“Dünya autizm məlumatlandırma günü”nə həsr olunmuş tamaşa göstərilib
Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında “Dünya autizm məlumatlandırma günü” münasibətilə tədbir keçirilib.
Dövlət Kukla Teatrı və Müasir Psixologiya Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşan tədbir “Əlimdən tut” adlı sözsüz tamaşanın nümayişi ilə başlayıb. Tamaşada “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar iştirak ediblər. İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda uşaqlara həsr olunmuş mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) səsləndirilib. Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Tədbirdə il ərzində autizm sindromlu uşaqlara kömək göstərən insanlara Müasir Psixologiya Mərkəzi tərəfindən “Autizm uşaqların dostu” mükafatları və diplomları təqdim olunub.