Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həyata keçirilən “Emalatxanada görüş” adlı layihənin ikinci mərhələsinə 6 aprel tarixində start verilir.
Bu mərhələ gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafı məsələlərinin, rəssamların bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların, üslub özəlliklərinin, orijinal ideyaların müzakirəsi, araşdırılması və geniş auditoriyaya əyani surətdə təqdim edilməsinə yönəlib.
Gənc sənətşünasların layihəyə cəlb edilməsində məqsəd onlarda tədqiqat aparma və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir.
Layihənin konsepsiyası gənc sənətşünasların iştirakı ilə tanınmış rəssamların emalatxanalarda iş prosesləri ilə yaxından tanış olmaq, canlı ünsiyyət və həmin mühitdə müzakirələrin aparılmasına təkan verməyi özündə ehtiva edir.
Aprel ayında baş tutacaq görüşlərin əməkdar rəssamlar Sakit Məmmədov və Hüseyn Haqverdiyevin emalatxanalarında keçirilməsi nəzərdə tutulur.
Layihənin ikinci mərhələsinə gənc sənətşünaslardan Məhbarə Abbasova, Nərmin Kərimli, Rəsul Davudov, Sevil Zeynalova, Anar İbrahimov, Türkcahan Rzayeva, Firuzə Ağayeva da qoşulacaqlar. Onlar görüşlərdəki müzakirələrə dair öz fərqli baxışlarının nəticəsi olaraq esse, yazı və digər materiallar hazırlayacaqlar. Bu yazıların layihənin bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması nəzərdə tutulur.