Kino tariximizdən
   
   Bakıda 1923-cü ildə I Dövlət Kinofabriki yaradılandan sonra bu qurumun adı dəfələrlə dəyişdirilib. 1926-1930-cu illərdə "Azdövlətkino", 1930-1931-ci illərdə "Azərkino", 1934-1935-ci illərdə "Azdövlətkinosənaye", 1932-1941-ci illərdə "Azərfilm", 1939-1958-cı illərdə "Bakı kinostudiyası" adlanıb. 1958-ci ildən isə "Azərbaycanfilm" kinostudiyası adı altında fəaliyyət göstərir. İlk illərdə kinostudiyada kollektiv yerli kadrların hesabına komplektləşdirilmədiyi üçün bu vəziyyət ümumi işə, istehsal olunan filmlərin keyfiyyətinə daim öz mənfi təsirini göstərib. Bununla əlaqədar məsələ respublika rəhbərliyində, Azərbaycan K(b)P MK-nın büro iclaslarında dəfələrlə müzakirə olunmuş və ciddi qərarlar qəbul edilmişdi.
      
   1939-cu il sentyabrın 1-də keçirilmiş MK-nın büro iclasında Bakı kinostudiyasında kadrların düzgün yerləşdirilməməsi məsələsi ciddi şəkildə tənqid olunmuşdu. Mərkəzi Komitənin kadrlar şöbəsinin müdiri Adıgözəlovun məruzəsində deyilirdi ki, Bakı kinostudiyası mövcud olduğu illər ərzində az film istehsal edib, məşhur bir film ortaya çıxara bilməyib. Həmin iclasla bağlı arxiv materialları ilə tanış olduqda maraqlı məqamlar ortaya çıxır.
   İclasda vurğulanmışdı ki, işlərin pis getməsinə səbəb kinostudiyada çoxlu təsadüfi adamların olmasıdır. Kinostudiyada kadr axını böyükdür, adamlar bu gün gəlir, sabah gedirlər. Azərbaycanlı məsul işçi çox azdır, cəmi 4 nəfər. Əmək intizamı tamamilə yoxdur. 1939-cu il yanvarın 1-dən avqustun 15-dək 102 nəfər (işçilərin təxminən üçdə biri) Bakı kinostudiyasından çıxıb gedib.
   Həmin dövrdə kinostudiyanın sonuncu işi - “Kəndlilər” filmi də iclasda ciddi tənqid obyekti olub. Qeyd olunub ki, 2 milyon rubl xərclənmiş film siyasi cəhətdən səbatsızdır, kəndli inqilabi hərəkatını, Kommunist Partiyasının rolunu təhrif edir.
   Qeyd edək ki, həmin dövrdə Bakı kinostudiyasına erməni Əsriyev (Əsriyan) rəhbərlik edirdi. İclasla bağlı Moskvadan, kino üzrə Baş İdarədən gəlmiş nümayəndənin qeydlərində kinostudiyadakı vəziyyət, Əsriyanın fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlar əks olunub. Onların bir qismini təqdim edirik.
   
   * * *
   “Mən yol. Əsriyevlə söhbət edərkən, o, dedi ki, işçilərin şəxsiyyəti və tərkibini öyrənməklə məşğul olmayıb. Ona görə də kinostudiyada təsadüfi adamlar işləyir. Mən rəhbər işçilərdən bir neçəsini misal göstərmək istəyirəm. Brodskaya - montajçı işləyir, xaricdən gəlib. Seyrul bu yaxınlarda partiyadan xaric edilib. O da keçmiş xarici təbəə olub. Onun arvadı Brodskaya - 1937-ci ildə Şanxaydan gəlib. Yekimovskaya - rəssam işləyir. 1937-ci ilə kimi xarici təbəə olub. Pozina - həbsdə olub. Frank - sex rəisi Biçeraxovun yanında qulluqda olub. Martirosov Leon - assistent, 1931-ci ildə İrandan gəlib. Anası, bacıları və digər qohumları hazırda İranda yaşayırlar. Hüseynov Teymur - “Kəndlilər” filmini çəkən qrupun direktoru partiyadan xaric edilmişdir. İranda qohumları vardır. Özü Daxili İşlər Xalq Komissarlığı orqanları tərəfindən iki dəfə həbs olunmuşdur. Kolişeviç - plan - maliyyə şöbəsinin rəisi, anası, atası və 3 uşağı Polşadadır və s. və i. Yol. Əsriyev kinostudiyanı şübhəli adamlardan təmizləmək məqsədilə heç bir tədbir görməyib, əksinə, son vaxtlar keçmiş xaricilərdən beş nəfəri işə qəbul edib. Yerli kadrlardan işə heç kim cəlb olunmur. İşi qaydasına qoymaq - yerli kadrlardan vəzifəyə irəli çəkmək əvəzinə o, başqa yol seçmişdir...
   Rəhbər işdə azərbaycanlılar çox azdır. Direktor Əsriyev ermənidir, partiya təşkilatı katibi Tamirov ermənidir, fabrik həmkarlar komitəsinin sədri Şahnəzəryan da ermənidir, azərbaycanlı deyil. Kinostudiyada bolşevik tənqidi yoxdur, dostbazlıq var. Dostbazlığı bir də bu faktla izah etmək mümkündür ki, Əsriyev bu il Moskvada olmuşdur. Məlum olmuşdur ki, o, hələ keçən il Baş İdarəyə məlumat vərəqəsi yazmışdır. Həmin vərəqə kinoqəzetə düşmüşdür. Haqqında yazdığı şəxs Əsriyevi məhkəməyə vermiş və məhkəmə onu altı ay məcburi işə cəlb etmişdir. Əsriyev isə Moskvadan qayıdarkən əlində hökm olub. O, MK-ya və ya raykoma gəlib bu barədə məlumat verməyi özünə borc bilməyib. Direktor həmin hadisəni partiya bürosunun katibi yol. Tamirova danışıb. Tamirov bu hökm haqqında raykomun katibinə məlumat verməyib. Bu, kinostudiyada dostbazlığın olmasını və işdə bolşevik tənqidinin olmamasını təsdiq edir”.
   İclasda kinostudiyanın direktoru Əsriyev çıxışında bildirib ki, o, burada 1930-cu ildən işləyir. İşə assistent şagirdi kimi daxil olub. 1937-ci ilin sonunda onu rəhbər işə irəli çəkirlər: “Mən xahiş edirdim ki, bunu etməsinlər. Mən savadsız adamam, kinofabrik ağır sahədir, mənim üçün çox çətin olar. Amma mənə dedilər ki, kömək edəcəklər. Mən işə başladım...”
   Azərbaycan K(b)P MK-nın katibi Çeplakov: - Yol. Əsriyev, bu müddət ərzində siz Bakı kinostudiyasında işləri batırmısınız. Siz Bakı kinostudiyasını zibilləmisiniz, siz milyonlarla sovet pulunu göyə sovurursunuz, siz ikidillisiniz, iftiralarla məşğul olursunuz. Olmazmı, MK bürosunda hər şeyi düz danışasınız.
   İclasın sonunda Əsriyev çıxış edib: - Bakı kinostudiyasında film çəkmək üçün iş əsasən yaxşı yaradıcı işçilərin çatışmaması ucbatından axsıyır. Bütün nöqsanlar da buradan əmələ gəlir...
   
   * * *
   Bu qalmaqallı iclasın nə ilə nəticələndiyini 1940-cı il iyunun 4-də Az K (b) P Mərkəzi Komitəsinin keçirdiyi büro iclasının “Ən məxfi” qrifi ilə yazılmış protokolunda görürük.
   Bakı kinostudiyasında işin vəziyyəti haqqında məsələni müzakirə edərək Azərbaycan. K (b) P Mərkəzi Komitəsi qeyd edir ki, Bakı kinostudiyasının direktoru, yol. Əsriyev dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq studiyanı siyasi cəhətdən şübhəli və özgə adamlardan təmizləməmiş, əksinə işçi heyətini şübhəli elementlərlə, keçmiş xarici təbəələrlə daha çox zibilləmiş, ziyançılığın nəticələrinin aradan qaldırılmasını təmin etməmişdir.
   Təsərrüfatsızlığa yol verən Əsriyev studiyaya bolşevikcəsinə rəhbərlik etmək arzusunda olmamışdır. O, hər il filmlərin buraxılışı üzrə istehsalat planlarını yerinə yetirmir. Əmək intizamı aşağı səviyyədədir, işçilərin axını davam edir, siyasi-tərbiyə işi çox zəifdir. Direktor Əsriyev isə qayda yaratmaq üçün heç bir tədbir görmür. Studiya işçiləri arasında bolşevik tənqidi və özünütənqid yoxdur. Burada dostbazlıq və xatircəmlik özünə yer almışdır.
   İlk partiya təşkilatı qeyri-qənaətbəxş işləyir. Partiya təşkilatı katibi yol. Tamirov partiya-siyasi işinin genişləndirilməsini təmin edə bilməmişdir. Kinostudiyanın təmizlənməsində bolşevikcəsinə sözünün üstündə durmamışdır. Studiya direktoru Əsriyevin işindəki kobud nöqsanlara və çatışmamazlıqlara barışdırıcı münasibət bəsləyir.
   Kinostudiya rəhbərliyi gənc yaradıcı kadrların, xüsusilə azərbaycanlıların hazırlanması və irəli çəkilməsi işində partiyanın milli siyasətini kobud şəkildə pozmuşdur. Studiyanın rəhbər işçilərinin heyətində olan 33 nəfərdən yalnız 4-ü azərbaycanlıdır. Yol. Əsriyev, Tamirov və Şahnəzəryan kadrların düzgün yerləşdirilməsini, azərbaycanlı kadrların seçilməsi və yetişdirilməsini təmin etməmişdir.
   “Kəndlilər” filminin buraxılışı üzrə mövcud olan böyük səhvlərlə əlaqədar 1939-cu ilin iyul ayında yol. Əsriyevə ciddi xəbərdarlıqdan sonra o, işində dönüş yaratmaq əvəzinə anti-partiya mövqeyi tutmuşdur. Direktor kinostudiyanın işçisi Yevdayevi (komsomol komitəsinin katibi) Azərbaycan partiya təşkilatı rəhbərliyindən ÜİK(b)P MK-ya, yol. Jdanova iftiralı ərizə yazıb göndərməyi provakasiya məqsədilə təhrik etmişdir. Yol. Əsriyev məhkəməyə düşməsini Azərb. K(b)P MK-dan gizlətmişdir.
   Azərbaycan K(b)P MK bürosu qərara alır:
   Bakı kinostudiyasında işi bərbad hala saldığına, aparatı yad, siyasi cəhətdən şübhəli elementlərlə zibillədiyinə və provokasiyalı ərizə təşkil etdiyinə görə Bakı kinostudiyasının direktoru yol. Əsriyevə xəbərdarlıqla ciddi töhmət verilsin.
   Yol. Əsriyevin bundan sonra Bakı kinostudiyasında işdə qalması mümkünsüz hesab edilsin. ÜİK(b)P MK-dan xahiş olunsun ki, yol. Əsriyevin işdən azad edilməsini təsdiqləsin.
   Yol. Tamirovun Bakı kinostudiyasının ilk partiya təşkilatı katibi vəzifəsində qalması mümkünsüz hesab edilsin.
   İlk partiya təşkilatına tapşırılsın ki, yol. Tamirovun hərəkəti haqqında məsələ müzakirə olunsun.
   Azərbaycan K(b)P şəhər PK katibi yol. Süleymanova bir vəzifə olaraq tapşırılsın ki, Bakı kinostudiyası ilk partiya təşkilatına rəhbərliyi köklü şəkildə yenidən qursun və Bakı kinostudiyası işçiləri arasında partiya siyasi işi genişləndirmək işində ona konkret köməklik göstərilsin.
   Azərbaycan K(b)P MK kadrlar şöbəsinə, yol. Gözəlova tapşırılsın ki, yaxın vaxtlarda Bakı kinostudiyası işçilərinin bütün heyəti yoxlanılsın, studiya yoxlanılmış, bacarıqlı yaradıcı işçilərlə möhkəmləndirilsin.
   Azərbaycan K(b)P MK təbliğat və təşviqat şöbəsinə, yol Yaqubova tapşırılsın ki, Bakı kinostudiyası müdiriyyəti ilə birgə bir ay ərzində Bakı kinostudiyasının 1939-1940-cı illər üçün bütün istehsalat planına yenidən baxılsın və Azərbaycan K(b)P MK bürosunun təsdiqinə verilsin.
   Azərbaycan SSR XKS sədr müavini, yol. Allahverdiyevə tapşırılsın ki, Bakı kinostudiyasının təsərrüfat və maliyyə fəaliyyəti bütünlüklə yoxlanılsın və nəticələr Xalq Komissarları Sovetinin iclasında müzakirə olunsun.
   
   * * *
   Bakı kinostudiyasının direktoru Əsriyevin rəhbərlik etdiyi dövrdə onun qara əməllərini sübut edən daha bir fakt. Azərbaycanın ilk kinooperatoru Camal İsmixanov 1939-cu il avqustun 12-də Azərb. K (b) P MK katibi Yaqubova ərizə ilə müraciət edir. C.İsmixanov şikayət xarakterli ərizəsində yazmışdır:
   “Mən Bakı kinostudiyasında 12 ildən artıqdır ki, işləyirəm. Burada fəaliyyətə kuryerdən başlamış, tədricən kinooperator ixtisasına yiyələnmişəm. Bundan başqa mən bu sahədə müvafiq praktik və nəzəri hazırlıq keçmişəm. Mən kino sənətinə yiyələnmiş gənc kadr kimi mütəxəssis olaraq, hər şeydən əvvəl işlə təmin edilməli idim. Əslində isə bunun əksi oldu. Mənə iş verilmir.
   Beləliklə, mən nəinki dövlətə xeyir gətirmirəm, həm də illərlə topladığım, öyrəndiyim ixtisası itirirəm. Studiya direktoru yol. Əsriyevdən hər hansı işlə təmin olunmağımla bağlı xahişlərim nəticəsiz qalır. Yol. Əsriyev məndən aşağı olan operatorları işlə təmin edir. Yol. Əsriyev belə vaxtda nəyə əsaslandığını mən başa düşmürəm.
   Xahiş edirəm, kinostudiyada tamamilə qeyri-sağlam vəziyyətlə maraqlanasınız və ixtisasım üzrə iş almağıma köməklik göstərəsiniz”.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi