Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Rafael Dadaşovun 70 illiyinə Milli Dram Teatrı ilə İrəvan Azərbaycan Dram Teatrının birgə layihəsi - İftixarın müəllifi olduğu “Qanlı qızıl toy” tamaşası öz səhnə təcəssümünə qovuşdu. Əsər Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza ithaf edilib.
Dramaturq - rejissor - yozum
Dramaturgiyada müəyyən təcrübələr əldə edən və tamaşaları ilə teatr tariximizdə iz qoyan (“Dan yeri söküləndə”, “Körpü”, “Eşqin tikan dairəsi”, “Soyqırımı tarixinin dastanı”, “İşıqlı, nurlu sabah”, “Qurtuluş dastanı”, “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan bayrağı” və s.) İftixarın “Süsən və Osman” qəhrəmanlıq dramı əsasında “Qanlı qızıl toy” adı ilə təqdim olunan ikihissəli faciədəki hadisələr ümumi müəllif kontekstində aktual, yeni yanaşma, yeni teatr poetikası və teatr dili ilə diqqət çəkir. Müəllif Qarabağ müharibəsi mövzusunu fərqli mənəvi-etik müstəvidə sərgiləyir, çağdaş dünyanın daxili yaşantılarını, insan faktorunun, insan hisslərinin yeni anlamını əyani fəlsəfi bucağa pərçimləyir. Təsvir etdiyi hadisələr zəncirini öz fərdi dünyagörüşü və duyumuyla, ümumbəşəri humanist ideallarla müəyyənləşdirir və bütün bunları çağdaş zövq və yeni fəlsəfi qavrayışla tamaşa yaradıcıları - quruluşçu rejissor Rafael Dadaşov və ikinci rejissor Nicat Mirzəzadəyə (o, həm də tərtibatçı rəssamdır) ötürür və nəticədə bədii hadisəyə çevrilən və aktyor ansamblı ilə tamaşaçıya təqdim edilən yozum səhnələnir.
Rejissorlar hadisələr ardıcıllığını özünəməxsus oyun dinamikasında inkişaf etdirir - istər tamaşanın ümumi təfsirində, kompozisiya-struktur həllində, istərsə də obrazların dinamik təqdimində, bədii tərtibatda zahiri effektlərdən qaçaraq, tamaşanı mükəmməl aktyor oyunu üzərində qurur, aktyorlar isə öz öhdələrinə düşən yükü mükəmməl ifa fərdiyyəti ilə yaddaşlara köçürürlər. Tamaşadakı mizanlar çox dəqiqliklə əsərin ideya məzmununun açılmasına yönəlib. Rejissor dəst-xətti, rejissor düşüncəsi tamaşanın hər bir nöqtəsində, aktyor oyununun bütün məqamlarında özünü aydın hiss etdirir.
Tamaşa psixoloji dramatizm və dərin fəlsəfi mahiyyət kəsb edən konsepsiyada təqdim olunur. 1992-ci il mayın 7-də Şuşa və onun müdafiəsi uğrunda gedən döyüşlər ətrafında cərəyan edən hadisələri əks etdirən tamaşanın əvvəlindən sonuna qədər böyük diqqətlə qavranılan süjet xəttinin mərkəzində yarım əsr bir dam altında ömür sürmüş iki ahıl insan - Osman və Süsən obrazları dayanır.
Süsən-Osman cütlüyü
Rafael Dadaşov və Esmiralda Şahbazova duetində özünün bitkin ifa həllini tapır. Ustad aktyorumuz Rafael Dadaşov Osman rolunda alicənab, dəyanətli, namuslu, mərdanə, yüksək etik-mənəvi keyfiyyətləri ilə ehtiram qazanan, insanlığın bədii simvolunu, Azərbaycan kişisinin ümumiləşmiş bitkin səhnə obrazını yaradır. Gənc Suzanna (Şəbnəm Cəbrayılova) bu keyfiyyətlərinə görə Osmanı sevir. Ailəsinin təpkisinə baxmayaraq keşişlə (aktyor Əhliman Ərşadlı) məsləhətləşib adını Süsən qoyub onunla ailə qurur, qırx doqquz illik uzun incə bir ömür yaşayır. Səksən yaşlı Osman dünyanı dağıdan, məhv edən müharibə törədənləri allahsız adlandırıb lənətləyir. Osmanın öz həqiqəti və ülviyyəti var - qan yaddaşımızdan irəli gələn pak, mərdanə hisslərlə vətənə, torpağa bağlılıq, odu-ocağı sönməyə qoymamaq, ailə bağlarını həssasslıqla qorumaq. Buna görə də o, Kişi kimi öz evində ölməyi, torpağı qoyub qaçmaqdan üstün sanır.
Osmanın ömür-gün yoldaşı olan erməni Süsən bütün varlığı ilə sevdiyi ərini və ocağını düşmənlərdən qorumaq səbəbi ilə ona yalvarır ki, o, buradan çıxıb getsin. Osmansa: “Mən hələ o günə qalmamışam ki, mənim evimi arvad qorusun” - deyərək buranı tərk etməyəcəyini israr edir və qəlyanını yandıraraq Süsənə Böyük Vətən müharibəsi illərində başına gələn bir əhvalatı nəql edir. Osman-Rafael Dadaşov əynindəki libasını dəyişir, eynəyini taxır və Hans roluna keçid alır.
Bu səhnə bir an içində hadisələri illər öncəyə - Stalinqrad cəbhəsində döyüşmüş sovet əsgəri Osmanın 1945-ci il mayın 7-də təsadüfən tanış olduğu bir alman ailəsində rastlaşdığı unudulmaz görüşə istiqamətləndirir. İki yaşlı qoca - Hans (R.Dadaşov) və Suzanna (E.Şahbazova) sakitcə evin ortasında qoyulan sandığın üstündə oturublar. Bu an qəfildən otağa əlisilahlı sovet əsgəri daxil olur və tüfəngi qocalara tuşlayır. Tamaşaçı Hans və Suzannanın əlitüfəngli düşmən əsgərinə qarşı ehtiramı, onu isti yeməyə qonaq etmələri, bərabər bir süfrə başında “qızıl toy”larını necə sevinclə qeyd etdiklərindən, qarşılıqlı ülvi məhəbbətlərindən təsirlənir.
Qocalar rus əsgərinin - Osmanın (aktyor Natiq Həziyev) Azərbaycandan - Şuşadan olduğunu eşidəndə sevinirlər. Bakıda doğulub, Şuşada boya-başa çatan Suzanna öz xatirələrini yada salır, Osmandan onlar üçün mahnı oxumağı xahiş edir, onun muğam və zəngulələri yoldan ötən musiqi müəllimi işləyən daha bir almanı Henrixi (aktyor Əhliman Ərşadlı) də buraya cəlb edir. Henrix akkordeonda İ.Baxın musiqisini çalır, Osman isə “Bayatı-Şiraz” muğamını uca səslə oxuyur.
Əməkdar artist Esmiralda Şahbazova Süsən və Suzanna obrazlarının hər ikisini olduqca nəcib, ləyaqətli, sədaqətli, insanpərvər qadın kimi təqdim edir və taleyini Osmana bağlayan Süsənin ərinə olan sonsuz sevgisini, fədakarlığını, yaşadığı torpağa və onun adamlarına isti münasibətini, tamaşanın əvvəlindən sonuna kimi Azərbaycanlı kişisində gördüyü qeyrəti, dəyanəti, mərdanəliyi, ailə dəyərlərinə sonsuz ehtiramını heç nəyə dəyişmir, son nəfəsinə qədər Osmana sədaqət nümayiş etdirir, ermənilərin xəyanətkar mövqelərini ifşa edir.
Böyük Vətən müharibəsində almanlara qarşı vuruşan, kəşfiyyatda şərəfli döyüş yolu keçən qoca veteran Osman öz-özüylə hesabat aparır, “Burdan Berlinə qədər getdim, bircə dəfə də olsun, gözüm qorxmadı. Qəhrəman kimi döndüm Şuşaya, indi Şuşadan qorxaq kimi qaçmaq mənə yaraşar? Yaraşmaz Osman, yaraşmaz!.. Qaçmaqdansa, ölüb qurtarmaq lazımdı” söyləyir. Bu zaman otağa əlisilahlı çapıqlı erməni (Əməkdar artist Vaqif Kərimov) daxil olur, Osmanı öldürməklə hədələyir. Osman qımıldanmır, oturduğu yerdən qalxmır, Berlin qəhrəmanı olduğunu və ölümdən qorxmadığını bildirir. Bu səhnədə Osmanın nə qədər insanpərvər, rəşadətli, etibarlı olduğu müqabilində onun keçmiş cəbhə yoldaşı çapıqlı erməninin riyakar xisləti, nankor və yaramazlığı təsvir olunur.
Qoca sevgililərin sonuncu valsı
Süsən ağzı xəmirli tut arağı şüşəsini zirzəmidən qaldırıb Osmana sarı gəlir. Osman onu nəvazişlə qarşılayır, heç nə olmamış kimi, onun narahatlığına səbəb yaratmır. Şüşəni sığallayaraq qırx doqquz il əvvəl toylarından qalmış bu arağı bu gün mayın 7-də qızıl toy günlərində açıb badələrə süzür. “Lənət olsun belə qızıl toya!” - deyir. Stolun üstündəki şamları yandırır, əşyaları ilə - qəlyanı, qamçısı, papağı, tüfəngi ilə vidalaşır. Süsənin qolundan tutub sandığa sarı gətirir və qapağı açmağı xahiş edir. Arxa planda “Vağzalı” musiqisi altında bəylə gəlin, ön planda isə Osman və Süsən sonuncu sevgi valsının sədaları ilə sandığın üstə oturmaq istərkən güllə atılır. Səhnə qırmızı rəngə boyanır. Osman aldığı güllədən səndirləyib Süsənin yanında zorla otura bilir. Bu zaman atılan ikinci güllə Süsənə dəyir və qoca sevgililər ölümün ağuşuna da bir-birlərinə sədaqətlə birgə atılırlar. Onlar cismən ölsələr də, əsərin ideya xəttini - Bəşəriyyəti insanlıq xilas edəcək! - fikrini xeyirlə şərin bir-birinin içinə boylandığı məkan məsafəsindən gələcək nəslə, tamaşaçı yaddaşına çatdıra bilirlər. Qaranlıq səhnədə isə ümid rəmzi olan şamların şöləsi parlayır... Bu anda Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin tamaşa üçün bəstələdiyi və özünün də ifasında səslənən ecazkar “Süsən və Osman” elegiyası səhnə əsərinin mükəmməl finalına əsrarəngiz çalar qatır.
Şuşa şəhərinin işğalının 25-ci ildönümü ərəfəsində ərsəyə gələn “Qanlı qızıl toy” tamaşasının premyerası böyük tarixi ənənələri olan İrəvan Azərbaycan Dram Teatrının öz tamaşaçısına doğru atdığı yeni uğurlu addım kimi dəyərlidir.
Nərminə Ağayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru