“Leyli və Məcnun” tamaşasında seyrçi qədim Şərqin sehrli, ehtiras dolu atmosferinə dalır...”
   
   Hər kim sorar olsa Qeysə bir raz,
   Leylidən ona yetərdi avaz.
   Kim Leyliyə qılsa bir xitabı,
   Qeys idi ona verən cavabı...
   
   Rus publisisti və mütəfəkkiri Qriqori Landaunun sözüdür: “Sənət həmsöhbətin susduğu dialoqdur”. Bu elə bir dialoqdur ki, ondan öyrənməklə yanaşı, həm də böyük zövq alırsan. Xüsusən də bu dialoq teatr sahəsində baş verirsə... Yaradıcılıq sənətkardan, sənətkar da yaradıcılıqdan qaynaqlandığı kimi, teatr bunların sintezində həm də tamaşaçıdan ruh alaraq yaşayır. Bir sözlə, teatr dünyasında yaşanan hər bir yenilik, hər bir ilk addım bu tandemin birgə uğuru, birgə nailiyyətidir... 
   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə dramatik janrda tamaşanın hazırlanması da belə kollektiv yaradıcılığın uğurudur. Rejissor, Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi tamaşa artıq bir necə aydır teatrın repertuarında özünə yer tutub və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Mütəxəssislər, sənət adamları da səhnə əsəri haqqında maraqlı fikirlər səsləndiriblər. 
   
   “Böyük poeziyanın və böyük musiqinin munis “əməkdaşlığı”
   
   Tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov:
   - Doğrudur, bu əsərin musiqili teatr səhnəsində yaşanan uğurlu taleyi nikbinlik oyada bilər, amma unutmaq olmaz ki, qeyd etdiyimiz mədəniyyət faktı iki dahinin - Füzulinin və Üzeyir bəyin, böyük poeziyanın və böyük musiqinin munis "əməkdaşlığı” ilə baş tutub. 
   Bəs dramatik səhnə üslubunda həmin əsərlə "dil tapmaq” necə, mümkündür? Bu suala birmənalı cavab tapmaq çətindir, amma indiyədək cəhd edənlər olub və Gənc Tamaşaçılar Teatrının kollektivi də rejissor Nicat Kazımovun rəhbərliyi ilə özündə cəsarət tapıb. Bu, adi sözlə ifadə edilsə, cəsarətdir, amma sənət baxışı ilə hünər kimi dəyərləndirilməlidir. Çünki ağılla görülmüş böyük işlər böyük hünər tələb edir. Əlamətdar olan budur ki, rejissor və onun həmfikirləri çiyinlərinə götürdükləri yükün ağırlıq dərəcəsinə, gördükləri işin nəticə etibarilə uğurlu, yaxud uğursuz olacağının fərqinə varmadan bədii niyyətlərinin, yaradıcılıq "mən”lərinin səhnə ifadəsini realizə etməklə təqdirəlayiqdirlər. "Leyli və Məcnun” tamaşasında quruluşçu rejissor bir sıra maraqlı səhnə tapıntıları ilə diqqəti cəlb edir. Belə ki, onun istər bütövlükdə tamaşanın, istərsə də ayrı-ayrı səhnələrin və obrazların yozumunda sözün müsbət mənasında gözlənilməz ifadə həlli, həmçinin irili-xırdalı səhnə kəşfləri rejissorun axtarış səylərinin nəticəsi sayılmalıdır. 
   İ.İsrafilov bildirir ki, N.Kazımov məşhur poemanın yaddaşlarda iz buraxan stereotip təəssüratlarını sanki dəyişməyə çalışır, öz yaradıcı təxəyyülündə formalaşdırdığı yozum məntiqi ilə tamaşaçını "yoluxdurmaq”la, onu səhnədə təqdim etdiyi hadisələri başqa baxış bucağında dəyərləndirməyə sövq edir: “Tamaşanı izlədikcə aşkar görünür ki, əsərdəki poetik düşüncələrin başlıca olaraq sözlərdə ifadəsini tapan hikmətinin səhnə oyununu qidalandıra biləcək əməl gücü zəifdir. Poemadakı fikirlərin klassik Şərq poeziyasına məxsus bədii ornamental ifadəsi, əruzun möcüzəkar ahəngindəki heyrətamizliyi, onun teatr vasitələri ilə aktyor ifaçılığındakı əməl xəttinin təzahüründə bir qədər sadələşdirilir. Bu isə rejissorun bütün istedadını, yaradıcılıq məharətini səfərbər etsə belə, poemanın səhnə ssenarisinin təcəssümündə özünün teatr ekvivalentini tapmaması qənaətini yaradır. Halbuki məhz aktyorların təqdim etdikləri obrazların plastik rəsmindəki, emosional səhnə yaşantılarındakı uğurları, ayrı-ayrı gəlişlərdəki ifaçılıq ustalığının nümayişi olduqca yüksəkdir və rejissorun onları bədii niyyət ətrafında ansambl oyuna kökləmək bacarığı uğurlu nəticəsini büruzə verir”.
   Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov klassik əsərlərin dövründən, zamanından asılı olmayaraq, səhnəyə qoyulmasını hadisə hesab edir: “Amma təqdim olunan tamaşaların nə dərəcədə sənət hadisəsinə çevrilməsi artıq başqa söhbətin mövzusudur. “Leyli və Məcnun” tamaşası sanbal baxımından çox ağır tamaşadır. Rejissor N.Kazımov tərəfindən tamaşaya maraqlı quruluş verilib. “Leyli və Məcnun” tamaşaçıya hiss etdirir ki, seyr etdiyi əziyyətli tamaşadır, yaradıcı heyət zəhmət çəkib. Maraqlı aktyor oyunları var. Bir sözlə, “Leyli və Məcnun”un uğurlu cəhətləri az deyil”. 
   Tamaşanın məsləhətçisi, yazıçı-dramaturq İlqar Fəhmi bildirir ki, həm rejissor, həm də aktyorlar, sözün əsl mənasında, məsuliyyətli bir işin öhdəsindən gəlməyi bacarıblar: “Baxmayaraq ki, tamaşanın dili çətindir, amma tamaşaçı onu başa düşür. Çünki əsl sənət olan yerdə, insan ruhuna yaxın hadisələrin cərəyan etdiyi tamaşada başa düşülməyəcək məqam ola bilməz. Aktyorların ifası və tələffüzü üzərində işləyərkən onların işə necə həvəs və məsuliyyətlə yanaşdıqlarının şahidi oldum. İnanıram ki, tamaşa Azərbaycan teatr sənəti sahəsində öz yerini tuta biləcək”.
   Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, Xalq artisti Lyudmila Duxovnaya deyir, bu səhnə əsərində tamaşaçı qədim Şərqin sehrli, ehtiras dolu atmosferinə dalır. Tamaşada rejissor və aktyorlar bir-birinə ifadəli quruluşda, klassik hislər anlayışında səhnə effektləri və aktyor oyunu ilə gözəl mizan yarada biliblər: “Tamaşa o qədər emosional və mənalıdır ki, dili və sözləri başa düşməyən seyrçi belə onu asanlıqla qavraya bilir. Bu səbəbdən də deyərdim ki, hətta digər ölkələrdə nümayişi də gözəl olar. Təbii ki, burada rejissorun işini də dəyərləndirmək yerinə düşər. O, daim axtarışdadır və bu əsər də həmin axtarışların nəticələrindən biridir. Gözəl, əlvan, eşq dolu tamaşa. Yaradıcı heyətin quruluşa ürəyini qoyduğu hiss olunur. Aktyorların hisləri zala elə ustalıqla ötürülür ki, tamaşaçı da aktyorlarla birgə həyəcanlanır. Bu sanki iztirablı və hislərlə dolu bir ibadətdir. Geyimlər, plastika, musiqi tərtibatı bir-birini tamamlayır”. 
   Azərbaycan səhnəsinin Leylilərindən Xalq artisti Gülyaz Məmmədova 1992-ci ildən Akademik Opera və Balet Teatrının səhnəsində bu obrazı sevə-sevə yaradıb. Sənətçi klassik əsərin dramatik tamaşa janrında təqdimatını da maraqlı hesab edir: “Bizdə əsər musiqi dili ilə çatdırılırsa, burada hislər, jest, hərəkətlər və aktyor oyunu ön plandadır. Düzü, ilk olaraq Məcnunun dünyaya gəlişi səhnəsi daha çox diqqətimi çəkdi. Aktyorların Füzuli yaradıcılığını mənimsəmələri və intonasiyalar, səhnə danışığı da gözəl alınıb. Tamaşada İbn Səlam və Leyli, Leyli ilə Məcnunun görüş səhnələri maraqla qarşılanır. Bu tamaşada əsərə fərqli yanaşma insanı valeh edir. Hər bir rejissorun öz baxışı var. Rejissor öz dünyagörüşü çərçivəsində, daxili dünyasının səsi ilə əsəri tamaşaçıya çatdırmaq istəyib və bu da müsbət bir yaradıcılıq ab-havası ilə nəticələnib. Bəzi səhnələr var ki, tamaşaçı bu günə kimi görmədiyi, bilmədiyi tərəfləri görə bildi. Tamaşanı izləyərkən sözləri əzbər bilsəm belə, aktyorların əvəzinə sonsuz həyəcan yaşadım. Yeniliklər heç də həmişə qucaq açılaraq qəbul edilmir. Məncə, bu tamaşa da tənqidi məqamlardan xali deyil.
   Uzun illər opera səhnəsində Leylini oynamış bir ifaçı olaraq bütün həmkarlarıma məsləhət bildim ki, tamaşanı izləsinlər. Çünki Gənc Tamaşaçılar Teatrının səhnəsində bu əsəri izləyəndə yaxşı mənada içinizdə bir qısqanclıq yaranacaq. Siz obrazınızı bir daha sevəcəksiniz”.
   Xatırladaq ki, martın 26-da Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” növbəti dəfə teatrsevərlərin görüşünə gələcək. 
   
   Lalə Azəri