Aprelin 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə adıçəkilən qalereyada “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı layihənin sərgisi açılıb. 
   Açılış mərasimində qalereyanın direktoru, professor Röya Tağıyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva birgə layihənin əhəmiyyətindən, sərginin mahiyyətindən bəhs ediblər.
   Bildirilib ki, gəlinciklər tarix boyu həyatımızın və məişətimizin ayrılmaz hissəsinə çevrilib və bu gün də bizi müşayiət edirlər. Yağışı, günəşi çağıran “Kudul”, xeyir-bərəkət, uğur gətirən “Çömçəxatun”, ayin gəlincikləri, “İnci”, “Sarı gəlin”, “Şahzadə”, “Mələk” və s. gəlinciklərdə Azərbaycan qadınının əzəməti, zəngin geyimi və gözəl zövqü təcəssüm etdirilir.
   Sərgidə Aybəniz Yusubova və Gülbəniz Qəmbərova bacılarının “Xurşudbanu Natəvan”, “Xalçaçı qız”, “Muğam”, “Şərq gözəli”, Elçin Hami Axundovun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ağca və yeddi cırtdan”, “Novruz” silsiləsi, Sənubər Səmədova və Nigar Babayevanın “Ənənə və müasirlik” kolleksiyası, kuklaçı-rəssam Fərəh Əliyevanın modern üslubunda hazırladığı “Edem”, “Meşə ilahəsi”, “Qız qalası” kompozisiyası, “Sarı gəlin”, “Nar-qız”, “Şərq yuxuları”, “Tıq-tıq xanım”, “Cənnət mələyi”, “Nar budağı”, “Qəhvə ətirli qadın”, “Balıqçı qız”, “Tanışlıq” və s. gəlincikləri nümayiş olunub. Professor Sabirə Dünyamalıyevanın milli geyimlərdən ibarət kolleksiyası isə sərgiyə xüsusi zəriflik və gözəllik gətirib.
   Fuad Cəbrayılov və Ruslan Hüseynovun on ildən artıq tədqiq etdikləri XVIII-XIX əsrə aid Azərbaycan milli geyimləri, tikmə nümunələri, baş örtükləri və parçalardan ibarət kolleksiya da burada sərgilənir.
   Proqram-sərgi çərçivəsində aprelin 15-də Aybəniz Yusubovanın “Güllərin sehri”, Nigar Babayevanın “Milli gəlinciklərin hazırlanma texnikası”, aprelin 18-20-də Fərəh Əliyevanın “Gəlinciklərin yaranma tarixi”, ayın 19-da Nəzakət Əhmədovanın “Geyimlərin modelləşdirilməsi”, aprelin 21-də Elçin Axundovun “Kağızdan qəhrəmanları özün düzəlt” adlı ustad dərsləri keçiriləcək.
   Layihənin rəhbəri ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanovadır. 
   
   S.Qaliboğlu