Tamaşaçı bu dəfə yeni bir Soltan bəylə təmasda olur. Hətta bizə elə gəlir ki, biz köhnə tanışımızla yenidən rastlaşdıq
   
   Dahi Üzeyir Hacıbəyli 1913-cü ildə yaradıcılığının şah əsəri olan “Arşın mal alan” operettasını yazanda yəqin düşünməzdi ki, bu əsər qeyri-adi süjeti ilə bir əsrdən artıq müddətdə müxtəlif rejissor yozumu və aktyor ifalarında tamaşaçıları məftun edəcək. Bu klassik əsər zaman məhdudiyyəti tanımır. “Arşın mal alan”da ümumbəşəri dəyərlər, ölməz xalq ruhu, həyat məsələlərinə olan sadə, eyni zamanda müdrik münasibət tamaşaçıları, sənətsevərləri cəlb edir. Operettanın yeni rejissor yozumunda ilk tamaşasını martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində seyr etdim və təəssüratlarımı “Mədəniyyət”in oxucuları ilə bölüşmək istəyirəm.    
   Opera və Balet Teatrının rəhbərliyi çox vaxt xarici ölkələrdən tanınmış sənətçilər dəvət edib, tamaşaçılarını heyrətləndirə bilir. Bu dəfə isə tanınmış sənətçilərimizi Opera və Balet Teatrına dəvət etdi. Dövlət Musiqili Teatrının aparıcı aktyoru - “Şöhrət” ordenli, Xalq artisti, professor İlham Namiq Kamal “Arşın mal alan”da Soltan bəy rolunda, Əməkdar artist Ələkbər Əliyev Vəli rolunda özlərini sınadılar. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyevdir. 
   Görkəmli aktyorumuz İlham Namiq Kamal Akademik Milli Dram, Gənclər, Musiqili teatrlar və özünün yaratdığı “İlham” miniatür teatrının səhnələrində bir-birindən maraqlı obrazlar yaradaraq tamaşaçıların qəlbini fəth edə bilib. Bu siyahıya onun kino və televiziya yaradıcılığı da əlavə olunsa, aktyor yaradıcılığı haqqında tam təsəvvür yarana bilər. Opera və Balet Teatrının səhnəsində yaratdığı Soltan bəy obrazı təcrübəli sənətkarımızın yaradıcılığında yeni bir mərhələdir. 
   Tamaşanın aktyor ifalarından danışmazdan əvvəl əsəri müşayiət edən simfonik orkestrin peşəkar musiqi təqdimini xüsusi qeyd etməliyəm. Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə orkestrin ifası, Üzeyir dühası ilə yaranmış ecazkar musiqi nömrələrinin təqdimatı ilə tamaşaçını biganə qoya bilmir. Sanki orkestr Üzeyir Hacıbəyli sənətinin musiqi təsvirini yaradır. 
   Əməkdar artist Fərid Əliyevin Əsgər, Tural Ağasiyevin Süleyman, əməkdar artistlər Gülüstan Əliyevanın Cahan xala, Ələkbər Əliyevin Vəli obrazları həm musiqi nömrələrinin, həm də aktyor ifalarının vəhdəti və peşəkarlığı ilə tamaşaçını məftun edir. Əməkdar artist İnarə Babayevanın Gülçöhrə, xalq artistləri Fidan Hacıyevanın Asya və Gülyaz Məmmədovanın Telli obrazlarında yüksək vokal və aktyor ifaları maraqla qarşılanır. İnarə Babayevanın cingiltili və eyni zamanda məlahətli vokal imkanları tamaşaçıları heyran edir. Maraqlı vokal və aktyor ifaları ölməz Üzeyir Hacıbəyli musiqisinin ecazkarlığını və qeyri-adiliyini tamlıqda üzə çıxara bilir.
   Tamaşanın ansambl bütövlüyünə xidmət edən daha bir obraz, qeyd etdiyimiz kimi, görkəmli sənətkarımız İlham Namiq Kamalın ustalıqla yaratdığı Soltan bəy obrazıdır. Əsər yarandığı dövrdən günümüzə qədər Soltan bəy obrazının saysız-hesabsız ifalarını görsək də, bu ifa da tamaşaçı marağına səbəb ola bilir. Soltan bəy İlham Namiq Kamalın ifasında həm sevən, həm də övladının gələcəyini düşünən atadır. O, qızı Gülçöhrəni, qardaşı qızı Asyanı sevən, qulluqçusu Telliyə dəyər verən, lakin var-dövlət və qazanca da biganə qalmayan bəydir. Qəlbi təmiz bir adamdır, lakin dövrün tələbləri ilə yaşayır, onlara uyğun hərəkət edir. Bütün dövrlərdə sevənlər və sevilənlər olub. Hər şeyin alıb-satıldığı bir zəmanədə Əsgər və Gülçöhrə kimi bir-birini sevən iki gənc var. Soltan bəy və digərləri isə sevgi məsələlərinə də ticarət marağı ilə yanaşırlar. 
   İlham Namiq Kamalın Soltan bəy obrazının təsvir və təqdimi rəngarəngliyi ilə maraq doğurur. Soltan bəy qızı, qardaşı qızı və bəylərlə olan səhnələrdə tam fərqli ifalarda təqdim olunur. Onun həyatda yeganə istək və arzusu hallıca-dulluca bir arvad almaqdır. Ona görə də Cahan xala ilə rastlaşanda sevinci yerə-göyə sığmır, onu müvəqqəti itirəndə isə, ticarət adamı qəm dəryasına batır.
   Sevimli aktyorumuz Soltan bəy obrazının xarici görüntülərini dəqiqliklə müşayiət edən daxili yaşantılar vəhdətinin rəngarəngliyini nümayiş etdirməyə müvəffəq olub. Üzeyir Hacıbəylinin əsərində bu obraz zəngin və parlaq rənglər işığındakı cazibədarlığı və baxımlılığı ilə seçilir. Tamaşaçı bu dəfə yeni bir Soltan bəylə təmasda olur. Sanki o, bir əsrdən artıq bir dövrdə daha müdrik, daha ağıllı və eyni zamanda daha cəlbedici olub. Hətta bizə elə gəlir ki, biz köhnə bir tanışımızla yenidən rastlaşdıq.
   Soltan bəy obrazı görkəmli sənətkarımızın Opera və Balet Teatrının səhnəsində daha bir yeni uğurudur. İlham müəllim hər bir səhnədə seçilməyi bacaran qüdrətli sənətkarlarımızdan biridir. Çox maraqlıdır ki, onun səs imkanları da obrazı tamaşaçı üçün tamlıqda aça bilir. Aktyorun səs imkanları ilə hərəkət-mizan toplusu çox maraqlı bir vəhdətdə nümayiş olunur. Tamaşaçı aktyorun canlı və rəngarəng təqdimatını sevə-sevə izləyir və hər dəfə onun səhnəyə gəlişini intizarla gözləyir. Hətta aktyor tərəfindən əsərə əlavə olunan bəzi xırda improvizələr də Üzeyir Hacıbəyli fikrinin davamı olaraq bu günlə səsləşir və maraqla qarşılanır. Tamaşaçı onları normal qəbul edib, ürəkdən gülür. Tamaşaçılarımız indiyədək çox sayda Soltan bəy obrazları görüblər. Onlar İlham Namiq Kamalın təqdim etdiyi obrazı da səmimi qəbul edib, onun səhnəyə hər gəlişini gurultulu alqışlarla qarşıladılar. “Arşın mal alan”dakı maraqlı Soltan bəy obrazı ilə sənətkarımız bir daha göstərdi ki, o, istənilən səhnədə, istənilən janrda parlaq, maraqlı, yaddaqalan və milli teatr tarixinə həkk olunan ifa nümayiş etdirə bilir.
   Görkəmli sənətkarımıza yeni obrazlar arzusu ilə,
   
   Çingiz Ələsgərli
   teatrşünas