Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yeni ədəbiyyat və sənət dərgisinin təqdimat mərasimi keçirilib. “Ulu Çinar” adlı bu dərgi Azərbaycan Yazıçılar Birliyinin və Mahmud Kaşğari adına fondun dəstəyi ilə nəşr edilib. Redaksiya heyətinə Anar, Nizami Cəfərov, Qənirə Paşayeva kimi nüfuzlu ziyalıların daxil olduğu dərginin baş redaktoru Elxan Zaldır. İlk sayda Azərbaycan və digər türk respublikalarının mədəniyyətinə, ədəbiyyatına, müasir fikir və qələm sahiblərinin əsərlərinə geniş yer ayrılıb. Yazıçı Anarın ön sözü ilə açılan dərgidə şair Z. Yaqub, millət vəkili Q. Paşayeva, filoloq P.Məmmədova və başqaları müəllif yazıları ilə çıxış ediblər. Təqdimat mərasimində professorlar Nizami Cəfərov, Cavad Heyət, xalq şairi Zəlimxan Yaqub, millət vəkili Qənirə Paşayeva, filologiya elmləri doktoru Muxtar Kazımlı və başqa natiqlər çıxış edərək "Ulu Çinar" jurnalının yaradıcı kollektivinə uğurlar arzulamış, xeyir-dua vermişlər.