Bir tamaşanın seyrindən doğan düşüncələr
   
   Teatr bizim bu gün anladığımız tərzdə formalaşandan bəri belə olub: teatr üçün yazılmamış əsər tamaşaya qoyulanda həmin əsərdə mütləq nəsə dəyişir, oxuduğun ilə baxdığının arasında fərqi hiss edirsən. Yəqin elə «tamaşanın anası rejissordur» ifadəsi də bu dəyişiklikdən, mətn müəllifinin əsərdə demək istədiyi fikrin ağırlıq mərkəzini quruluş verənin istədiyi səmtə çevirmək qabiliyyətindən yaranıb. 
   Belə baxanda Mədəniyyət və İncəsənət Universitetinin builki məzunu Emil Bakuvi «tamaşaya analıq etmək» təcrübəsinə təzəliklə başlayır. Lakin onun diplom tamaşasının seyrindən, tamaşadan sonra teatrşünasların, universitet professorlarının söylədikləri rəylərdən belə anladıq ki, rejissorluq gələcəyinə böyük ümidlər var.
   
   Emil Bakuvinin sənət yolunun başlanğıcında bəxti onda gətirib ki, onun sənət müəllimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Teatr cameəsində hər kəs bilir ki, Bəhram Osmanov aktyorla təkbətək işləməyə səbri çatan və bu işi bacaran rejissordur. Amma bizə də tələbəsinin tamaşasına baxmaq kifayət etdi ki, tanınmış rejissorun həm də tələbə ilə işləməyi bacardığını görək. Üstəlik, diplom rəhbərinin teatrda baş rejissor olmasının bir faydası var: ələlxüsus da tamaşanın ideyası varsa. Teatrın rəhbərliyi də gənclərin tərəfindədirsə, deməli, elə diplom tamaşasından özünü göstərmək şansın böyükdür. 
   İkinci üstəlik də budur ki, sənin tamaşanda baş rolda Əməkdar artist Şövqü Hüseynovun çıxış etməsi ola gərək... 
   * * *
   Novruz bayramı ərəfəsində Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Fyodor Dostoyevskinin «Aciz» birhissəli tamaşası təhvil verildi. Tamaşada teatrın aktyorları Şövqü Hüseynov və Xəyalə Meydanova iştirak edirlər. Müəllifin janrını “fantastik hekayə” kimi müəyyən etdiyi "Həlim qız” (1876) povestində nizamlı həyatı pozulub, cəmiyyətin dibinə yuvarlanmış, lakin təsadüf üzündən - vəfat etmiş xalasından qalan mirasın sayəsində yenidən dirçəlmiş bir insanın sevgi hekayətindən bəhs edilir. Ömrünün orta çağında müamiləçiliklə (sələmçiliklə) məşğul olan Kişi bibilərinin kölə əvəzi işlətdiyi yetim gənc Qıza aşiq olur. Həyatın dibindən qalxanlar həmin uçurumun bir addımlığında duranları yaxşı anlayar: həmin Qızla evlənən Müamiləçi gənc arvadına bəslədiyi sevgini izhar etməyi artıq sanır. Onunla soyuqqanlı davranmağa üstünlük verir. Bu soyuqluq, gecikmiş sevgi etirafı isə... faciə ilə bitir. 
   
   Tamaşanın səhnə həllində müasir tamaşalarda geniş, bəzən isə uğursuz istifadə edilən videoinstalyasiyadan da istifadə edilmişdi. Maraqlıdır ki, «Aciz»də aktyor guya videoselfi edirmiş kimi kiçik videokameranı öz üzünə tutduqda onun qəhrəmanının hiss və həyəcanları səhnənin arxa divarındakı ekranda təsvir olunur, tamaşaçı qəhrəmanın ovqatına köklənirdi. Gənc qadının öz ərini öldürmək niyyətinə düşərkən revolveri onun gicgahına dirədiyi məqamda da həmin görüntünün ekranda təsviri tamaşada istifadə edilməyən rekvizitlərin yoxluğunu hiss etdirməməklə yanaşı, aktyor Şövqü Hüseynovun teatrda çox da gərək olmayan xırda, incə detallardan bol istifadə edərək obrazın yaşantılarını ustalıqla ifadə etdiyini də çatdırırdı. 
   Bu tamaşada Şövqü Hüseynovla tərəfdaş olan gənc aktrisa Xəyalə Meydanovanın öz «aciz» obrazını güclü çatdırması, xarakterik rollar ustası kimi tanınan təcrübəli aktyorun xarizması altında əzilməməsi əsl faciənin ünvanını da bariz göstərir. Bu tamaşada əsl faciə sevgisiz yaşamağa məhkumluğunu qəbul etmiş gənc qadının böyük sevgi etirafına dözməyib intihar etməsi yox, özünü böyründəki sevgi qaynağından məhrum edən və bu məhrumiyyətlə də ömür əzabına tablaşmalı olan Kişinin faciəsi idi. 
   Bəs tamaşanın səhnədən cəmiyyətə yolladığı ismarış? - normal yaşam tərzi keçirən, ciddi maddi sıxıntısı olmayan insanların yayılan sui-qəsd xəbərlərinin bollaşdığı dövrdə ətrafındakı doğmalara daha diqqətli münasibət göstərmək, sevgini paylaşmaq gərəkdir! Çünki kimin səni də, dünyanı nə zaman və necə tərk edəcəyini kimsə proqnozlaşdıra bilməz. 
   * * *
   Tamaşadan sonra çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Məryəm Əlizadə və universitetin Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, kinorejissor Əlisa Cabbarov və mədəniyyət yazarları «Aciz»i gənc rejissor üçün uğurlu sənət başlanğıcı kimi dəyərləndirdilər. Bəhram Osmanovun diplom rəhbəri kimi öz tələbəsini Dostoyevskiyə müraciət etməyə həvəsləndirməsi, üstəlik, dünya şöhrətli yazıçının Azərbaycanda heç vaxt səhnələşdirilməmiş və ədibin digər əsərləri qədər populyar olmayan əsərini seçməsi də yaradıcılıq cəsarəti kimi qiymətləndirildi. 
   Tamaşanın bədii rəhbəri Bərham Osmanov isə gənc rejissora yaradılan bu imkan üçün teatrın rəhbərliyinə, tamaşanın plastik həllini vermiş Səbinə Məmmədovaya, musiqi tərtibatçısı Ramiq Əliyevə, səhnə tərtibatına görə Sona Qarayevaya, işıq üzrə rəssam Vadim Kuskova təşəkkürünü bildirdi. 
   
   P.S. Bəlkə də bu faktı yazmamaq olardı. Bəlkə də bu faktı qeyd edib yazını başqa imza ilə təqdim etmək olardı. Amma diqqətli oxucu yazı müəllifini üslubundan tanıyacaq deyə, «Mədəniyyət» qəzetinin vəfalı oxucularını aldatmaq istəmədik. «Aciz»in tərcüməsi və səhnə redaksiyası bəndənizin, bu yazının müəllifinindir. 
   Amma, əziz oxucular, əmin olun ki, müzakirədə çıxışçılar tərcüməni bəyənməsəydilər, ya da «Aciz»in səhnə həlli gözlədiyimdən yaxşı olmasaydı, yəqin ki bu yazını özüm yazmayacaqdım. 
   
   Gülcahan Mirməmməd