Azərbaycan
5 aprel 1909 - Bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Musiqi mədəniyyəti tariximizdə yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin müəllifidir. Tamaşalara musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940-2002) Şəkidə anadan olub.
5 aprel 1945 - Bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, musiqili komediya və s. əsərlərin müəllifidir. Filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb.
5 aprel 1947 - Rejissor, Xalq artisti Vaqif Firudin oğlu Əsədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor və rejissor işləyib. 1989-cu ildən Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyət göstərir. Film (“Yük”) və televiziya tamaşalarında (“Ac həriflər”, “Fatehlərin divanı”) çəkilib.
6 aprel 1717 - Böyük şair Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. Qarabağ xanlığında İbrahimxəlil xanın vəziri olub.
6 aprel 1939 - Kinorejissor, Xalq artisti, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 - 25.3.2016) anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru”, “Oxuyur Müslüm Maqomayev” və s.
7 aprel 1906 - Azərbaycanın ilk satirik nəşri olan "Molla Nəsrəddin" jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Azərbaycan xalqının mütərəqqi qüvvələrini öz ətrafında toplamış jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930 - 24.12.2009) anadan olub. “Azərinform”a (indiki AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
7 aprel 1959 - Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev anadan olub. 1988-ci ildə işıq üzü görən “Mavi mələklər” romanı yazıçıya şöhrət gətirib. Sonralar detektiv janrında digər əsərləri ilə dünya miqyasında tanınıb. Ümumilikdə 160-dan çox roman və povestin, 50-dək ssenarinin, hekayələrin müəllifidir. Əsərləri 30-dək dilə tərcümə olunub.
Dünya
5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub. Əsərləri: “Fəlsəfənin əsasları” (trilogiya), “Leviafan, yaxud kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti”.
5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə “Oskar” mükafatı alıb.
5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.
6 aprel 1812 - Rus yazıçısı, filosof Aleksandr İvanoviç Gertsen (1812-1870) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb. Əsərləri: “Olmuşlar və düşüncələr”, “Oğru sağsağan”, “Kimdir günahkar”, “Doktor Krupov”.
6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı, 1989), “İfşa”, “Quldurlar” və s.
7 aprel 1883 - İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
7 aprel 1889 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral - əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
7 aprel 1939 - Amerika kinorejissoru, ssenarist Frensis Ford Koppola (Francis Ford Coppola) anadan olub. "Xaç atası", "Xaç atası-2" filmləri “Oskar” mükafatına layiq görülüb.
7 aprel 1954 - Amerika və Çin (Honqkonq) aktyoru, rejissor, prodüser Ceki Çan (Jackie Chan - əsl adı Çan Kon San) anadan olub. Filmləri: “Bronksda haqq-hesab”, ”Şanxayda günorta”, “Qadağan olunmuş krallıq”.
7 aprel 1964 - Məşhur Hollivud aktyoru Rassel Krou (Russell Crowe) Yeni Zelandiyada anadan olub. Filmləri: “Qladiator” (Maksimus, “Oskar”, 2001), “Dənizlərin sahibi”, “Robin Qud” və s.
Hazırladı: Vüqar Orxan