Orta əsrlər Azərbaycan tarixinin dərindən araşdırılmasında AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin xüsusi xidmətləri olub. Azərbaycan səfəvişünaslıq elmi məktəbinin banisi hesab olunan görkəmli alim tarixçi kadrların yetişməsinə də mühüm töhfələr verib.
   Oqtay Əbdülkərim oğlu Əfəndiyev 26 mart 1926-cı ildə Bakıda dünyaya göz açıb. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə qəbul olunur. Bir il sonra Moskva Şərqşünaslıq İnstitutunda təhsilini davam etdirir.
   Tələbə ikən Azərbaycanın qədim və orta əsrlər tarixinə böyük maraq göstərir. Müxtəlif dillərdə olan əski qaynaqları araşdırır. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına qəbul edilir. Bir müddət sonra Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunur. Şərq feodal dövlətlərinin təşəkkülü, inkişafı, tənəzzülü və süqutu problemlərini araşdırır. Səfəvilər dövlətinin tarixi gənc alimin diqqətini daha çox cəlb edir. Fərqli qaynaqlar, nadir əlyazmalar üzərində gərgin axtarışlar aparır və Səfəvilər haqqında ilk monoqrafiyasını hazırlayır.
   Araşdırmalarda qeyd olunur ki, O.Əfəndiyev bu elmi əsəri ilə Səfəvilər dövlətinin İrana məxsus olması haqqında uzun müddət tarix elmində, şərqşünaslıqda hökm sürən müddəanın əsassız olduğunu sübut edir. Bu dövlətin yaranmasında və inkişafında Azərbaycan türklərinin həlledici rolunu faktlarla əsaslandırır. 
   Onun elmi yaradıcılığı, pedaqoji fəaliyyəti Azərbaycanda tarix elminin, şərqşünaslığın inkişafı ilə sıx bağlı olub. Hələ gənc çağlarından Azərbaycan tarixi problemlərinin qoyuluşu və həlli təcrübəsində özünəqədərki yanaşmalarda köklü dəyişikliklər edib, yeni metodoloji prinsiplər hazırlayıb.
   O.Əfəndiyev namizədlik dissertasiyasını uğurla müdafiə etdikdən sonra taleyini Azərbaycan EA-nın Tarix İnstitutu ilə bağlayır. 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edən tədqiqatçı 2013-cü ilədək Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinə rəhbərlik edir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Alim elmi fəaliyyəti ərzində Azərbaycan, türk, rus, ingilis, fransız, fars və digər dillərdə 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə və s. nəşr etdirib. Bu əsərlərin 50-dən çoxu respublika hüdudlarından kənarda - Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Fransa, İngiltərə, ABŞ və s. ölkələrdə çap olunub. 
   O.Əfəndiyev təkcə Səfəvilər dövlətinin tarixi ilə əlaqədar kitablarla yanaşı, Azərbaycan tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak edib. Yeddicildlik “Azərbaycan tarixi”nin üçüncü cildinin məsul redaktoru və əsas müəlliflərindən biri olub. 
   Görkəmli alimin bir sıra tədqiqatları Azərbaycanın dövlətçilik ənənələrinə, hərbi və ictimai-siyasi tarixinə həsr edilib. O, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mülki və əsgəri təşkilatına, Şah İsmayıl Xətainin daxili və xarici siyasətinə, I Şah Təhmasibin şəxsiyyətinə, Şirvanşahlar dövlətinin son dövrünə, Səfəvilər dövlətinin qurulmasında türk tayfalarının roluna, Səfəvi-Osmanlı münasibətlərinə və s. bu kimi məsələlərə dair çoxsaylı məqalələr həsr edib. 
   20-dən artıq kitabın elmi redaktoru olan tarixçi alim Ağqoyunlu dövlətinin saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin “Tarixi-aləmarayi-Əmini” əsəri, Şah Təhmasibin təzkirəsi və bir sıra çağdaş tarixçilərin əsərləri məhz onun redaktəsi altında elmi ictimaiyyətə təqdim edilib.
   Milli ruhlu tarixçi kadrların hzırlanması yolunda böyük səy göstərən O.Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirib. Müxtəlif vaxtlarda Bakı Dövlət Universiteti və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxuyub. 1994-2004-cü illərdə Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Xəzər Universiteti və AMEA-nın Tarix İnstitutu tərəfindən alimin biblioqrafiyası nəşr edilib. O, 2006-2007-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının rəhbəri olub.
   Oqtay Əfəndiyev 26 fevral 2013-cü ildə, 87 yaşında vəfat edib.
   
   Savalan Fərəcov