Aprel döyüşlərində şəhid olan hərbçilərin xatirəsi anılıb
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində şəhid olan vətən övladlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
   Sumqayıt Dövlət Rəsm Qalereyasında keçirilən tədbirə regional idarənin rəisi Mehman Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sumqayıt idarəsinin rəisi, polkovnik Natiq Qarayev, xalçaçı rəssam Fazil Abasquluzadə, şəhidlərin ailə üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar. Çıxışlarda bildirilib ki, Aprel döyüşləri tariximizə yeni bir qəhrəmanlıq salnaməsi kimi yazılıb. Əməkdar incəsənət xadimi, rəssam Vaqif Nəzirov və rəssam Tofiq Əhmədovun birgə yaratdıqları “Vətən şəhidləri ilə ucalır” əsəri təqdim olunub. Tədbirdə həmçinin şəhidlərə həsr olunmuş xalçalar və rəsm əsərləri nümayiş olunub, şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü İlkin Əlizadənin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar dinlənilib.
   S.Vurğun adına Mərkəzi kitabxanada və N.Nərimanov adına Mədəniyyət mərkəzində keçirilən tədbirlərdə şəhid Əbdülməcid Axundova həsr olunmuş “Ölsəm... yaşat” sənədli filmi nümayiş olunub.
   Nizami Gəncəvi adına Kitabxana-klubda Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Murad Mirzəyev və Samir Kaçayevin xatirəsi anılıb. Kitabxanaçı Səadət Allahverdiyeva oxuculara qəhrəman döyüşçülərin həyatı və şərəfli yol haqqında geniş məlumat verib. Oxucuların ifasında vətənə, şəhidlərə həsr olunan şeirlər dinlənilib, video-çarx izlənilib. Sonda “Qarabağ - silinməyən dərdimiz” mövzusunda kitab sərgisi nümayiş olunub.
   * * *
   Neftçala rayon Mərkəzi kitabxanasının bir qrup əməkdaşı şəhid Elimdar Səfərovun il mərasimində iştirak ediblər. Xüsusi təyinatlı qüvvələrin giziri E.Səfərov ötən ilin Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək düşmən postlarının ikisinin alınmasında birbaşa iştirak edib. Yoldaşlarını mühasirədən çıxarıb və qəhrəmancasına həlak olub. Neftçala rayon ictimaiyyəti, şəhid ailələri, kənd camaatının qatıldığı anım mərasimində məktəblilər şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. 
   * * *
   M.Ə.Sabir adına Sabirabad rayon Mərkəzi kitabxanasında Aprel döyüşlərinin şəhidi, kəşfiyyatçı polkovnik-leytenant, Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib. Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində Regional idarənin rəisi Əhməd Ramazanov Aprel döyüşlərinin Azərbaycan Ordusunun qələbə sorağı ilə yaddaqalan, yeni hərb tariximizə şanlı səhifə kimi yazıldığını bildirib. Kitabxanada M.Mirzəyevə həsr edilmiş guşəyə baxış keçirilib.
   * * *
   Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Ordumuz qürur mənbəyimizdir” adlı dəyirmi masa təşkil olunub. Çıxış edənlər Aprel döyüşlərinin ordumuzun qüdrətini bir daha nümayiş etdirməsini qeyd ediblər. Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Oğuz rayon nümayəndəliyinin baş məsləhətçisi Ulduz Baxışova tədbirin əhəmiyyətindən söhbət açaraq, gələn qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Sonda iştirakçılar “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!” mövzusunda sərgiyə baxıblar.
   * * *
   Goranboy rayon Mərkəzi kitabxanasında Aprel döyüşlərində şəhid olan Qızılhacılı qəsəbə sakini Bəxtiyar Rəfail oğlu Hüseynovun xatirəsinə həsr edilən “Şəhidlər ölmür” mövzusunda anım günü keçirilib. Rayon MKS-nin direktoru Gülnarə Nəsibova şəhidin ömür və döyüş yolundan danışıb. Xidmət şöbəsinin oxu zalının müdiri Sevda Əliyeva Aprel döyüşlərində əsgərlərimizin igidliyindən söz açıb. Zabit anası Qəmər Cəfərova, Solmaz Məmmədova şəhidlərimizin keçdiyi şanlı yoldan bəhs ediblər. 
   * * *
   Zərdab rayonunun Aprel şəhidlərindən olan gizir Nurlan Rasim oğlu Abdullazadənin xatirəsinə həsr olunan mərasim keçirilib. Qeyd olunub ki, ailənin yeganə oğul övladı olan Nurlan Tərtər bölgəsində gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidentinin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla (ölümündən sonra) təltif edilib.