BMT-də təntənəli mərasim 
   
   BMT Baş Assambleyasının 2010-cu il 23 fevral tarixli qətnaməsi ilə təsis edilmiş 21 mart - Beynəlxalq Novruz Günü bu il də qurumun mənzil-qərargahında təntənəli şəkildə qeyd edilib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan və Hindistanın BMT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə gerçəkləşən mərasimə Novruz bayramını qeyd edən ölkələrin diaspor üzvləri də qatılıblar.
   Tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyanın sədri Piter Tomson və UNESCO-nun Nyu-York ofisinin direktoru Mari Rudil çıxış ediblər.
   Baş katib BMT-nin bu mərasimin tərkib hissəsi olmasından məmnunluğunu ifadə edərək müxtəlifliyin zənginliyini xatırladan Novruzun sülh, dostluq, insan hüquqları ilə bağlı öhdəliklərin yenilənməsi imkanı olduğunu bildirib.
   Sonra təşkilatçı ölkələrin daimi nümayəndələri çıxışlar edib və bayramla bağlı qısa videoçarxlar nümayiş olunub.
   Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qədim Novruzun mesaj və ideyalarının sülh, barışıq, dostluq, mədəni müxtəlifliyə hörmət, tolerantlıq kimi universal dəyərlərlə üst-üstə düşdüyünü, bayramın həm də təbiət ilə harmoniyanı, əkinçiliyi, yoxsulluğun azaldılmasını təşviq etməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gəldiyini xüsusi vurğulayıb.
   * * *
   Martın 24-də BMT-nin Vyana bölməsində də Azərbaycan, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib. 
   BMT-nin Vyana bölməsinin rəhbəri, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edərək dünyada 300 milyondan çox insanın ortaq bayramı olan Novruzun BMT idealları ilə uzlaşan, əsl beynəlmiləl xarakter daşıyan, bununla belə özündə çoxlu milli adət-ənənə və xüsusiyyətləri birləşdirən bayram olduğunu bildirib.
   Sonra İranın BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Reza Nəcəfi Novruz bayramını qeyd edən ölkələr adından çıxış edib.
   Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər, sonra isə milli yemək və şirniyyatlardan ibarət xüsusi guşələrdə ziyafət verilib.
   
   Vyanada bayram tonqalı yandırılıb
   
   Martın 25-də Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Novruz şənliyi keçirilib. Səfir Qalib İsrafilov bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan öz milli adət-ənənələrini qoruyub saxlayaraq yaşadan, eyni zamanda tolerant və dünyaya açıq bir ölkədir. Səfir milli adətlərin qorunub saxlanmasının ölkə xaricində yaşayan soydaşlarımız və yeni nəsil üçün də vacibliyini vurğulayaraq, milli bayramlar və anım günlərində həmyerlilərimizin bir araya gəlməsinin əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin təşkilində göstərdiyi dəstəyə görə Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəşə təşəkkürünü bildirib.
   Bayram tonqalı ətrafında milli musiqi nömrələri səsləndirilib, iştirakçılar milli mətbəx nümunələri və şirniyyatlara qonaq ediliblər.
   
   Monteneqroda Novruz tədbiri
   
   Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin birgə təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsa şəhərində Novruz tədbiri keçirilib.
   Monteneqrodakı diplomatik nümayəndəliyin müşaviri Anar Əcəmov çıxış edərək Novruzun mədəni irsin və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi rolunu vurğulayıb, 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən bayramın beynəlxalq əhəmiyyət qazandığını bildirib. Zəngin multikulturalizm ənənələrinə malik Azərbaycanın ümumbəşəri problemlərin həllinə həsr olunmuş tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən diplomat mayın əvvəlində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qonaqlara məlumat verib.
   Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tərəfindən iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfələrinə görə “Azmont Investments” şirkətinə, Azərbaycanın mətbəx mədəniyyətini Monteneqroda yüksək səviyyədə təmsil etdikləri üçün azərbaycanlı kulinarlara təşəkkürnamələr təqdim olunub. Tədbir bayram ziyafəti ilə davam edib.
   
   Rumıniyada konsert proqramları 
   
   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY və Yunus Əmrə Fondunun Konstansa şəhər bölməsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Rumıniyada konsert keçirilib. Konstansa musiqi kollecində keçirilən TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konsertində şəhər bələdiyyəsinin əməkdaşları, incəsənət xadimləri, musiqiçilər və Konstansada yaşayan türkdilli ölkələrin diaspor nümayəndələri iştirak ediblər.
   TÜRKSOY-un Rumıniyada ikinci konserti martın 27-də Buxarest şəhərindəki Milli Operada keçirilib.
   * * *
   Qazaxıstanın Rumıniyadakı səfirliyinin Novruz bayramı münasibətilə Buxarestdə təşkil etdiyi tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Rusiya, Gürcüstan, İran, Qazaxıstan mətbəxlərinin ləziz təamları təqdim olunub. 
   
   Bayram Berlində də qeyd olunub
   
   Berlin Etnologiya Muzeyində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ənənəvi bayram tədbiri keçirilib.
   Etnologiya Muzeyinin direktoru Viola Köniq, “Etnologiya Muzeyinin Dostları” İctimai Birliyinin sədri Folker Hassemer tədbirdə çıxış ediblər.
   İştirakçı ölkələrdən gəlmiş mədəniyyət nümayəndələri öz proqramları ilə çıxış ediblər.
   Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi tədbirdə Gülay Zeynallı, Humay Qədimova və Sevinc Qədimovadan ibarət muğam üçlüyü təmsil edib. Üçlüyün ifa etdiyi “Azərbaycan”, “Şuşanın dağları” və digər bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
   Tədbirdə iştirakçı ölkələrin milli-mədəni irsi və adət-ənənələrini əks etdirən sərgi də nümayiş olunub.
   
   Avropanın şimalında bahar havası
   
   İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı və ölkəmizin krallıqdakı səfirliyinin dəstəyi ilə paytaxt Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib. İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, bayramın tarixindən danışıb. 
   Mərasim musiqi proqramı ilə davam edib. Azərbaycandan gələn musiqiçilər Ülkər Şahbazova, Elçin Məmmədov, Elnur Muradov və başqalarının ifaları tamaşaçıların böyük marağına səbəb olub.
    
   Meksika Senatında təntənəli mərasim
   
   Meksika Senatında Beynəlxalq Novruz bayramı günü təntənəli şəkildə qeyd olunub. Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, Gürcüstan, İraq, İran, Pakistan və Türkiyə səfirliklərinin dəstəyi ilə keçirilib.
   Senatın Xarici Əlaqələr Komitəsinin sədri Qabriela Kuevas Barron qonaqları salamlayaraq Novruz bayramının minilliklərlə ölçülən qədim tarixə malik olduğunu, onun UNESCO tərəfindən dünya qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini, BMT Baş Assambleyasının qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib.
   Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, rəğbət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini qeyd edərək ölkəmizdə müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayıb. Diplomat may ayında Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
   Tədbirdə Gürcüstan, İran və Pakistanın səfirləri, İraq və Türkiyənin müvəqqəti işlər vəkilləri də çıxış ediblər.
    
   Peru qəzetində Novruz haqqında məqalə
   
   Perunun “El Peruano” qəzetində Azərbaycanın Meksikadakı səfirliyinin Lima ofisinin rəhbəri Mehdi Məmmədovun Novruz bayramına həsr olunmuş məqaləsi dərc edilib.
   Məqalədə Azərbaycanın qədim adət-ənənələrinin təcəssümü olan bayramın mahiyyətindən, onun sülh və həmrəylik rəmzi olmasından bəhs olunur, Azərbaycan folklorundan, milli mətbəxindən və digər adət-ənənələrindən söz açılır.