“Yerdə bəşərilərə löyün-löyün dad yaşadan, göydə uçarılara qanad saxladan Cabbar Qaryağdıoğlu...”
   
   Bu sözləri əlli il əvvəl orta məktəb müəllimimizdən eşitmişəm. O müəllim öz həmkəndlisi Seyid Şuşinskidən danışanda işlətdi bu sözləri. Bu obrazlı ifadələrdən sonra, hamımızın əzbər bildiyimiz “Bir məsəl qalmışdır ata-babadan, Uçarda turacdır, qaçarda ceyran” misralarının mənasını daha dərindən anladıq və həmin gün nitqimə belə bir beyt gəldi: “Muğamda çalğının padişahı tar, İfa şahənşahı - Zəngulə Cabbar!..”    
   Ovaxtdan buvaxta çox sənətkarlardan yazdım, bu Səs-Avaz şahənşahından isə...
   Bəli, bu incə-inci üyültülər, dəmli bəm, “Rüstəmi-Zal” zillər atomuna yaxın durmaq olmur. Axı, yazı-pozuda nə qədər “bəh-bəh” eləsən də, bu ecazkar cəh-cəh sahibinə bab zəngulə vurmaq olmur!..
   Bir adamı ki, zaman-zaman: “Əfsanəvi Şərqin möcüzəvi səsi”, “Milli musiqi tariximizin yetmiş illik qızıl mərhələsi”, unikal sənətkarlıq və ən yüksək oktavası səbəbilə Avropanı belə heyrətə gətirib (və özünü Varşavaya “apardıb”), səsini qrammofon valına yazdıran (1906) ilk azərbaycanlı xanəndə kimi xatırlayıb-xatırladalar, ondan elə-belə yazmaq eşqinə düşmək nə demək? Ölkəsi “çarıqlı”, özü “ucqarlı” hesab edilən bir sənətkarın ki qeyri-adi vokal ustalığını B.Astafyev, Y.Braudo kimi akademiklər, İppolitov, Qlier kimi bəstəkarlar xüsusi maraq və diqqətlə tərif-təbliğ edib, - sənin deməyinə nə qalır? Bir bənzərsizin ki sədası İran şahının, Türkiyə sultanının ən məhrəm məclislərindən gələ, “Ovşarı” kimi “dür-düyün” bir muğamı elə yoğurub-yapa ki, ogündən-bugünə onu heç kəs oxumağa cürət etməyə, Qubanın “Qırmızı qəsəbə”sindəki (atası müharibədən qayıtmamış) bir yəhudi balasını illərlə ovundura, - daha o Səsdən nə izafi bəhs? Bir Ustad ki, bir muğamı 2-3, xüsusi “şurlu” məclislərdə isə 4 saat oxuya bilə, “Səs də Allah vergisidir; gərək qədrini biləsən. Yeməyinə, yatmağına fikir verəsən. Xanəndə çox yeməməlidir, qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalısan” dediyi tələbələrindən S.Şuşinski, X.Şuşinski, Bülbül, Z.Adıgözəlov, M.Mütəllimov, C.Talışinskaya, Y.Kələntərli kimi məşhurlar yetirə, - beləsinə dair nə söz yetirib-bitirəsən?.. 
   Bu xoşbəxt taleli ağsaqqal öz “sənət pionerliyi”lə də fəxr edərmiş. Azərbaycanın səhnə tarixinə opera sənətinin “əlifba”sı kimi düşmüş bir fakta görə. Öncə Üzeyir bəy Hacıbəylinin qeydlərini yada salaq: “Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə, 13 yaşımda ikən Şuşa şəhərinin musiqi həvəskarları tərəfindən tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə” musiqili faciəsini görərkən oyanıb”. 
   İndi isə ilk “Məcnun”umuzun söylədiyi: “Mən Məcnun rolunun ilk ifaçısıyam. Əbdürrəhim bəy əfəndinin 1897-ci ildə Şuşada hazırladığı “Məcnun Leylinin məzarı başında” səhnəsini mən oxumuşam...”
   
   Və ovaxtdan... 
   
   Onu elə gəncliyindən Azərbaycan xalq musiqisinin canı, ensiklopediyası adlandırmış, oxuduğu muğam və xalq mahnılarını Azərbaycan musiqi xəzinəsinin əbədi inciləri (xüsusilə “Şahnaz”, “Qatar” və “Heyratı”sı), milli sənət dünyamızın ən qiymətli nümunələri hesab etmişlər. Bütün Şərq arealı mütəxəssislərinin fikirlərini ümumiləşdirərək deyə bilərik ki, “vokal sənəti və dinləyici” tandemində Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Adı dünya vokal sənətinin görkəmli sənətkarları ilə yanaşı çəkilən bu sənətkarın çox güclü dramatik-tenor tipli səsi həm də son dərəcə lirik-minor ruhu ilə seçilir. Cabbar major muğamların da mahir ifaçısı olub... 
   O, ömrünün 60 ilini xalqdan topladığı 500-dən artıq mahnını təlim-tədris üçün də oxuyub Azərbaycan xanəndəlik və müğənnilik sənətini yaşatmağa həsr etmiş, Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olmuş, “Zaqafqaziyada ən yaxşı xalq ifaçısı” şöhrəti qazanmış, klassik ədəbiyyatı gözəl bilib, “əruzu bilməyəndən xanəndə olmaz” kimi fikirlər işlətmiş bir sənətkar kimi hər vaxt danışmada, daim fəaliyyətdə!..
   Çağdaşları deyərmişlər ki, Cabbar oxuyanda adamın başqa heç nəyə həvəsi qalmır...
   Bu “qalmır” kəlməsi onun büsbütün müəllifi olduğu bir mahnısını xatırlatdı mənə. O mahnının adı isə mübahisəli: -
   
   “İrəvanda xal qalmadı”, yoxsa, xan?..
   
   Tarix nəql edir ki, Cabbar Qaryağdıoğlu bir dəfə İrəvanda toy məclisində oxuyurmuş. Qız atası xanəndədən xahiş edir ki, bu gözəl “bəy tərifi”ndən sonra bir “gəlintərifi” də oxusun. “Köhnə kişilər” onun iltimasına gülsə də, Cabbar əmi madar qız atasının xətrinə dəymək istəmir. Təklif edir ki, gəlini gətirsinlər ki, nişanələrinə baxıb söz qoşa bilsin. Belə də olur. Cabbar əmi gəlinin boy-buxununa baxıb, hərəkətlərini izlərkən baxışları üzündəki qoşa xalda ilişib qalır və tarzən Qurban Pirimova him edir ki, bəs, “gəl dalımca. Və... bədahətən yaranan həmin mahnı sədalanır. “Vaqiə” haqda bu qədər. İndi keçək “xal” ilə “xan” məsələsinə. Əcəba, bəyəm o gəlin İrəvan boyda böyük şəhərin xallarını yığıb “üzünə düzdürmüşdü”mü? Sizcə, bu, daha məntiqli təfsir deyilmi ki, bu qoşa xal, bu ecazkar gözəlliyə görə bu mahalda dava düşdü xanlar bir-birin qırdı və “İrəvanda xan qalmadı”?! 
   Bəli, “bəy-xan” ifadələrindən xoflanan sovetlərin qorxusundan xanəndələr “xan”ı “xal” oxudular...
   Bu çox müdrik, maraqlı insanla bağlı xatirələrin çoxu, təbii olaraq, toylarla bağlı. Onun Azərbaycan xanəndələri arasında Seyid Şuşinskini ən çox sevib-dəyərləndirməsinin də bünövrəsi toyların birində qoyulub; 1913-cü ildə Bakı milyonçusu Ş.Əsədullayevin qızının toyunda Tiflisdən dəvət olunan 24 yaşlı Seyid Şuşinski necə oxuyubsa, C.Qaryağdıoğlu “aləmdə məşhur” qavalını ona bağışlayır və hədsiz sevinc və feyzdən ağlayır da...
   Deyirlər, o ağlamağın özündə də özgə bir əsər varmış...
   Bəstəkar Süleyman Ələsgərov yazır: “Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumayıb. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyəti də vardı ki, 84 yaşınadək tarın “do” kökündə oxudu. Bu, ifaçılıq aləmində ağlagəlməz bir məharət, təsəvvürolunmaz möcüzədir”.
   Böyük müəlliminin öz universallığı ilə hər kəsin gözü qarşında möcüzə yaratdığından bəhs edən Bülbül: “Azərbaycan musiqi tarixində C.Qaryağdıoğlu kimi “Heyratı”, “Mahur”, “Mənsuriyyə” ifa edən yoxdur. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir”.
   Ustadın qızı Şəhla xanım nə deyib? “Günlərin birində Üzeyir Hacıbəyli atamı çağırıb: “Konservatoriyada tədris üçün oxuduğun mahnıların hamısı nota alınıb, buna görə sənə pul - qonorar düşür” - deyəndə, atamın cavabı bu olur: “Üzeyir bəy, mən xalqdan götürdüyüm bu mahnıları pul qazanmaq üçün yox, elə onun özünə qaytarıb, əbədi yadigar qoymaq üçün oxumuşam...”
   Bu dahiyanə Səs-Avaz sahibi barəsində başqlarının fikirlərindən deyə-deyə, gəlib çıxdım öz “bərə”mə. İmkanımsa buna çatır deyəm ki, tələbələrinə “Səs də Allah vergisidir” demiş bu azman sənət Adamının özü də, bütövlükdə bir -
   
   Allah vergisi...
    
   Cabbar İsmayıl oğlu Qaryağdıoğlu adlı bu vergi 31 mart 1861-ci ildə bəxşi-barat edilib Azərbaycan dünyasına. Yazı-pozuların “əzəl mübtədası” hesab edilən “harada” sualına isə ehtiyac yox; belə bir ilahi səs harada doğula bilərdi? Uzaq başı, böyük S.Vurğunun 1940-cı ildə SSRİ-nin baş mətbu orqanında (“Pravda”) bu sənətkarla bağlı çap etdirdiyi yazıda işlətdiyi obrazlı bir cümləni xatırlada bilərəm: “Qafqazın təbii konservatoriyasında”. 
   Həmin “konservatoriya”nın məşhur “Seyidli” məhəlləsində böyüyən bu səs kanının boyaqçı atası Cabbarı öz davamçısı etmək istəyirmiş. Lakin bu çəlimsiz uşağın məhəllə uşaqlarıyla “Qayabaşı”, “Qırxpilləkən”, qoyun-quzu otararkən “Dəlikdaş” üstündən gələn ecazkar zümzümələri, sözlərindəki qəribə dad-tam onu bu fikirdən daşındırır. 
   Nə yaxşı ki, belə olur. Yoxsa, əsrlərin ən böyük xanəndəsi hansısa növbəti bir boyaqçı dükanında “özüyçün bala-bala deyən” həvəskarlardan biri də ola bilərdi...
   Cisminə qəni-qəni rəhmət, Səsinə dünya durduqca (təbii ki!) güllü-güllü məhəbbət...
   
   Tahir Abbaslı