Revaz Mişveladze 1940-cı il yanvar ayının 1-də Gürcüstanda, Kutaisi şəhərində anadan olmuşdur. Tbilisi Dövlət Universitetini bitirdikdən (1963) sonra həmin universitetdə 40 ildən çox bir müddətdə mühazirələr oxumuş, filologiya sahəsində namizədlik (1966) və doktorluq (1974) dissertasiyaları müdafiə etmişdir. Paralel olaraq Gürcüstan Yazıçılar Birliyində “Təsəlli” və “Tənqid” jurnallarına, habelə “Yazıçı” qəzetinə rəhbərlik etmişdir. Hazırda Gürcüstan Yazıçılar Birliyinin sədrinin birinci müavinidir.
   Revaz Mişveladze tanınmış ictimai xadimdir. Aktiv vətəndaşlıq mövqeyinə və ictimai fəaliyyətinə görə bir neçə orden və medallarla təltif olunmuşdur. Onun yeganə övladı, oğlu Abxaziya ilə müharibə zamanı həlak olmuşdur, Gürcüstanın Milli Qəhrəmanıdır. Bir nəvəsi var.
   Revaz Mişveladze dünyada görkəmli novella ustası kimi tanınır. Onun əsərləri, dünyanın bütün aparıcı dillərinə tərcümə olunmuş, o cümlədən Azərbaycan dilində də kitabı nəşr edilmişdir. O, Gürcüstanın bütün dövlət və ədəbi mükafatlarına, eyni zamanda Şota Rustaveli mükafatına layiq görülmüşdür.
   Bugünlərdə Revaz Mişveladzenin 70 yaşı tamam olmuşdur. Bu münasibətlə oxuculara Vüqar Vüqarlının tərcüməsində yazıçının “Baci” novellasını təqdim edirik.
   
   

    Novella

    Altı aylıq quraqlıqdan sonra, nəhayət ki, yağış yağdı. Bu il quraqlıq Kaxetiyaya və Kartliyə daha çox ziyan vurdu. Bulaqların, arxların suyu çəkildi. Ağacların yarpaqları, əkinlər, üzümlüklər və çöllər saraldı. Bostanların bar-bəhəri qurudu. Mal-qara süddən kəsildi. Kiçik çayların suyu soğuldu. Canlı nə vardısa, hamısı susuzluqdan mələşirdi. Yerli sakinlər öz arabacıqları ilə çaydan mal-qaraya su daşıyırlar. Bürküdən nəfəs almaq olmurdu. Torpaq elə qızmışdı ki, hava təndir kimi adamı qarsırdı.
   Nəhayət, dünən gecə saat üçdə yağış başladı. Sonra aramsız olaraq yağdı.
   İndi səhər saat doqquzdur. Bütün ailə yatır. Səhər yuxusundan oyananlar isə yataqdan qalxmırlar və qorxurlar ki, ayağa qalxsalar, birdən yağış dayanar. Ona görə də, dinməzcə yağışı dinləyirlər.
   Özü ilə bərəkət gətirən bolluca və gur yağış gəldi. Ətraf aləm öz rənginə qayıtdı. Meşə yamyaşıl oldu, kiçik çayların zümzüməsi artdı, həyatın ahəngi bərpa oldu.
   - Ay, ev yiyəsi! - deyə, çağıran Bacinin səsi gəldi.
   Bu leysanda o necə gəlib çıxdı...
   Baci adəti üzrə, günaşırı Msxaldidi kəndindən piyada buraya süd və qatıq gətirir. Msxaldidi ilə bizim Muxacğaro kəndi arasında məsafə heç üç kilometr də olmaz. Amma Baci üçün bu yolu gəlmək o qədər də asan deyil.
   Arvadım xalatını geyib, Bacini qarşılamağa çıxdı.
   Baci, iki brezent torbanı güclə dartıb, daş döşəmənin üstünə qoydu.
   Stul verdim. Oturdu. Uzun və gen, qara-boz rəngli donunu düzəltdi.
   - Baci, niyə tələsirdin, belə havada səni evdən çıxmağa nə vadar edib? Tamam islanmısan.
   Arvadım dəsmal verdi. Baci üzünü və saçlarını sildi.
   - İslanmaq bir şey deyil. Baci yorulub. Sadəcə olaraq mən artıq qocalıram, yoxuşda xüsusilə lap çox yoruluram.
   - Barı ya ərin Məmmədi, ya da gəlinini göndərəydin.
   - Məmmədin işi vardı. Bu gün naxır növbəsinə getməlidir. Gəlinə isə yazığım gəlir. Baciyə islanmaq olar. Baci artıq qocalıb. Gəlinə isə soyuqlamaq olmaz. O cavandır, hələ uşaq doğmalıdır.
    Bacinin üzü, elə bil ki, palıd qabığının rənginə çalırdı. O, üç dənə yun şalla sarınıbdır - birini başına, birini kürəyinə, birini də yançağına bağlayıb. Qara saçlarına artıq dən düşübdür. Bacinin rəngi solmuş, üzündə qırışlar əmələ gəlmişdir. Buxağı qarmonun üzü kimi qat-qatdır. Dərin çuxurunda oturan və moruğa oxşayan qara gözlərinin çevrəsindəki qəhvəyi xətlər uşaq rəsmlərini xatırladır. Kənd yerində böyümüş və tərbiyə almış bütün adamlar kimi Bacinin də gur səsi var. Əlləri və sifəti gündən qaralmışdı. Ayağına yun corab və rezin çəkmə geymişdir.
   Baci boş bankaları torbasına yığıb,ətrafa boylandı.
    - Hə, necədi, nəhayət ki, yağan yağışlar ürəyincə oldumu? - deyə, Bacidan soruşdum.
   - Bu hələ azdır. Gərək belə yağışlar həftələrlə yağsın ki, torpaq doysun, otlar yaşıllaşsın, inəklər bolluca süd versin. Onda hamı razı olar.
   - İndi neçə inəyin var?
   - Yeddi inəyim var. Onlardan yalnız ikisi sağılır, qalanların südü quruyub. İki banka qatıq, bir litr süd Sizin üçün, iki litr süd və bir banka qatıq da Nemsadze üçün gətirmişəm. Olanım budur.
   - Dünən Zambaxidzenin gəlini deyirdi ki, mən də süd alacağam.
   - Yox, onlara heç nə verməyəcəyəm.
   - Niyə, Baci?
   Mən həftədə iki dəfə, gündüz saat on ikidə gəlirəm. Deyirəm ki, məni ləngitmə. O isə əvvəlcə yatağını yığışdırır, sonra geyinir, papiros çəkir - mən isə gözləyirəm. Deyirəm: “Mən sübh tezdən dururam, üç-dörd kilometr yolu yük gətirirəm”. Bu avara isə saat on ikidə hələ yatır, bankalarımı da çirkli qaytarır. Sizin bəyəm suyunuz yoxdur? - soruşuram. O isə bankanı yumağa tənbəllik etdiyini bildirir.
   - Sizin gürcü kişilər çox mülayim xasiyyətli olurlar. Əgər mən səhər vaxtında durmasam, Məmmədim məni kötəkləyər. Zambaxidzenin gəlini bircə həftə mənim ərimə arvadlıq eyləsə davranışında daha qıvraq, xasiyyətcə isə lap quzu kimi olar... Bizim qadınlar həm ev işi görürlər, həm bostan becərirlər, üstəlik bazara da gedirlər... Kişilər isə mal otarır, ot tədarük edir, evin damı axırsa onu düzəldir.
   - Baci, sənin neçə nəvən var?, - deyə arvadım soruşdu.
   - On doqquz və əlavə də üç.
   - Necə yəni, “əlavə də üç”?
   - Mənim böyük qızım Bakıda yaşayır. Onun dörd uşağı var. Kiçik oğlum Borçalıda yaşayır, onun səkkiz uşağı var. Böyük oğlum Qasım, bizimlə yaşayır, onun yeddi uşağı var. Bax belə on səkkizdir. Qasım şəhərdə bərbər işləyir. Qışda hava pis olanda Qasım kəndə gələ bilmir. Bir gün gələ bilmir, iki gün gələ bilmir. Axı o kişidir... Ona görə də, Tiflisdə bir azərbaycanlı qız tapıb evləndi, ondan da üç uşağı var.
   - Təzə nəvələri görməmisiz?
   - Xeyr, mən hələ görməmişəm. Allah qoysa, yayda təzə gəlinim bizə gələcək, onda üç təzə nəvəmlə də tanış olacağıq.
   - Bəs Qasımın kənddəki arvadı bu işə necə baxır?
   - Nə iş? Qasımın arvadı, Qasımın arvadıdır... O, yenə də öz arvadlığını edir, Qasıma yaxşı baxır. Tezliklə Bakıdan qızım da gələcək. O da dörd uşağını gətirəcək.
   - Bu qədər adam harda yerləşəcək, bu qədər nəvə nə yeyəcək?
   - Allah Məmmədin ailəsinə süd və qatıq verir. Yağış olsa, ot olacaq. Ot olsa, süd də olacaq. Msxaldididə biz hamımız bir-birimizə qohumuq. Bütün qonaqlar və uşaqlar - ümumi qonaqlarımız və uşaqlarımızdır. Hamı bilir ki, hamilə qadınlar və uşaqlar ac qalmamalıdırlar. Uşaqları tərbiyə etməkdə də bir-birimizə kömək edirik. Adətimiz belədir.
   - Allah köməyiniz olsun, inəklərinizin südü kəsilməsin.
   - İnək südlü olsun. Yağış yağsın. Torpaq sulansın, yamaclar otlansın, ot da ki, süddür, qatıq və süd.
   Bax, bu gün, belə yağışda bu qədər yol gəlmisən, iki lari biz verəcəyik, bir lari yarım da Nemsadze verəcək... Buna dəyərmi?..
   - Baci üçün dəyər. Ruzini də, uşağı da, dolanışığı da verən Allahdır. Mən bilirəm ki, sizə süd və qatıq lazımdır. Sizinlə danışmışıq ki, nə lazımdırsa, günaşırı gətirim. Siz də məni gözləyirsiniz, bilirsiniz ki, mən gələcəyəm. Əgər tənbəllik edib gəlməsəm, südü,qatığı başqasından alacaqsınız, Baci isə pulsuz və işsiz qalacaq. Bunun hamısı hesablanıb. Bu xırda larilər olmasa, biz də ac qalarıq. Heç kəs bizi qapısına qoymaz. Baci yağışdan, soyuqdan qorxmur. Baci bekarçılıqdan, işsizlikdən qorxur. İşləyiriksə, deməli, yaşayırıq.
   Arvadım evdən plaş gətirdi və dedi: Baci, bunu çiyninə at, görürsən ki, yağış yağır, sonra qaytararsan.
   - Sağ ol, xanım. Lazım deyil, Baci yağışı xoşlayır. Bu süd, qatığı siz də, uşaqlarınız da ağız şirinliyi ilə yeyin.
   Baci, pullarını paltarının qatlanmış qoluna qoydu, başını bağladı və Nemsadzenin evinə tərəf yollandı.
   
    * Gürcülər azərbaycanlı qadına “baci” deyə müraciət edirlər.