Kinoşünas Aydın Kazımzadənin tərtib etdiyi ensiklopediyanın ilk cildi tezliklə çap olunacaq
   
   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin tərtib etdiyi “Kino ensiklopedik lüğəti”nin I cildi bu yaxınlarda çap olunacaq. 
   Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin verdiyi məlumata görə, Azərbaycan kino tarixini əks etdirən ensiklopediyanın ilk cildi artıq mətbəəyə verilib. Onun sözlərinə görə, ensiklopediyada müxtəlif illəri əhatə edən məlumatlar əlifba üzrə sıralanıb. Nəşrdə yer alan materialların xüsusi CD variantının hazırlanması da nəzərdə tutulur. Bu disk ensiklopediyaya əlavə olunacaq.
   Dövlət Film Fondunun direktoru onu da deyib ki, yanvarın sonlarında Azərbaycan kino bülleteninin ikinci buraxılışı işıq üzü görəcək. Bülletenin II buraxılışında 2008 və 2010-cu illər ərzində çəkilmiş Azərbaycan filmləri, eləcə də Azərbaycanın görkəmli kino xadimləri haqqında məlumatlar yer alıb.
   Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə isə bizimlə söhbətində bildirdi ki, Azərbaycan kino ensiklopediyasının II cildi üzərində işi davam etdirir.
   
   Yeganə