Dənizkənarı Milli Parkda keçiriləcək Novruz şöləni hər kəsə xoş ovqat bəxş edəcək
   
   Ölkəmiz Novruz bayramını hər il olduğu kimi, böyük təntənə ilə, ümumxalq şənliyi ilə qeyd etməyə hazırlaşır. Bayram öncəsi, martın 19-da Dənizkənarı Milli Parkda keçiriləcək Novruz şöləni yenə rəngli görüntülərlə hər kəsə xoş ovqat bəxş edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ənənəvi bayram tədbiri də çal-çağırı, bölgələrimizin bar-bərəkətli Novruz sovqatı, el sənətkarlığı nümunələri, zəngin milli mətbəximizin təqdimatı ilə yadda qalacaq.
   Martın 16-da ümumxalq şənliyinə hazırlıq işlərinin məşqi keçirildi. Məşq prosesinə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri və ifaçılar qatılmışdı. 
   Hazırlıq prosesini yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev builki bayram tədbiri haqqında jurnalistlərə müsahibə verdi.
   
   Möhtəşəm bayram proqramı hazırlanıb
   
   Öncə xalqımıza təbriklərini çatdıran nazir müavini bildirdi ki, Novruz bayramına həsr olunan şənliyin yüksək səviyyədə baş tutması üçün bütün lazımi işlər görülüb, aparıcı musiqi kollektivləri cəlb olunub, onların hazırlıq səviyyəsi yoxlanılıb: “Hər il olduğu kimi, bu il də xalqımızın ən əziz bayramı - Novruz təntənəli şəkildə qeyd olunacaq. Hazırda Qız qalasının yanından başlayıb Dənizkənarı Milli Park boyunca davam edəcək şənliyin son məşqləri gedir. Görülən işlər onu deməyə əsas verir ki, Novruz bayramına həsr edilən bu möhtəşəm tədbir bütün insanların ürəyincə olacaq”.
   Sonra Ədalət Vəliyev şənliyin proqramı haqqında ətraflı məlumat verdi. 
   Bildirdi ki, hər il Novruz bayramı Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yüksək səviyyədə qeyd olunur. Bu il də ənənə pozulmayacaq. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də bölgələrdə geniş qeyd ediləcək.
   Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərin, qalereyaların iştirakı ilə geniş proqram hazırlanıb. Bayram şənliyi Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.
   Bayramın personajlarına gəlincə, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Novruz personajları Kosa və Keçəllə bağlı səhnəciklər, xalq dastanları və nağıl qəhrəmanlarının bir araya gəlməsi mərasimə xüsusi şuxluq gətirəcək. Teatrların aktyorları, o cümlədən Azərbaycan Dövlət Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında çıxış edəcəklər.
   Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də bayrama rəng qatacaqlar. Eyni zamanda muğam ifaçıları və aşıqlar ayrı-ayrı səhnələrdə çıxış edəcəklər.
   Diqqətə çatdırıldı ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də Novruz şənliyinin təşkil olunmasında yaxından iştirak edir.
   
   “Şərq bazarı”nda bütün rayonların iştirakı təmin ediləcək
   
   Ədalət Vəliyev qeyd etdi ki, Novruz şənliyi çərçivəsində ölkəmizin müxtəlif rayonlarını əhatə edən ənənəvi “Şərq bazarı” yarmarkasında bayram sovqatları, mədəni irs, sənaye məhsulları, mətbəx nümunələri, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək, bayram adət-ənənələri, xalça sənəti örnəklərimiz ayrı-ayrı stendlərdə geniş nümayiş olunacaq. Bu vaxta qədər bayram şənliyi çərçivəsində təşkil olunan “Şərq bazarı”nda 30-35 rayonun stendləri qurulub, nümayiş etdirilirdisə, builki bayram yarmarkasında yanvar ayından fəaliyyətə başlayan regional mədəniyyət və turizm idarələrinin stendləri qurulacaq, bütün şəhər və rayonlarımız yarmarkada təmsil olunacaq. Həmin stendlərin qarşısında regional idarələrin əhatə etdiyi rayon və şəhərlərin adları əks olunacaq, kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək. 
   Bayram günlərində Dənizkənarı Milli Park gücləndirilmiş iş rejimində işləyəcək. Bulvarda fəaliyyət göstərən obyektlər tez açılıb, gec bağlanacaq. Həmçinin paytaxtın muzeyləri, teatrları və digər mədəniyyət müəssisələri də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhər sakinlərinə və qonaqlara xidmət edəcək.
   Bulvardakı “Saat” qülləsinin qarşısında erkən saatlarından başlanacaq bayram konserti axşam saatlaradək izləyicilərə xoş ovqat bəxş edəcək. 
   Bir sözlə, hazırlanan zəngin proqram tədbirə qatılacaq paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına, eləcə də konserti televiziya vasitəsilə seyr edəcək vətəndaşlarımıza əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
   Sonda Ədalət Vəliyev bayram şənliyinin yüksək səviyyədə keçirilməsi, məşq prosesində nəzərə çarpan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
   Onu da bildirək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil edilib. 2010-cu ildə isə Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilib. 
   Qarşıdan gələn bayram münasibətilə bütün xalqımızı, dünyanın dörd yanında yaşayan soydaşlarımızı və Novruzu qeyd edən bütün dünya xalqlarını təbrik edirik.
   
   Fariz Hüseynov