Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivalda iştirak edəcək. Rusiyanın İvanovo vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” klassik rus dramaturgiyası III Beynəlxalq teatr festivalında Gənc Tamaşaçılar Teatrı Nikolay Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə təmsil olunacaq.
   Teatrdan bildirilib ki, aprelin 17-dən 25-dək davam edəcək festivalda rus klassiklərindən N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər yazıçıların əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunacaq.
   * * *
   C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da beynəlxalq teatr festivalına hazırlaşır. Kollektiv TÜRKSOY və Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə aprelin 18-dən 21-dək Türkistan şəhərində türk dünyası teatrlarının iştirak edəcəyi “Teatr baharı- 2017” teatr festivalına qatılacaq. 
   Teatr festivalda Xaqani Əliyevin quruluşunda hazırlanan “Molla Nəsrəddin evlənir...” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır.
   Molla Nəsrəddin lətifələrinin motivləri əsasında səhnələşdirilən tamaşada rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Əhliman Ərşadlı, Zülfiyyə Eldarqızı, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Rövşən Cəfərov, Tural Tahir və Emin Sevdiməliyev ifa edəcək.
   * * *
   Azərbaycan Dövlət Musiqili Teatrı isə Türkiyənin Bayburt şəhərinə - 23-cü Dədə Qorqud Beynəlxalq mədəniyyət və sənət festivalına dəvət alıb. Türkdilli ölkələrin incəsənət xadimlərinin qatıldığı ənənəvi festival bu il 14-16 iyul tarixində baş tutacaq. 
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, Dədə Qorqudun adını daşıyan festivalın əsası 1995-ci ildə qoyulub. O vaxtdan bəri bu mədəniyyət və sənət bayramı Bayburt Bələdiyyəsinin təşkilatçılığı ilə hər il keçirilir: “Bu il 23-cü dəfə düzənlənəcək festivalda bizim teatrın balet truppası ikinci dəfə iştirak edəcək. Teatrımız 2008-ci ildə bu festivalda ölkəmizi uğurla təmsil edib. Yenidən balet truppamızın bu festivala dəvət olunması bizdə sevinc hissi doğurur. Festival çərçivəsində müxtəlif tədbirlər - sərgilər, ustad dərsləri, məşhur dramaturqlarla, şairlərlə görüşlər, konfranslar, şeir gecələri keçirilir. İnanıram ki, bu dəfə də ölkəmizi layiqincə təmsil edəcəyik”.
   
   L.Azəri