Tarixi müqaviləyə həsr olunmuş sənədli film çəkilir
   
   “Nova Gorica” Kino Mərkəzi ilə Aran-Qərb bölgəsi və Yevlaxın “EL” regional telekanalının birgə layihəsi əsasında ekranlaşdırılacaq tammetrajlı sənədli filmin çəkilişlərinə hazırlıq görülür. 
   “Qars anlaşması” adlanacaq yeni ekran əsərində 1921-ci il oktyabrın 13-də imzalanmış və Azərbaycan tarixinin sonrakı mərhələsində həlledici rol oynamış Qars müqaviləsi ilə bağlı bütün həqiqətlər, tarixi faktlar öz əksini tapacaq. Xatırladaq ki, Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsində Cənubi Qafqazda sərhədlərin dəqiqləşdirilməsi əksini tapmışdı. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlıdır. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbit olunub.
   Filmin yaradıcı heyəti yaxın vaxtlarda çəkiliş üçün Türkiyənin Qars vilayətinə yola düşəcək. Çəkilişlər çərçivəsində Qars Universitetinin rəhbərləri, tarixçilər, həmin dövrün canlı şahidləri ilə görüşlər, müsahibələr təşkil olunacaq.
   “Qars anlaşması” sənədli filminin ssenari müəllifi Qars Universitetinin professoru Hacəli Nəcəfoğlu, rejissoru Tahir Əliyev, prodüseri İqbal Məmmədəliyev, operatoru isə Elxan Rustəmovdur.