“Sahə“ filmi rejissor İlqar Safatın ilk ekran əsəri deyil. Bundan əvvəl mən onun “Pəri Qala“ filminə baxmışam. Elə o vaxtdan hiss etmişəm ki, bu rejissoru həyatın başlanğıcı, insanın keçmişi , keçmişi ilə bağlı işıqlı və yaxud dumanlı, bəzən də ikrah hissi doğuran məqamlar psixoloji baxımdan çox maraqlandırır və narahat edir.
   
   “Sahə“yə baxdıqda görürsən ki, filmin əsas qəhrəmanlarından biri olan Qəribin başına gələn əhvalat onun keçmişi ilə gələcəyi arasında baş verir. Əslinə baxanda, insan hər an keçmişlə gələcək arasındadır. Bu, bir saniyə, bir an və yaxud əbədi də davam edə bilər. Çünki fikrin sürəti bütün sürətlərdən, hətta işığın sürətindən də üstündür! Bəzən insanın bir an içində düşündüklərini, fikrindən keçirdiklərini sözə çevirəndə, yaxud ekrana köçürəndə, həmən o bir an - saat yarıma, üç saata, ola da bilsin ki, əbədiyyatə çevrilə bilər. İnsan təfəkkürü, düşüncəsi zaman, məkan anlayışlarının çərçivəsindən kənardadır. Və bu zaman, məkanla bağlı nələrsə mütləq arxetiplərə söykənir.
   İlqar Safatın qəhrəmanları bütün film boyu arxetiplərlə birgə mizandadır. Onların daxilindəki proseslər müəyyən obyektiv və subyektiv səbəblərdən yaranan komplekslərlə yanaşı baş verir. Uşaqlıqdan bəri qəhrəmanın içində ziddiyyət yaradan, gizli qalan komplekslər. Bunu rejissor çox incə surətdə açıqlamağa cəhd edib. Xüsusilə Qəribin yeniyetmə çağları ilə bağlı olan epizodlarda. Onun sahəyə düşməsi və burada Naməlum Şəxslə görüşməsi, nə vaxtsa öz əlləri ilə yandırdığı gündəliyinə rast gəlməsi mistik görünsə belə, həqiqətin özü qədər tükürpədicidir . Bu ovqatı yaradan təbii ki, Vaqif İbrahimoğlunun böyük ustalıqla oynadığı şeytan xislətli qəhrəman yaradır. Onun səsi, danışıq tərzi, plastikası yaratdığı personajı yer ilə göy arasında mövcud olan laməkan bir məxluqa çevirir.
   Yaddaş və onunla bağlı müxtəlif xarakterli fəsadlar. Filmin kökündə duran problemlərdən biri də budur. Söz yaddaşı, göz yaddaşı, qulaq yaddaşı, bədənin yaddaşı, təbiətin yaddaşı (xüsusilə Qobustan qayaları ilə bağlı səhnələr) və nəhayət tarixin yaddaşı. Bu ekran əsərində sadalanan mövzuların hamısına toxunulub. Filmdəki nostolji hisslərini yaradan fotoşəkillərlə bağlı epizodlar da məhz yaddaş və gözəlliyin vəhdətindən xəbər verir. Qəribin düşdüyü sahə sanki bir bərzəxdir, gündəliyi isə imtahana çəkilən əməl dəftəridir. Belə məqamda bir məsələ insanı dərindən düşündürür. Necə ki fotoqraf adlanan şəxs öz hədəfinin təsvirini donduraraq onu əbədiyyətə qovuşdurur, eləcə də bütün aləmlərdə mövcud olan hər hansı bir zərrə belə Tanrının nəzərindən yayınmır və günlərin bir günü bəşər övladını da gözləri önündə təkrarsız tale tablosunun canlanması gözləyir. O zaman nələr baş verə bilər?! Bu sınaq məqamı bizim hər birimiz üçün bir gün var. Sadəcə Qəribin bəxti onda gətirib ki , o , bu imtahandan həyatda yaşarkən keçir və salamat çıxır. Buna qədərki əzablardan qurtula bilir. Bu kinodur kinoda bu, mümkündür. Görəsən, həyatda necə?..
   
   Mənzər Məhəmmədrəsulqızı,
   kinoşünas