Aprelin 5-də paytaxtdakı Daş Salnamə Muzeyində start verilən IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti mərasimi bölgələrdə davam edir.
“Xəzərdən başlayan su səyahəti”nin ilk dayanacağı Naxçıvan torpağı olub. Sonra estafeti Azərbaycanın cənubunda, Xəzər sahilindəki Astara rayonu qəbul edib. Aprelin 9-da bu münasibətlə tədbirlər keçirilib.
Xəzər sahilindəki Astara rayonu həm də Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun üstündə "Yanar bulaq"la da məşhurdur. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində yüksək həcmdə metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda sudan ayrılan qaz məşəl kimi alovlanır. Yerli əhəmiyyətli tarixi abidə kimi qorunan "Yanar bulaq" xarici qonaqların və turistlərin də marağını çəkir.
“Yanar bulaq”dan su götürülməsi ilə başlanan mərasim sonra Astara Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri ilə davam edib.
Axşam saatlarında isə Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində “su festivalı” keçirilib.
Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq.
Sonra su səhəngini daşıyan astaralı idmançılar səhnəyə dəvət olunublar. Mərasimi izləyənlər “Mirvari” rəqs qrupunun, “Əvəsor” folklor kollektivinin və Rövşən Cabbarovun ifalarından zövq alıblar.
“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı Şirvan şəhəri olub. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq.