23 yaşında intihar etməli olmuş türk dünyası məşhurlarından - çuvaş şairi Mişşi Sespel
Sözügedən məşhurların həyat və yaradıcılıqlarına göz gəzdirirkən, diqqətimi daha çox, əcnəbi ədəbiyyat və siyasətşünasların “poetik alov”, “ağsaqqal uşaq”, “dahilikdən dayandırılmış” kimi epitetlərlə dəyərləndirdikləri, məndəsə “aldanmış kəvakib” təəssüratı oyadan bu zavallı bolşevik cəlb etdi...
Bəli, iyirmi üç yaşında...
Sənətcə - böyük bəstəkar Asəf Zeynallımız yaşında, aldanışca - dahi ictimai-siyasi şəxsiyyət Nəriman Nərimanovumuz namında, qürurca - azman filosof Heydər Hüseynovumuz timsalında...
Öz araşdırıcılarımız yazırlar ki, rus ədəbiyyatı tarixçiləri Mişşi Sespeli “kilsədə dəyişdirilmiş adı” ilə - Mixail Kuzmiç Kuzmin kimi tez-tez yad edir, ədəbi oçerk və tədbirlərdə onun da adını böyük rus şairi, ictimai-siyasi düşünəri kimi ağırlayıb-uğurlayırlar. Lakin o ədəbi-siyasi “tost”larda nəinki “kökən”, “türk” adı çəkən, hətta, bu nəhəng qövmün qıpqısa “çuvaş” qolunu da xatırladan olmur. Elə 15-16 yaşlarından qeyri-adi fitri istedadı, “yenilikçi poeziyası”, çılğın inqilabçılığı ilə seçilən və “bütün ətrafını da yoluxduran” bu “alovlu bolşevik gənc”i az sonra intihara sövq edən səbəblərdən ən başlıcası da məhz, özəklərində oluban çarpışdığı həmin təşkilatın milli heysiyyətlərə toxunmaları olub.
Tarixi-siyasi maraqlar...
Əsilləri türk soyundan gələn, lakin babaları XVIII yüzildə bölgəni işğal edən Rusiya tərəfindən zorla xristianlaşdırılan çuvaşlar imperiyanın bir sıra etnik qruplarından (məsələn, qaqauzlardan) fərqli olaraq, soyadlarını qoruyub saxlaya bilməmiş və bu mənəvi zorakılıq həmin xalqlarda digər assimilyativ elementlərlə bahəm, ikiadlılığa da səbəb olmuşdur; biri sənədlərdə yazılan ad-soyadlar, digəri şifahi - ev-eşik və xalq arasında çağırılan...
Yetmiş il rusların daha çox “böyük inqilabçı” kimi tanıyıb-tanıtdığı “Mixail Kuzmiç Kuzmin”insə bu sarıdan bəxti gətirib. Belə ki, öz bənzərsiz sənət nümunələri onu dünyanın hər yerinə, əsasən, “görkəmli çuvaş şairi Mişşi Sespel” kimi tanıdıb.
1899-cu ildə Kazan quberniyasının Kazakkası kəndində kasıb bir ailədə doğulan, 11 yaşındaykən atasının həbs edilərək Sibirə göndərilməsindən bərk sarsıntı keçirən Mişşi, məşəqqətli bir kasıblıqla üzləşsə də, təhsilini yarıda buraxmır, kilsə məktəbini əla qiymətlərlə bitirdikdən sonra dövlət məktəbinə davam edir, “öz üzərində “qəddarlıqla” çalışır və şagird yoldaşlarından birinin xatirələrinə belə düşür: “Bizim məktəb kitabxanasında onun oxumadığı kitab qalmamışdı”.
Təhsil illərində rus dili və ədəbiyyatı dərslərinə daha çox maraq göstərən Mixail (Mişşi) müəllimlərinin təşəbbüsüylə “Zvezdoçka” adlı “əlyazma jurnalı” hazırlayır və tezliklə “ən azyaşlı redaktor” kimi məşhurlaşır. 1917-ci ildə yazdığı “Yenə də məktəbdə” adlı ilk şeirini də - “bir məktəb oxucu”ya elə bu jurnalda təqdim edir.
1905-ci ildən həftədə bir dəfə çap olunan (iki ildən sonra qapadılan) “Hıpar” (“Xəbər”) qəzetini və təkəmseyrək nəşr edilən kitabları oxuya-oxuya çuvaş yazısını da öyrənən Mixailin şeir dili mövcud dövriyyədə olanlardan ifadə-üslub zənginliyilə seçilir və o, milli-mənəvi səsi boğulmuş çuvaş xalqının irfan bayraqdarı kimi tanınmağa başlayır. Lakin I Dünya müharibəsinin daha da dərinləşdirdiyi ölkədaxili qarışıqlıqdan sonra yaranan Kerenskinin “Müvəqqəti hökumət”i çuvaşdilli qəzet və kitabların çapına (hətta oxunmasına) qadağa qoyur. Bunun ardınca, bolşeviklərin “kəndlilərə torpaq, əsarətdəki xalqlara azadlıq, əmin-aman-firavan gələcək, kommunizm” şüarlı şirin vədləri gənc Mixail Kuzmiçi də hayıl-mayıl edir. O, Simbirsk şəhərindəki Müəllimlər seminariyasında oxuyarkən tələbə dostu Pavel Bekşanski ilə bolşeviklərin qəza mərkəzi qərargahına gedərək onlarla əməkdaşlıq etmək istədiklərini bildirir və çılğın xasiyyəti, bəlağətli söhbətləri, çağırış ruhlu şeirlərilə seçilən Mixail orada yaradılan inqilabi təşkilata rəhbər təyin edilir. Bolşeviklərin öz ideyalarını yaymaqçün çuvaş dilində “Kommunizm yalovyo” (“Kommunizm bayrağı”), “Kanaş”, “Sovetskaya Çuvaşiya” kimi qəzet-jurnallar nəşr etməsindən daha da ruhlanan şair-politik (75 min çuvaş gəncin səfərbər edilməsinə yardımçı olaraq) bolşevik gənclərin əsgəri birlikləri sıralarında ağqvardiyaçılara qarşı ölüm-dirim savaşında da fəal iştirak edir. “Azadlıq”, “bərabərlik” vədlərindən sərməst olmuş Mixail bundan sonrakı şeir və məqalələrini Mişşi Sespel imzasıyla çap etdirir. Yavaş-yavaş milli hisslərinin də oyanmasına baxmayaraq, qəza Partiya komitəsi 1919-cu ildə onu Moskvaya - rəhbər partiya işçisi hazırlayan kursa oxumağa göndərir. V.İ.Lenini öz gözlərilə görməsi 20 yaşlı gənc şairdə çox güclü təəssürat oyadır və daha çılğın bir inqilabiliklə şeirlər yazmağa başlayır. Tezliklə onu Rusiya Kommunist Gənclər İttifaqı Qəza komitəsi katibinə müavin seçirlər. Lakin onu nə qədər siyasiləşdirməyə çalışsalar da, bədii yaradıcılığa fasilə vermir. Lap yaxınlıqdakı intihardan xəbərsiz şair hələ milli ruhlu (“Çuvaş... Çuvaş!”, “Çuvaş dili”, “Uzaqdan axşam gəlincə” və s.) şeirlər yazırdı:
Sən inan, bunu yazan yer altında yatacaq,
Üzərindəki torpaq onu yetim kimi basdıracaq.
Sənin şöhrətini görmək üçün qalxa bilməyəcək,
Yer üstündə çuvaş dili şöhrətli olacaq.
Torpağında səslənəcək azadlıq nəğməsi,
Sonra ölülər rahat uyuyacaq.
Rahat və xəfif olacaq üstündəki torpaq!..
1920-ci ilin iyununda Çuvaşiya Muxtar Vilayətinin yaradılması Mişşi Sespelin və onun kimi gənclərin böyük sevincinə səbəb olur və onlar bolşeviklərin növbəti şüarlarının həyata keçməsi üçün bütün çətinliklərə sinə gərirlər. Bu inamdan gələcəkdə ustalıqla yararlanası bolşeviklər 21 yaşlı M.Sespeli (şairi!) hərbi tribunala sədr təyin edir, 1920-ci ilin noyabrında Kazan Vilayət Xalq Deputatları Sovetinə seçirlər.
Bütün bu “siyasi bəxşişlər”dən ruhlanan Mişşi bolşeviklərə qarşı çıxan hər kəsi “böyük vətəninin xaini” hesab etməkdən də irəli gedərək, onlarla döyüşə atılır. “Uzaqdan axşam gəlincə” şeirində isə ürəyi atılır:
Əski yüzillərin kölgəsi arasında,
Çuvaş ölkəsi görünür,
Mənim ölkəm qızıl qanlı xaç önündə
Asılı, bağlı durur.
Kömürlənmiş əzablı çuvaş ürəyindən,
Qan damır, qan damır, qızıl qan.
Çuvaşın başında qapqara soyuq gün
Fıştırıq çalaraq hər tərəfdən...
Və... tezliklə Çuvaşiyaya da qədəm qoyan Çar Rusiyası müstəmləkəçiliyinin “sovetlər” cildli davamı... Böyük bolşevik inamlı Mişşi Sespelin vətənsevər, cəsur çuvaş övladlarının məhvinə dözməzliyi. “Bu haqsızlığı durdurun!” deyər-deməz, həbsə alınması. Xəstəliyini müalicə üçün getdiyi cənnətmisal Krımda inqilab xarabazarlığı ilə üzləşməsi. Milli azadlıq hərəkatı fəallarından Midat Refatov, Xasan Urmanov, Reşit Asanov, Useyin Sakayev, Abdulla Baliçiyev və başqalarının güllələnmə xəbərləri. Cəmiyyətdəki yeni özbaşınalıqlar, sözlə əməlin ziddiyyəti, bolşevik zorakılıqlarına qanun donu geydirilməsi...
Və...
1922-ci il iyunun 15-də bu gözəl şairin öz cavan canına qıymaqla, qurucularından biri olduğu quruluşa üsyan etməsi!
O intihar və dəfn yeri indiki Ukraynanın Çerniqov vilayətindəki Staraqorodka kəndi.
O kənddəki parkda şairin qəbirüstü abidəsi...
Tahir Abbaslı