Elmdə məktəb yaratmaq hər elm adamına nəsib olmur. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı, tanınmış tarixçi alim Məmmədəli Hüseynov elmdə özünəməxsus iz açan tədqiqatçılarımızdandır. O, arxeoloji araşdırmaları ilə ölkəmizin ərazisində qədim insan düşərgələrinin mövcudluğunu sübuta yetirib. 
   Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirən kimi hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsinin iştirakçısı olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub. 1951-ci ildə təhsilini başa vuraraq Azərbaycan Tarixi Muzeyində əmək fəaliyyətinə başlayıb.
   1953-cü ilin noyabrında o, görkəmli paleolitşünas alim, professor S.N.Zamyatinlə birlikdə Azərbaycan ərazisində Daş dövrü abidələrini tədqiq edir, Şamaxı və Qazax rayonları ərazisində bu məqsədlə arxeoloji kəşfiyyat işləri aparır. Qazax rayonunun Damcılı düşərgəsində ciddi elmi nəticə əldə edir. Qazıntı zamanı Daş dövrünün mustye (orta paleolit), mezolit və neolit mədəniyyətlərinə aid arxeoloji və paleontoloji məmulatlar aşkar olunur. Bununla da 1881-ci ildə Tiflisdə keçirilən V arxeoloji qurultayda qəbul olunmuş Azərbaycanda daş dövrü abidələrinin olmadığı haqqında qərarın əsassızlığı elmi faktlarla sübuta yetirilir.
   Azərbaycan ərazisində qədim insan məskənlərinin geniş şəkildə öyrənilməsi üçün M.Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası təşkil olunur. 1956-1958-ci illərdə Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri aparılır və paleolit mədəniyyətinə aid zəngin maddi mədəniyyət nümunələri aşkar edilir. Rayonun Daşsalahlı kəndi ərazisində mustye düşərgəsi ortaya çıxarılır, zəngin materiallar əldə olunur.
   Alim 1960-cı ildə Tiflis Arxeologiya, Etnoqrafiya və Tarix İnstitutunun Elmi şurasında “Aveydağ paleolit düşərgələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin il Qarabağın Quruçay və Köndələnçay sahillərində arxeoloji kəşfiyyat işlərinə başlayır. Füzuli şəhərindən 16 kilometr aralıda, Tuğ çökəkliyində yerləşən çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini aşkar edir. 
   1986-cı ilədək bu qədim insan düşərgəsində aparılan kompleks tədqiqatlar zamanı 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunur. Araşdırma zamanı Azıx düşərgəsinin təbəqələrindən 7 mindən artıq daş məmulatı və ovlanmış heyvanların 900 mindən artıq sümük qalıqları aşkar olunur. Azıx düşərgəsinin V təbəqəsində qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insanın alt çənə sümüyü tapılır. Tədqiqatlar müəyyən edir ki, həmin çənə sümüyü 350 min il əvvəl burada yaşamış 18-22 yaşlı bir qadına məxsusdur. Araşdırmalar zamanı o da məlum olur ki, 2,5 milyon il bundan əvvəl Quruçay vadisi müxtəlif heyvanlarla zəngin imiş. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar düşərgələri yerləşən ərazidən qədim insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə ediblər. Dünyanın heç bir paleolit düşərgəsindən belə əmək alətləri tapılmadığına görə, aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı verilir. Bu gün də Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunur. M.Hüseynov bu axtarışlarını ümumiləşdirərək 1985-ci ildə Ukraynanın Kiyev şəhərində “Azərbaycanın qədim paleoliti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir. İki il sonra ona professor elmi adı verilir. 
   Görkəmli alim 1971-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik edib. O, eyni zamanda Bakı Dövlət Universitetində Arxeologiya və etnoqrafiya kafedrasının müdiri olub, yeni tarixçilər nəslinin yetişdirilməsinə öz töhfəsini verib. M.Hüseynov Azərbaycan arxeologiyasının müxtəlif problemlərinə ümumilikdə 6 kitab və 100-dən artıq elmi məqalə həsr edib. 5 iyun 1994-cü ildə dünyasını dəyişib. 
   
   Savalan Fərəcov