Əməkdar artist adına layiq görülmüş Makar Ferştandt ifa edəcək. «Əsli və Kərəm»də Arzu Əliyeva və İlkin Əhmədov və başqalarını görə biləcəyik.
«Kosanın qızı» da varmış...
Akademik Milli Dram Teatrı bayram günlərində yalnız kiçik teatrsevərlər üçün çalışacaq. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, kollektiv Rəhman Əlizadənin «Keçəlin toyu» pyesinin motivləri əsasında «Kosanın qızı» adlı tamaşa hazırlayır. Anar Sadıqovun ssenariləşdirdiyi tamaşaya Əlif Cahangir quruluş verir. Tamaşanın musiqi tərtibatı da elə rejissora məxsusdur. «Kosanın qızı» əhvalatını isə əməkdar artistlər Mirzə Ağabəyli və Əlvida Cəfərov (Dədə Qorqud), Mehriban Xanlarova (Küpəgirən qarı), aktyorlar Rada Nəsibova (Bahar qızı), Ramin Şıxəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) bizə çatdıracaqlar. Əziz oxucular, biz sizə pyesin süjetini danışırıq, amma siz övladlarınıza danışmayın ki, tamaşa onlar üçün maraqlı olsun: Keçəl Kosanın qızı Bahara aşiq olur. Ona elçi düşür. Amma Qazı təyin olunandan sonra Keçəli bəyənməyən Kosa qızını ona vermək istəmir. Bir gün Keçəl sehrli mücrü tapır və hər şey tamam dəyişir...
Tamaşa 17 martdan etibarən hər gün saat 11-də, 13-də, 15-də və 17-də oynanılacaq.
Alisa ilə bu görüş başqa görüşdür
Azərbaycan Dövlət Rus Dram Teatrı Novruz bayramı ilə bağlı öz repertuarına xüsusi dəyişiklik etməyib. Sadəcə, adətən şənbə-bazar günləri oynanılan uşaq tamaşaları məktəblilərin yaz tətili ilə əlaqədar təkcə həftəsonu deyil, həm də həftəiçi də göstəriləcək. Kollektiv sabahdan etibarən 20 və 21 mart günlərindən başqa hər gün balaca teatrsevərləri tamaşa salonuna dəvət edir. Lakin martın 24-də baş tutacaq tamaşa digərlərindən fərqlənəcək.
İlk dəfə Bakıda «Alisa - yeni sərgüzəştlərə doğru» uşaq şou-müziklinin premyerası olacaq. Teatr vəd edir ki, tamaşaçıları Lüis Kerollun əbədi hekayətinin tam fərqli və yeni yozumu gözləyir. Bu şou yazıçının sözlə təsvir etdiyi möcüzələri gerçəkliyə çevirəcək. Rəngarəng dekorasiyalar, nadir effektli kostyumlar, maraqlı aktyor oyunu və şux musiqi auditoriyanı cəlb edəcək. Şouda hündürlüyü 2,5 metrə çatan transformerlər - Optimus Praym, BamblBi, Roudbaster, Sentinel Praym, Meqatron, ŞokVeyv və Qalvatron, işıq və səs effektləri hər kəsi təəccübləndirəcək. Hər necə olsa, səhnə möcüzələr ölkəsini əks etdirəcək axı...
Şouda daha nələr və kimlər olacaq? Teatr bu sualın cavabını vacib sirr kimi qoruyur. Əgər çox bilmək istəyirsinizsə, martın 24-də saat 12-də Rus Dram Teatrında olun.
Təbrizdən Bakıya yollar görünür
Dövlət Musiqili Teatrı ilə Təbriz Teatrı arasında işbirliyi qurulması barədə xəbər vermişdik. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ideya müəllifi və bədii rəhbəri olduğu həmin layihənin təqdimat zamanı yetişib. Martın 21-də gülüş ustası Babək Nəhreynin müəllifi olduğu və baş rolda çıxış etdiyi «Bəxtəvər» tamaşasının premyerası olacaq. Ayın 29-dək hər axşam saat 18-də «Bəxtəvər» səhnəyə çıxacaq. Tamaşanın quruluşçu rejissoru İranın tanınmış teatr xadimlərindən Yaqub Sadiqcamali, quruluşçu dirijoru Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir. Rollarda Babək Nəhreyn, Nahidə Orucova, Əkbər Əlizadə, Möylə Mirzəliyev, Camal Sadiqnecat, Ülviyyə Əliyeva, Əzizağa Əzizov və başqaları çıxış edirlər.
Novruz bayramı günlərində İrandan ölkəmizə xeyli turist gəldiyi üçün «Bəxtəvər»in Atabəy Nadiri adlı xüsusi əlaqələndiricisi də var.
Bu maraqlı layihə ilə yanaşı, teatrda hər gün günorta cari repertuardakı uşaq tamaşaları da oynanılacaq.
Pippi ilə Aycandan əvvəl Keçəl və Kosa səhnəyə çıxacaq
Gənc Tamaşaçılar Teatrı builki Novruz bayramına ayrıca tamaşa həsr etməyib. Amma hər tamaşadan əvvəl Kosa ilə Keçəl teatrsevərləri bayram münasibətilə təbrik edəcək. Məktəblilərin tətili nəzərə alınaraq, həftəiçi də 3 seans uşaq tamaşaları oynanılacaq. Martın 18-dən 26-dək teatrın səhnəsində «Tıq-tıq xanım», «Qoğalın nağılı», «Uzuncorab Pippi», «Çirkin ördək balası», «Aycan», «Buratinonun macəraları» göstəriləcək. Tamaşalar saat 12, 14 və 16-da başlayır. Bu tamaşalarda əsas rollarda Nəsibə Eldarova, Gülər Nəbiyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Asya Atakişiyeva, Günel Məmmədova, Səbinə Məmmədova və başqaları çıxış edirlər.
Böyüklər isə martın 25-də «Qohumlar» məzhəkəsinə, 26-da «Leyli və Məcnun» dramına baxa bilərlər.
Azərbaycan nağılları və yeni «Pişiyin evi»
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında böyüklər üçün əsərlər var, amma bayram günləri istisnasız olaraq uşaqlar üçün tamaşalar oynanılacaq. Daha çox Azərbaycan nağıl-tamaşaları üstündə qurulmuş bayram repertuarında yeni səhnə əsəri də var: S.Marşakın eyniadlı pyesi əsasında hazırlanmış «Pişiyin evi». Bu gündən etibarən teatrda məktəblilərin yaz tətili bitənədək hər gün saat 12 və 14-də Azərbaycan dilində, 18-də isə rus dilində tamaşalar göstəriləcək.
Gülcahan Mirməmməd