Görkəmli rejissor və operator Əlisəttar Atakişiyevin xatirə gecəsi
Martın 29-da Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə Əməkdar incəsənət xadimi, görkəmli kinooperator və kinorejissor Əlisəttar Atakişiyevin (1906-1990) 110 illiyinə həsr olunan xatirə gecəsi keçirildi.
Tədbiri giriş sözü ilə Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadim Cəmil Quliyev açaraq Əlisəttar Atakişiyevin yaradıcılıq yolundan, sənətə möhkəm tellərlə bağlılığından, Azərbaycan kinosuna gətirdiyi yeniliklərdən danışdı. Qeyd etdi ki, Əlisəttar Atakişiyevin həyatını həsr etdiyi kinoda öz dəst-xətti olub. Onun sənət yolu keşməkeşli keçib. Ötən əsrin 30-cu illərində “Azərbaycanfilm” kinostudiyasında çalışan əcnəbi rejissorlar gənc operatorun sərbəst fəaliyyətinə mane olublar. Buna görə də o, bacarığını keçmiş SSRİ-nin digər kinostudiyalarında göstərib. Bununla belə, Ə.Atakişiyev həm kinooperator (“Fətəli xan”, “O olmasın bu olsun”, “Uzaq sahillərdə”), həm də rejissor (“Bir qalanın sirri”, “Sehrli xalat”, “Bizim küçə” və s.) kimi Azərbaycan kino tarixinə dəyərli töhfələr verib. O, dramatik, komediya, detektiv, nağıl-fantastik janrlı filmlər çəkməklə ampluasız rejissor olduğunu sübut edib.
“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov çıxışında bildirdi ki, Ə.Atakişiyev mədəni müxtəlifliyi Azərbaycan kinosuna gətirən sənətkar olub. Respublika hüdudlarından kənarda Azərbaycanı layiqincə təmsil edib. Bir müddət “Mosfilm” kinostudiyasında quruluşçu rəssam-operator kimi çalışıb. Sonra “Bakı” kinostudiyasında bir neçə bədii filmin quruluşçu operatoru olub. 1945-ci ildən yenidən “Mosfilm”də operator kimi fəaliyyətini davam etdirib. Orada rəngli filmlər üzrə kinooperator kimi ixtisaslaşıb. 1953-cü ildə “Tallinfilm” kinostudiyasından dəvət alıb. Estoniyanın ilk rəngli “Axşam düşəndə” filmini çəkib. Görkəmli sənətkar təqaüdə çıxdıqdan sonra Moskva şəhərindəki Kinematoqrafçılar evində yaşayırdı, 1990-cı ildə orada vəfat edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tapşırığı ilə Ə.Atakişiyevin hansı qəbiristanlıqda dəfn olunduğu müəyyən edildi, qəbrinin üstü götürüldü...
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə sənətkarın həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, Əlisəttar Atakişiyev Moskva Ali Rəssamlıq Texniki Məktəbinin rəngkarlıq, sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Operatorluq fakültəsində təhsil alıb. Yaradıcılığında dramatik-qəhrəmanlıq üslubu və macəra mövzusunda filmlər üstünlük təşkil edib. Quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyası, “Sehrli xalat”, “Qərib cinlər diyarında” film-nağıllarına, “Bizim küçə” və “İstintaq davam edir” filmləri kinomuzun ən dəyərli nümunələrindəndir. Onun nağıl-fantastika aləminə gözəl bələd olması çəkdiyi uşaq filmlərində özünü büruzə verib. “Sehrli xalat” filmində Ay səthini əks etdirən kadrları sovet rejissorlarını təəccübləndirmişdi...
Çıxışlar arası sənətkarın çəkdiyi filmlərdən fraqmentlər nümayiş olundu.
Sonda sənətkarın yaxın qohumu Aqşin Feyzullayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
Savalan Fərəcov