31 mart Azərbaycanlıların soyqırımı günüdür 
   
   Şaxtalı-qarlı qış günlərindən biri idi. Qudyalçayın sahili ilə üzüyuxarı addımlayır, ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırımının nişanəsi - kütləvi məzarlıq barəsində reportaj hazırlamaq üçün tələsirdim. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı məzarlığı üzrə ekspedisiya rəhbəri Qəhrəman Ağayevlə telefonda xeyli söhbətləşmiş, onun da məzarlığa gələcəyini öyrənmiş, faciə ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivindən (ARDA) çoxlu sayda qiymətli materiallar toplamışdım. Həmin faktlarla kütləvi məzarlıqdan əldə edilən informasiyaları uzlaşdırmaq istəyirdim.   
   Şaxtalı külək getdikcə güclənir, ayaz sifətimə çırpıldıqca gözlərim sulanır, irəlini görməkdə çətinlik çəkirdim. Yerdə təzə ayaq izləri gördüm - kütləvi məzarlığa doğru gedirdi. Başımı qaldırıb irəli baxanda məndən xeyli qabaqda iki nəfərin qara bata-bata məzarlığa tərəf irəlilədiyini gördüm. Biri beli bükülən qoca qarı, digəri isə cavan oğlan idi. Bir əli ilə oğlanın qolundan tutan, digər əli ilə əsaya dəstəklənən qarı çətinliklə yeriyirdi. Həm təəccüb, həm də maraqdan addımlarımı yeyinlədib onlara yetişməyə tələsdim. Görəsən, bu şaxtada, sazaqda bu qarını kütləvi məzarlığa gəlməyə vadar edən nə idi?
   Qarı, oğlan, daha sonra isə mən giriş qapısından içəri daxil olduq. Arxeoloq Qəhrəman Ağayev və iki nəfər xüsusi geyimli gənc yarısı torpaqda, yarısı açıqda qalan insan sümüklərinin üzərinə kimyəvi məhlul çəkirdi. Salamlaşdıq. Qarını indi daha yaxından gördüm. İnsan sümüklərinə baxıb “can, can!” deyərək bir neçə addım irəlilədi. Çox həyəcanlı idi. Gözlərini geniş açıb o tərəf-bu tərəfə baxır, baxışları ilə nəsə axtarırdı. O, skeletlərlə dolu quyunun önünə gəlib titrək dodaqları ilə dua oxumağa başladı. Qarının baxdığı mənzərə də dəhşətli idi. Arxeoloji qazıntı işləri aparılan torpağın içindən insan bədəninin müxtəlif hissələrinə aid sümüklər aşkarlanmışdı. Kəllə sümüklərindən bir neçəsinə mıx çalınıb, digərlərinin üzərində isə kəsici və küt alətlərlə vurulan zərbə yerləri. Skeletlərdən birinin qolları arasına kiçik skeletin sığındığı aydınca görünürdü. 
   Qəhrəman müəllim həmin skeletləri göstərib deyir: “Onlar ana və körpəsinin skeletləridir. Bu insanlar burada sadəcə basdırılmayıb. Onları vəhşicəsinə qətlə yetirdikdən sonra quyulara və su arxlarına doldurublar. Qazıntı zamanı içərisi insan sümükləri ilə dolu iki quyu və iki arx müəyyən etdik. İnsanlar qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədilə çay kənarındakı yamacda qazılmış quyulara doldurulub. Məzarlıqdan aşkar edilən sümüklər sübut edir ki, buradakı insanlar çox vəhşi işgəncələrlə qətlə yetirilib. Bunun nəticəsidir ki, biz insan cəsədlərinin sayını yalnız kəllə sümükləri ilə təyin etdik. Kütləvi məzarlıqdan 400-dən artıq insan kəlləsi aşkar edilib. Bu insanların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır. Arxeoloji araşdırmalar və tibbi ekspertizalar tarixi faktları təsdiqlədi”.
   Qarı ilə gələn gənc dillənir: “Bu məzarlığı televizorda tez-tez göstərirlər. Hər dəfə baxanda nənəm ağlayır. Deyir ki, onun ata-anasını da o vaxt ermənilər Qubada qırğınlar törədərkən öldürüblər. Neçə vaxtdır bu məzarlığı ziyarət etmək istəyirdi. Ancaq xəstə idi, gətirə bilmirdim. Üç-dörd gündür yaxşılaşıb. Deyir, apar məni məzarlığı görüm. Bu gün lap təkid elədi. Deyirəm, ay nənə, axı şaxtadı, soyuqdu, təzədən xəstələnərsən. Deyir, yox, sonra imkan olmayacaq”. 
   Elə bu vaxt qarı ağlaya-ağlaya danışmağa başlayır: “Can, can, bu yazıqlar hamısı bizim camaatdı. Yadıma gəlir, o vaxt mənim 6 yaşım vardı. Yaz ayı idi. Birdən hay-küy, qışqırıq qopdu. Dedilər ermənilər camaatı qırır, evləri yandırır. Çəpərin arasından küçəyə baxdım. Can, yazıq atam! Üç nəfər atlı atamı qabağına qatıb döyə-döyə evimizə tərəf gətirirdi. Yaxınlaşanda atlılardan birini tanıdım. Bazar küçəsində yaşayan dəyirmançı Hartun idi. Neçə dəfə atamla onun dəyirmanına dən üyütməyə getmişdim. Dəyirmançı dedi ki, bu kişinin pulu, malı çoxdu, mən onu lap yaxşı tanıyıram. Ləhcə ilə danışan o biri atlılar atama qışqırdılar: “Kişi, tez ol qızılları gətir”. Atam “məndə qızıl hardandı” deyəndə atlılardan biri tüfəngin qundağı ilə onun başına vurdu. Yazıq atam qanın içində həyətə girdi. Məni götürüb tez təndirxanaya apardı. “Gizlən, səsini çıxartma”, - deyib öpdü. Bu vaxt ermənilər həyətə girib evimizə soxuldular. Evdə qiymətli nə var idisə hamısını anamın yun şalına büküb çıxdılar. Anamı, bir də balaca bacım Bibixanımı qabaqlarına qatıb döyə-döyə apardılar. Birdən evimiz tüstülənməyə başladı. Açıq qalmış qapıya yaxınlaşanda atamın evin ortasında sərildiyini gördüm. Tərpənmirdi. Evimizi tüstü, alov bürümüşdü. Od vurmuşdular evimizə. Küçədən qışqırtı-bağırtı səsləri gəlirdi. Bir də ata-anamın, bacımın üzünü görmədim”. 
   Qarı göz yaşını saxlaya bilmirdi. Nəvəsi ilə onu sakitləşdirməyə çalışdıq. Qəhrəman müəllim balaca bir stul verdi, qarını əyləşdirdik. Bu qadın 1918-ci ildə ermənilərin Qubada törədiyi qırğınların canlı şahidi olan 97 yaşlı Şirinbikə Nəcəfova idi.
   Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul aynın 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən hazırlanan 5 cildlik istintaq materiallarında dəhşətli faktlar əksini tapıb. Komissiya üzvü A.Novatskinin və digər şəxslərin hazırladığı sənədlərdən bəlli olur ki, Bakı Kommunasının rəhbəri S.Şaumyanın başçılığı altında bölgədə bolşevik hökuməti qurmaq adı ilə erməni silahlıları Quba qəzasına hücum çəkib. Top və pulemyot ilə silahlanan iki mindən artıq daşnak ordusu bolşevik bayrağı altında bölgədə qırğınlar törədiblər. Ermənilərin Qubadakı vəhşilikləri 9 gün davam edir. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülüb ki, onların əksəriyyəti qadın və uşaqlar olub. Bu müddət ərzində meyitlərin dəfn edilməsinə icazə verilmir. Yüzlərlə insanın nə öldüsündən, nə də qaldısından bir xəbər çıxır. Ümumilikdə Quba qəzasında 16 min dinc sakin vəhşicəsinə qətlə yetirilib. 122 kənd, 26 məscid tamamilə yandırılıb və ya dağıdılıb. 
   Qəhrəman müəllimin sözləri məni düşüncədən ayırır: “Jurnalist qardaş, məzarlıqdan aşkarlanan yeganə etnoqrafik tapıntı bax bu mis medalyondur. Bayaq göstərdiyim ana və uşaq skeletləri vardı ha, bax, həmin uşaq skeletinin boynundan tapmışıq”.
   Bu sözləri eşidən qarı ilan vurmuş kimi yerindən dik atıldı. Tez gəlib medalyona baxdı. Əlinə götürüb o üz-bu üzünə çevirdi və ağlamağa başladı: “Onunkudur, bacımın, Bibixanımın!..”
   ...Artıq tarixin qaranlıq səhifələrinə işıq düşüb. Kütləvi məzarlığın timsalında 1918-ci ilin Quba faciəsi bütün detalları ilə üzə çıxıb. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və ötən əsrin əvvəllərində bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” yaradılmışdır. 2013-cü ildə dövlət başçısının iştirakı ilə memorial kompleksin açılışı keçirilmişdir.
   
   P.S. Şirinbikə nənənin ömrü boyu qəlbində saxladığı müdhiş Quba faciəsi haqqında xatirələrini ətraflı qələmə almaq üçün səhərisi gün onlara yollandım. Ünvana yetişəndə həyətdə hüzn mərasimi qurulduğunu gördüm. Ünvanı qeyd etdiyim kağıza bir də diqqətlə baxdım. Amma düz gəlmişdim. Arxa tərəfdən danışanların səsini eşitdim: “Deyirlər, arvad kütləvi məzarlığa gedib. Anası ilə bacısının skeletlərini tapıb. Bacısını boynundan tapılan medalyondan tanıyıb”. Şirinbikə nənə dünyasını dəyişmişdi...
   
   Ramiz Ramazanlı
   B.Səfəroğlu adına Quba rayon Mədəniyyət mərkəzinin direktoru