...Ötən ilin bu vaxtı onun düşmən gülləsinin susdurduğu yarımçıq qalmış arzularına, cücərib kök atmağa macal tapmamış sevgisinə bir yazı həsr etmişdim. Ötən bir il ərzində Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, heykəltəraş Samir Kaçayev 2016-cı ilin aprel döyüşlərindən bəhs edən neçə publisistik yazının, sənədli-bədii süjetin qəhrəmanı oldu.
Aprel döyüşlərinin ildönümündə isə Samir Kaçayev pyes qəhrəmanı kimi səhnəmizə qayıtdı.
Aprelin 5-də Gənc Tamaşaçılar Teatrı Yefim Abramov və Leyla Bəyimin o döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri «Yarımçıq qalmış...» birhissəli psixoloji dramını təqdim etdi. Məlumat üçün bildirək ki, müəlliflərin hər ikisi ölkəmizdən kənarda - Abramov İsraildə, Leyla Bəyim isə Çexiyada yaşayır. Bununla belə, Vətən sevgisi sərhəd tanımadığı üçün onlar da doğma yurdun qəhrəmanlarına belə bir maraqlı əsər həsr ediblər. Əsəri Azərbaycan dilinə Aysel Əlizadə çevirib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirovdur. Rəqslərə Ella Hacıyeva quruluş verib, tamaşadakı mahnıları isə gənc müğənni Çinarə Məlikzadə ifa edir. Rolları əməkdar artistlər Elşən Rüstəmov (Fariz) və Rasim Cəfərov (Fərhad), aktyorlar Zemfira Əbdülsəmədova (Ana), Elnur Kərimov (Sabir), Günel Məmmədova (Ülviyyə), Manaf Dadaşov (Alik), İlqarə Tosova (Nərgiz), Elgün Yəhyayev (Ramil), Anar Seyfullayev (Sergey) oynayırlar.
Gənc heykəltəraş Sabirlə gənc şairə Ülviyyə bir-birini dəlicəsinə sevirlər. Bütün cavanlar kimi gah kimin digərini daha çox sevdiyi üstündə sözləşir, gah da bir-birinin zarafatından inciyirlər. Lakin... Hər şey Sabirin döyüşdə şəhid olması ilə dəyişir. Əslində tamaşanın bu cür təsviri onun barəsində sıradan bir təəssürat yarada bilər. Əgər...
Əgər «Yarımçıq qalmış...» bizə Vətən şəhidlərinin o dünyadakı sarsıntılarını, əzizlərindən narahatlıqlarını, uğrunda candan keçdikləri torpağın hələ də işğal altında olduğunu öyrəndikdə sızıltılarını sənət dililə çatdırmasaydı, dostların mənəvi gücü ilə Sabirin ruhunun bir anlığa fani dünyaya qayıdıb hər kəsin əzizindən onlara xəbər çatdırma səhnələri olmasaydı, bəlkə də bu tamaşa patetika ruhlu sözlərdən, oyundan ibarət kompozisiya olacaqdı. Tamaşada ürək sızladan məqamlar, insanın ruhuna təsir edən anlar çoxdur.
...Sabir həlak olandan sonra axirətdə keçmiş döyüşçülərin yanına düşür. Ondan soruşulan ilk sual «Şuşanı aldınız?» olur.
...Sabirin ruhu Farizin qucağında körpə oğlu ilə tək qoyduğu həyat yoldaşı Nərgizin Ülviyyəyə ürək-dirək verdiyini görür. Geri qayıdarkən Farizə xəbər gətirir ki, oğlunun 25 yaşı var, bu yaxınlarda toyu olacaq... və Fariz tütəkdə «Vağzalı» çalır. Həsrət qaldıqları əzizlərinin hər xoş xəbərinə sevinən ruhlar qol qaldırıb rəqs edirlər.
Ülviyyə nə qədər Sabirin həsrətini çəkib, «mən sənsiz yaşaya bilmirəm» deyə hayqırsa da, «Yarımçıq qalmış...» pozitiv çağırışla bitir. Əzizlərimizin, nakam şəhidlərin ruhu sağdır və onlar bizim hər bir xoş əməlimizə, günümüzə sevinirlər.
* * *
İnsanın iç dünyasını titrədən, qəlbindəki duyğuları ələyən «Yarımçıq qalmış...» tamaşasında yaradıcı heyətə təbrik sıradan bir premyera alqışına oxşamadı. Samir Kaçayevin qollarını açıb sanki quştək uçduğu şəkil səhnənin arxasındakı ekranda görünən məqamdan ayağa qalxan salon dolusu tamaşaçı alqışları həm heyətə, həm də ayrılıqda aprelin 5-də 70 yaşını yeni əsərlə qeyd edən quruluşçu rejissor Vaqif Əsədova ünvanlanmışdı.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov şəhidlərimizin ruhuna ehtiram, aktyorların birnəfəsə oynadığı tamaşadakı əziyyətinə hörmət əlaməti olan bu alqışlamaya görə hər kəsə minnətdarlıq etdi. Vaqif müəllimi teatrın kollektivi adından təbrik etdikdən sonra Samirin bu tamaşanı seyr edən doğmaları, dostları, tələbə yoldaşları və müəllimləri adından söz demək üçün atası İzayəddin Kaçayevi səhnəyə dəvət etdi. Şəhid atası oğlunun xatirəsinə həsr olunmuş belə bir tamaşaya görə müəlliflərə və teatrın kollektivinə təşəkkür etdi.
Beləcə, Gənc Tamaşaçılar Teatrının repertuarı fərqli yozumu olan maraqlı tamaşa ilə zənginləşdi. Tamaşanın adı zəndinizi çaşdırmasın, özü çox mükəmməldir...
Gülcahan Mirməmməd