Adil Şıxəliyev Azərbaycanın tanınmış qobelençi rəssamlarındandır. 70 yaşlı rəssam uzun illərdir bu sahədə yorulmadan çalışır. Onunla söhbətə getdiyim vaxt yeni əsərini bitirmək üzrəydi. Bu yaşda yeni əsərlər yaratmaq istəyilə yaşayan sənətkar hələ yaradıcılıq imkanlarının tükənmədiyini bildirdi. 
   O, 1946-cı ildə Qubada anadan olub. 1970-1974-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1980-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. O vaxtdan keçmiş ittifaqda düzənlənən sərgilərdə iştirak edib. Adil müəllim deyir ki, onda Azərbaycan, eləcə də SSRİ rəssamlar ittifaqlarının üzvü olmaq çox çətin idi. Bunun üçün bir çox mərhələlərdən keçmək gərək olurdu. Hər bir rəssamın əsərinə yüksək tələblər qoyulurdu. 
   Qobelen sənətinə vurğunluğu təhsil illərindən sonra başlayıb. Bu işdə xalça, palaz, kilim, zili texnologiyalarını bilməsi ona çox yardımçı olub. O, bu sənətin sirlərini rəssamlar Sabir Şıxlı, Svetlana İsmayılova və başqalarından öyrənib. Həmsöhbətim deyir ki, onu həmişə böyük həcmli əsərlər yaratmaq ideyası daha çox özünə çəkib. İlk qobelenini kosmos mövzusuna həsr edib və tamaşaçılarda maraq doğurub. Rəssamın fikrincə, xalça, palaz, sumağ və başqa texnologiyaları bilmədən gözəl, milli qobelenlər yaratmaq çətindir. 
   Bəs “qobelen” sözü haradan gəlir? Bu söz Fransada böyük manufaktura sahibləri olan Qobel qardaşlarının adıyla bağlıdır. Qobelen dünyada geniş yayılsa da, Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənəti sayılır. Dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilib və sonralar bir çox Şərq ölkələrinə yayılıb. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi sayılaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə gözəllik bəxş edən sənət sahəsi olub. 
   A.Şıxəliyev vurğulayır ki, bir neçə yüz il öncə Fransada varlı ailələrdə şpalerlər dəbdə idi. Rəssam şpalerin nə olduğunu əyani göstərmək üçün sovet dönəmində rus şpaler sənətinə həsr olunmuş nəfis bir kataloqu gətirir. Şpaler qobelen texnikası ilə incə saplarla sıx toxunur. Ona incəlik, dəqiqlik və gözəlliyi verən də elə sıxlıqdır. Əsərlərə baxdıqca heyranlığımı gizlədə bilmirəm. Şpaler sənətində çoxfiqurlu kompozisiyalardan dəqiq işlənmiş portretlərə kimi hər şey yaratmaq olur. Əsərlər o qədər incə və zövqlü işlənib ki, bunların saplarla toxunduğuna inanmaq çətindir. 
   Rəssam söyləyir ki, I Pyotrun zamanında qobelen sənəti Rusiyada geniş yayılmağa başlayıb, onun göstərişi ilə Fransadan qobelen toxuyan rəssamlar dəvət olunub. Sonralar “rus şpaleri” adıyla məşhurlaşan sənət növü indi hamıda heyrət yaradır. Sovet zamanında respublikamızda da qobelen sənəti formalaşıb. 
   A.Şıxəliyevin sözlərinə görə, tarixən bizdə qobelen sənət sahəsi kimi mövcud olmasa da, ona yaxın texnologiyalar olub: “Xalq rəssamı, mərhum Lətif Kərimov sağlığında xalça, palaz, kilim, zili və sairəni bir-birindən ayırdı, hər birini sistemləşdirdi, adlandırdı. O, bizə deyirdi ki, buna qobelen deməyin. Bəs nə deyək? Onda gərək o, buna başqa bir ad qoyaydı. Qobelen beynəlxalq terminə çevrilib, hamı onu bu adla tanıyır. Qaldı milli qobelenə, bunlar yalnız öz rəngləri, mövzularıyla seçilə, yaradıla bilər. Çağdaş, avanqard qobeleni dünyada hamı yaradır. Milli qobelenlər milli mövzulardan yaranmalıdır”. 
   Bildirək ki, qobelendə ərişlər pambıqdan olur, əsər ipək və sintetik saplardan toxunur. Burada rəssamın yaradıcılıq üfüqləri çox genişdir, ən qarışıq kompozisiyaları qobelendə yaratmaq mümkündür. Adil müəllim də müxtəlif mövzularda, ölçülərdə milli qobelen sənətinin örnəklərini yaradıb. Onun yaratdığı portretlər çox diri, çəkimli görünür. Deyir ki, xalçaya göstərilən diqqət və qayğı qobelenə də göstərilməlidir. Yoxsa xalçaçılarla müqayisədə çox az adamın məşğul olduğu bu sahə unudulacaq. 
   Düzdür, bu sənət ölkəmizdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc nəslə öyrədilir. Adil müəllimin oğlu da ali təhsilli qobelen mütəxəssisidir. Ancaq maddi çətinlik ucbatından bu gün başqa bir sahədə çalışır. Belə nadir sənətlərin yaşadılması fədakarlıq tələb edir. Bu gün hansısa qobelen əsərinin başa gəlməsi çox çətindir. Bu üzdən də gənclər qobelenə həvəs göstərmir, ona görə ki, bundan “çörək çıxmır”. 
   Adil müəllimin sovet dönəmindən çoxlu sapları qalıb, indi onlar rəssamın dadına çatır. Onun sap boyamaq üçün iri qazanı da var. Rəssam deyir ki, dərman bitkilərin çoxu boya verir və belə saplar uzunömürlü olur. O, qobelenlərinin bəzilərini çərçivəyə də salıb. Rəssamın sözlərinə görə, Azərbaycanda qobeleni bir sənət kimi tam qəbul etmirlər: “Deyirlər ki, bizim xalça sənətimiz var. Qobelen vaxt aparan sənətdir. Ömrü bu sənətə həsr edib dolanmaq olmur”. 
   A.Şıxəliyev cəmi bircə fərdi sərgi keçirib. O da ötən il - 70 illiyi münasibətilə baş tutub. Rəssam əsərlərini həyata inam eşqiylə yaradır. Bununla o həm özünü ovudur, həm də yaşamağa inamını artırır: “Mən başqa heç bir işlə məşğul ola bilmirəm. Əlimdən başqa iş gəlmir. Əsərlərim də satılmır. Pensiya ilə dolanıram. Bu yaşda ciddi xəstəliyimin olmamasına şükür edirəm”.
   
   S.Qaliboğu