Cümhuriyyət dövrü poeziyamızın tanınmış nümayəndələrindən biri şair Əbdül Rəhman Daidir. Satirik qələmi ilə “Molla Nəsrəddin” ənənələrini davam etdirən ədib 37-ci il repressiyalarının qurbanı olub. İstiqlal poeziyamızın istedadlı nümayəndəsi həm də folklor tədqiqatçısı kimi tanınıb. 
   Əbdül Rəhman Dai (Əbdülov Rəhman Əbdül Rəhman oğlu) 1898-ci ildə Bakının Bülbülə kəndində dünyaya göz açıb. Gənc yaşlarında mətbəədə mürəttib (hərfləri düzən şəxs) işləyib, Qasım bəy Qasımbəyovun “Bəsirət” qəzeti ilə əməkdaşlıq edib. İlk məqalələri “Bəsirət”, “Açıq söz” qəzetlərində dərc olunur. Özünə “Dai” təxəllüsü (ərəbcədən tərcümədə - dua edən) götürür. Uşaq qiraəti üçün yazdığı “Rəhimli səyyah” adlı ilk kitabı 1917-ci ildə işıq üzü görür. Sadə, rəvan bir dildə və memuar səpkidə yazılan kitab müəllifinə uğur gətirir. “Fəhlənin nitqi” adlı ikinci kitabı “Bakı” mətbəəsində çapdan çıxır. Məsnəvidə fəhlənin dilindən sahibkar ittiham olunur. 1918-ci ildə şairin “Qurunun oduna yaş da yanar” adlı kitabı oxucuların ixtiyarına verilir.
   Araşdırmalardan məlum olur ki, Ə.R.Dai 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını böyük sevinclə qarşılayıb. Şairin həmin dövr yaradıcılığında istiqlal duyğularının geniş əks olunması da bunu göstərir. Cümhuriyyətin ilk dönəmlərində Azərbaycanın Xankəndi və Əsgəran yaşayış məntəqələrində ermənilər milli hökumətə qarşı çıxırlar. General Səməd bəy Mehmandarovun komandanlığı altında üsyan yatırılır. Həmin vaxtlarda Ə.R.Dai “Əsgərlərimizə” adlı şeirini qələmə alır:
   
   Ey vətənin dilavər əsgərləri!
   Ey vətənin aslanları, nərləri!
   Şanlı, şücaətli, igid ərləri!
   Tanrı sizə kömək olsun, yar olsun!
   
   ...Ey ucaya qaldıranlar bayrağı!
   Hifz eyləyin bu müqəddəs torpağı!
   Gedin, qovun, xainləri, alçağı!
   Düşmənlərimiz vətəndən kənar olsun.
   
   O dövrdə vətənpərvər şairin “Azərbaycan” qəzetində “Əsgəranın alınması münasibətilə”, “Qaçqınlar”, “Çalışmaq”, “Bir yaralı əsgərin dilindən” və s. şeirləri dərc olunur. Bu nümunələrdə şair dövrün aktual problemlərinə toxunur, oxucularda Vətənə sədaqət, dövlətçiliyə inam hissi aşılamağa çalışır. “Molla Nəsrəddin” ədəbi məktəbinin təsiri ilə şeirlər yazan müəllif “Qanqal” adlı satirik şeirlər toplusunu nəşr etdirir.
   Ə.R.Dai 1919-cu ilin əvvəllərində “Hökumət mətbəəsi”ndə naşirlik işinə dəvət alır. Şairin ikicildlik “Əsgəri nəğmələr” kitabının birinci cildi həmin il burada nəşr edilir. Cümhuriyyət 1920-ci ildə süqut etdikdən sonra kitabın ikinci hissəsi işıq üzü görə bilmir, şair bir müddət işsiz qalır. 1921-ci ilin əvvəllərində Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadənin dəvəti ilə gizli nəşr edilən “İstiqlal” qəzetində çalışır. Ə.R.Dai qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə milli ruhda yazılan, sovet istilasını tənqid edən bəyannamələrin yığıcısı olur.
   Şair 1923-cü ildə “Gənc işçi” qəzetinin məsul katibi vəzifəsinə irəli çəkilir. Həmin ilin avqust ayında S.S.Axundov, H.Cavid, S.Hüseyn, M.Sidqi, M.S.Ordubadi, S.Mümtaz və başqalarının iştirakı ilə yaradılan “Türk ədib, şair və ədəbiyyat həvəskarları” cəmiyyətinin katibi seçilir. Onun xalq ədəbiyyatına dair tədqiqat xarakterli məqalələri (“El şairi Aşıq Cavad”, “El şairəsi Ağa Sənəm”, “El şairi Xələf”, “Bakı tarixində el şairləri” və s.) “Kommunist”, “Gənc işçi”, “Yeni yol” qəzetlərində, “Maarif və mədəniyyət” jurnalında dərc olunur. “İki məktəbli” mənzum pyesi tamaşaya qoyulur. 
   Ədəbiyyatşünas, professor Asif Rüstəmli araşdırmasında yazır ki, 1923-cü ildə vətənpərvər, hürriyyətçi, istiqlal fədailərinin fəal bir qrupu həbs olunur. “İstiqlal” qəzetinin və bəzi məxfi kitabçaların çap olunduğu mətbəə aşkar edilir. İstintaqa ifadəsində Ə.R.Dai təsdiqləyir ki, mətbəə müdiri Ə.H.Babayevin dəvəti ilə Qurban Musazadənin evində gizli “Müsavat” təşkilatının üzvü olub. “İstiqlal” qəzetinin antisovet intibahnamələrinin çapında fəal iştirak edib. 
   Şair 1924-cü ildə Ağ dənizdə yerləşən Solovetski həbs düşərgəsinə sürgün edilir. 13 illik məhbəs həyatı yaşayır, 1937-ci ildə, 39 yaşında orada dünyasını dəyişir.
   
   Savalan Fərəcov